Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

E.Məmmədyarov Minsk qrupunun həmsədri ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Məlumata görə, onlar “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində bir araya gəliblər.

Tərəflərin bu yaxınlarda BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşündən (həmsədrlərlə birgə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub) sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə etdikləri bildirilir.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə gözlənilən səfəri üzrə də fikir mübadiləsi aparılıb.

“Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin bundan əvvəlki görüşü iyunda Belarusda keçirilmişdi.

Lüksemburqda gerçəkləşən bu toplantıda da proqram çərçivəsində əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyi bildirilir.

Xatırlatma

"Şərq Tərəfdaşlığı" proqramı Avropa İttifaqı ilə əməkdaşlıq formatıdır. Bu formatda Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna da təmsil olunur.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

2017-ci ildə isə Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla belə danışıqlar, hələki, davam edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG