Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Elmar Vəliyev işinə görə həbslər və cərimələr


Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə “qeyri-qanuni çağırışlar” etdiyinə görə bir qrup şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumatda belə deyilir. Onlar paytaxt Bakı da daxil ölkənin müxtəlif bölgələrində yaşayan sosial şəbəkə istifadəçiləridir.

10 nəfər barəsində 30 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bunlar Rabil Qurbanov, Yaşar Ferazi, Elxan Əliyev, Aqil Mehdiyev, Əli Rəhimovi, Rəşad Camalov, Elsevən Şıxəliyev, İlqar Quliyev, Əfqan Sadıqov, Rüfət Əliyevdir.

İlknur Şirinov 25 gün, Sədi Kərimov 20 gün, Babək Hüseynli və Afiq Həşimov 10 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Rza Səfərsoy və Səbuhu Qasımov barəsində isə cinayət işi qaldırılıb, axtarış aparılır.

Mahir Balayevinsə “qanunsuz çağırış” etdikdən bir gün sonra başqa cinayət hadisəsi törətdiyi üçün artıq həbs olunduğu deyilir.

Eyni zamanda, Bəhrəm Həsənov, Orxan Rəhimov inzibati qaydada cərimələniblər.

Səməd Bayramlıya isə xəbərdarlıq edilib.

XATIRLATMA

İyulun 3-də Mingəçevirdə İstilik Elektrik Stansiyasında qəza baş verib, ölkə təxminən 24 saat elektriksiz qalıb.

“Azərenerji” ASC qəzanın havaların həddən artıq isti keçməsi, elektrik enerjisinə tələbatın 40 faiz artmaıs ilə izah edib.

Ancaq dövlət başçısı hadisəylə bağlı yaradılmış xüsusi dövlət komissiyasının iclasında bildirib ki, bu, qəzanın səbəbi ola bilməz. O daha isti ölkələrdə belə qəzaların baş vermədiyini, bütün ölkənin enerji sisteminin çökmədiyini bildirib.

Ayrı-ayrı ekspertlər, vətəndaşlar qəzanın məsuliyyətsizlik, səhlənkarlıq və korrupsiya nəticəsində baş verdiyini bildirirlər. Bəziləri dövlət başçısının “Azərenerji” rəhbərini cəzalandırmalı olduğunu düşünsə də, bəziləri bütünlükdə idarəetmənin dəyişməli olduğunu bildirirlər.

Bu hadisə sosial mediada və KİV-lərdə hakimiyyətin tənqidləri ilə müşaiyət olunub.

Ötən həftə həmçinin Gəncənin ictra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Onun yaralı olduğu bildirilir. Bu hadisə zamanı bir polis əməkdaşı da yaralanıb.

Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Yunis Səfərov özü yerli telekanallara açıqlamasında sui-qəsdi törətdiyini etiraf edib. Ancaq terror aktı hazırlaması barədə heç nə deməyib.

Onun həbsindən sonra xəsarət aldığı görünən, yerə yıxılmış halda fotosu yayılıb. Səfərovun işgəncəyə məruz qaldığı deyilirdi. Amma açıqlamasında üzündəki xəsarəti polisə müqavimət göstərdiyi zamanı aldığını bildirib.

Bununla belə, Yunis Səfərovun bu açqılamanı basqı və işgəncə altında verdiyini düşünənlər də var.

Onun həbsindən sonra Gəncədə etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırışlar edilir. Bu bölgədən olan deputatlar, rəsmilər, aurı-ayrı şəxslər əhalini bu aksilara çıxmamağa çağırıblar.

Bəzi ekspertlər hakimiyyətin etiraz aksiyalarından narahat olduğu üçün kütləvi həbslər apardığını iddia edirlər.

XS
SM
MD
LG