Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

Elmar Vəliyevin güllələnməsi işi üzrə istintaq bitib


E.Vəliyev
E.Vəliyev

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin güllələnməsiylə bağlı istintaq yekunlaşıb. Bu barədə AzadlıqRadiosuna prokurorluqdakı mənbə məlumat verib.

İbtidai istintaqın üç gün öncə tamamlandığı, cinayət işinin materiallarının artıq tanışlıq üçün təqsirləndirilən şəxslər və onların vəkillərinə təqdim olunduğu bildirilir.

Bu işin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılıb. Təqsirləndirilən şəxslərə qəsdən adam öldürməyə cəhdlə yanaşı, quldurluq, terrorçuluq, cinayətkar birlik yaratma, qanunsuz silah saxlama, narkotik, dövlət xadiminin həyatına sui-qəsd, dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə cəhd, dövlət əleyhinə açıq çağırışlar etmə, dini nifrət və düşmənçiliyin salınması, sərhədi qanunsuz keçmə və sənədləri saxtalaşdırma ittihamları da verilib.

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

«Bu cinayət işi üzrə 12 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Onlara 30-dan artıq maddə ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs kimi cəlb olunanlar arasında hadisədən sonra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlarda ölən şəxslərin də adları var», – mənbə bildirib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinin vəkili də istintaqın başa çatmasıyla bağlı məlumatı AzadlıqRadiosuna təsdiqləyib: «Bizə istintaqın başa çatdığı elan olunub. Amma iş materialları ilə hələ tanış olmamışıq. İşin həcmi kifayət qədər böyükdür».

Tanışlıq mərhələsindən sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG