'Elina işi'ndə hökm oxundu
Bu gün – oktyabrın 24-də 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümündə suçlanan keçmiş direktor Sevinc Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.
Bundan başqa, S.Abbasova Elinanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə kompensasiya ödəməlidir.
Hökmdən öncə məhkəmədə direktorun vəkili Sadiq Bağırov ittihamla razılaşmadıqlarını deyib. Vəkil zərərçəkmişin həm keçmiş direktor, həm də Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddiasına da etiraz edib: «Sevinc Abbasovanın əməlində cinayət tərkibi yoxdur. Ona verilən ittihamlar nə istintaqda sübut olundu, nə də məhkəmədə. Ona görə də Sevinc Abbasovaya bəraət verilməsini xahiş edirəm».
S.Abbasova özü də son sözündə bəraət istəyib. Deyib ki, 25 ilin müəllimidir, həm məktəbdə, həm də universitetdə dərs deyib: «Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində direktor təyin olunan 12 nəfərdən biri oldum. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləyiş olub. İşimə heç vaxt səhlənkar yanaşmamışam».
«Bizi beş ay aldatdılar»
Hökmdən sonra Elinanın yaxınları məhkəmə binasının önündə etirazlarını bildiriblər. Anası Sevil Hüseynova AzadlıqRadiosuna deyib ki, əgər prezidentin nəzarətində olan işə belə yanaşılırsa, «görün, indi başqa işlərdə adamların başına nə oyun açırlar»:
«Mənim uşağım qara torpağın altındadır, bu isə gedib rahat şəkildə öz uşaqlarıyla oturur, deyib-gülür. Budur ədalət? Belə ədaləti lənətə gəlsin. Haradadır dövlət? Belə çıxır ki, kasıbın uşağını əzmək, öldürmək olar və buna görə heç kimi də cəzalandırmayacaqlar. Mitinqə çıxanı, bir kəlmə söz deyəni tutub aparırlar, həbsdə saxlayırlar, uşaq ölüb, buna görə heç kimə heç nə eləmirlər. Heç olmasa, 2-3 il həbs verəydiniz ki, bəlkə mənim də içim bir az soyuyardı...».
Elinanın nənəsi Solmaz Hacıyeva bildirir ki, son ana qədər ümidləri var. Çünki məsələnin ölkə rəhbərliyinin nəzarətində olduğunu deyirdilər: «Ay prezident, sən işi nəzarətdə belə saxlayırsan? Saxlama, lazım deyil. İstintaq, məhkəmə nəyə lazım idi? Bizi beş ay niyə süründürdünüz? Bizi beş ay aldatdılar, axırda da belə elədilər».
Elinanın yaxınlarıyla yanaşı, ictimai fəallar da məhkəmənin qarşısında aksiya keçirərək, hökmə etiraz ediblər. Onlar «Elina üçün susma!» şüarıyla etirazlarını ifadə ediblər.
«Nida» Vətəndaş Hərəkatı da etiraz bəyanatını səsləndirib. Bəyanatda vurğulanıb ki, bu iş əvvəldən obyektiv araşdırılmadı: «Direktor qədər məsuliyyət daşıyan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb olunmadı... Bu hökm ölkədə onsuz da çürümüş təhsil sistemi üçün ölüm hökmüdür. Bu, həm də Azərbaycanda məhkəmələrin ədalət yox, ədalətsizlik sistemi olmasının, yüksəkvəzifəli bürokratların sifarişiylə işləməsinin sübutudur. Bu hökm dövlətin uşaqları, onların haqlarını qorumamasının göstəricisidir».
Elinanın ailəsinin vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.
«Çox ədalətsiz, deyərdim ki, hətta vicdansız hökmdür», – vəkil Emin İsayev belə deyib.