Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:08

'Elina işi'. Yeniyetmənin ölümü necə araşdırılır (Xronologiya)

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

17:09 24.10.2019
Bir intiharın tarixçəsi: Prezidentin 'Elina işi'ni nəzarətə götürməsi və məhkəmənin hökmü
Gözlə

No media source currently available

0:00 0:08:39 0:00


«Bizi beş ay aldatdılar»

Hökmdən sonra Elinanın yaxınları məhkəmə binasının önündə etirazlarını bildiriblər. Anası Sevil Hüseynova AzadlıqRadiosuna deyib ki, əgər prezidentin nəzarətində olan işə belə yanaşılırsa, «görün, indi başqa işlərdə adamların başına nə oyun açırlar»:

«Mənim uşağım qara torpağın altındadır, bu isə gedib rahat şəkildə öz uşaqlarıyla oturur, deyib-gülür. Budur ədalət? Belə ədaləti lənətə gəlsin. Haradadır dövlət? Belə çıxır ki, kasıbın uşağını əzmək, öldürmək olar və buna görə heç kimi də cəzalandırmayacaqlar. Mitinqə çıxanı, bir kəlmə söz deyəni tutub aparırlar, həbsdə saxlayırlar, uşaq ölüb, buna görə heç kimə heç nə eləmirlər. Heç olmasa, 2-3 il həbs verəydiniz ki, bəlkə mənim də içim bir az soyuyardı...».

Elinanın nənəsi Solmaz Hacıyeva bildirir ki, son ana qədər ümidləri var. Çünki məsələnin ölkə rəhbərliyinin nəzarətində olduğunu deyirdilər: «Ay prezident, sən işi nəzarətdə belə saxlayırsan? Saxlama, lazım deyil. İstintaq, məhkəmə nəyə lazım idi? Bizi beş ay niyə süründürdünüz? Bizi beş ay aldatdılar, axırda da belə elədilər».

Elinanın yaxınlarıyla yanaşı, ictimai fəallar da məhkəmənin qarşısında aksiya keçirərək, hökmə etiraz ediblər. Onlar «Elina üçün susma!» şüarıyla etirazlarını ifadə ediblər.

«Nida» Vətəndaş Hərəkatı da etiraz bəyanatını səsləndirib. Bəyanatda vurğulanıb ki, bu iş əvvəldən obyektiv araşdırılmadı: «Direktor qədər məsuliyyət daşıyan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb olunmadı... Bu hökm ölkədə onsuz da çürümüş təhsil sistemi üçün ölüm hökmüdür. Bu, həm də Azərbaycanda məhkəmələrin ədalət yox, ədalətsizlik sistemi olmasının, yüksəkvəzifəli bürokratların sifarişiylə işləməsinin sübutudur. Bu hökm dövlətin uşaqları, onların haqlarını qorumamasının göstəricisidir».

Elinanın ailəsinin vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

«Çox ədalətsiz, deyərdim ki, hətta vicdansız hökmdür», – vəkil Emin İsayev belə deyib.

12:20 24.10.2019
Məhkəmə önü
Məhkəmə önü


'Elina işi'ndə hökm oxundu

Bu gün – oktyabrın 24-də 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümündə suçlanan keçmiş direktor Sevinc Abbasovaya 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bundan başqa, S.Abbasova Elinanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə kompensasiya ödəməlidir.

Hökmdən öncə məhkəmədə direktorun vəkili Sadiq Bağırov ittihamla razılaşmadıqlarını deyib. Vəkil zərərçəkmişin həm keçmiş direktor, həm də Təhsil Nazirliyinə qarşı 100 min manatlıq mülki iddiasına da etiraz edib: «Sevinc Abbasovanın əməlində cinayət tərkibi yoxdur. Ona verilən ittihamlar nə istintaqda sübut olundu, nə də məhkəmədə. Ona görə də Sevinc Abbasovaya bəraət verilməsini xahiş edirəm».

S.Abbasova özü də son sözündə bəraət istəyib. Deyib ki, 25 ilin müəllimidir, həm məktəbdə, həm də universitetdə dərs deyib: «Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində direktor təyin olunan 12 nəfərdən biri oldum. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləyiş olub. İşimə heç vaxt səhlənkar yanaşmamışam».

14:31 18.10.2019
Məhkəmə. Foto arxiv
Məhkəmə. Foto arxiv


Elinanın anası məktəb direktorunun ona pul təklif etdiyini deyir

162 saylı orta məktəbdə intihar etmiş Elina Hacıyevanın anasına məktəbin keçmiş direktoru Sevinc Abbasova böyük məbləğdə pul təklif edib. Bu barədə Elinanın ailəsinin vəkili Sevinc Əliyeva oktyabrın 18-də məhkəmədə bildirib. Vəkilin sözlərinə görə, Sevil Hüseynova kasıb, ağır şərtlər altında yaşamasına baxmayaraq, təklifi qəbul etməyib.

Məhkəmədə iştirak edən sabiq direktor və vəkili bu məsələyə münasibət bildirməyib.

Məhkəmədə zərərçəkmiş S.Hüseynova və vəkilləri çıxış ediblər. Onlar prokurorun keçmiş direktora 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəməsinə etiraz ediblər.

«Belə çıxır ki, bu uşaq kasıb idi, qüvvəli adamı yox idi deyə, ona hər şey eləmək olardı? Elinanın əvəzinə pullu, güclü valideynin uşağı olsaydı, məktəbdə ona qarşı elə rəftara görə dərhal tədbir görülərdi. Mənim uşağımı məktəbdə aşağılayırdılar, incidirdilər, direktora da bu barədə məlumat verilmişdi. Ümid edirdik ki, tədbir görər, amma heç nə eləmədi. Mən artıq digər kiçik övladlarımı məktəbə göndərməyə qorxuram», – S.Hüseynova belə deyib.

Anasının sözlərinə görə, Elinaya peyvənd vurmaq olmazdı, allergiyası vardı, bunu onun tibbi kartında da yazmışdılar. Direktora da məlumat verilmişdi. Ancaq məktəbdə deyiblər ki, peyvənd vurulmayan qovulacaq: «Məcburən Elinaya peyvənd vurdular. Nəticədə qolu şişdi. Bundan sonra uşaqlar Elinaya «vərəm» deyib, ələ salırdılar».

S.Hüseynova məktəbin keçmiş direktoruna ağır cəza verilməsini istəyib. Vəkillərinin də tələbi eyni olub.

«Məhkəmə sinifdə qalmasın»

Azər Nağıyev deyir ki, Elina olayı ölkədə həm təhsilin, həm səhiyyənin, həm prokurorluğun durumunun yoxlanması - test idi: «Təhsil Nazirliyi də, Səhiyyə Nazirliyi də, prokurorluq da bu imtahandan keçmədi, sinifdə qaldı. İstəməzdik ki, məhkəmə də sinifdə qalsın. Məhkəmə millətin vicdanıdır. Heç bir günahkar cəzasız qalmasın ki, başqalarına da dərs olsun».

A.Nağıyev həkimlərin də barəsində xüsusi qərar çıxarılmasını istəyib.

Vəkil Emin İsayev deyir ki, nə istintaqda onları dinləyən tapıldı, nə də məhkəmədə. Qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb: «İnsanların istədiyi ədalətin bərqərar olmasıdır. Onu təmin edə biləcək yeganə şəxs Sizsiniz, cənab hakim! Əgər bunu etməyəcəksinizsə, daha heç bir sözümüz yoxdur».

Təhsil Nazirliyinin nümayəndəsi Elmar Kərimov zərərçəkmişin qaldırdığı 100 min manatlıq mülki iddiaya etiraz edib. Zərərçəkmiş tərəf o məbləğin təqsirləndirilən direktor və Təhsil Nazirliyindən birgə qaydada tutulmasını istəyir. Amma nazirliyin nümayəndəsi bildirir ki, təmsil etdiyi qurumun bu olayda günahı yoxdur: «Biz mülki iddianın əsaslı olub-olmamasını mübahisələndirmirik. Sadəcə, Təhsil Nazirliyinə aidiyyəti olmadığını deyirik».

Məhkəmə oktyabrın 24-də təqsirləndirilən Sevinc Abbasovanın vəkilinin çıxışı və özünün son sözüylə davam edəcək. Ardınca da hökm elan olunacaq.

17:23 17.10.2019
S.Hüseynova
S.Hüseynova


Elina Hacıyevanın anası prezidentə müraciət edib

162 saylı məktəbdə intihara cəhddən sonra xəstəxanada vəfat etmiş Elina Hacıyevanın anası Sevil Hüseynova prezident İlham Əliyevdən kömək istəyir. Oktyabrın 17-də məktubla dövlət başçısına üz tutan S.Hüseynova qızının ölümünə görə günahkar saydığı şəxslərin cəzalanmamasından gileylənir. O, özəlliklə həkimlərin məsuliyyətdən kənarda qalması, məktəbin direktoru Sevinc Abbasovaya prokurorun 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası istəməsindən narazılığını bildirir.

«Daha ağır nə baş verməli idi ki, uşağımı 2 saat otağında inildətdirən qadın layiqli cəzasını alsın?! Mən ilk dəfə övladım keçinəndə, indi isə məhkəmədə özümü aciz hiss edirəm. Niyə görə dövlət ittihamını təmsil edən orqan mənim hüquqlarımı qorumaq əvəzinə, verdiyim bütün vəsatətlərə qarşı çıxır?! Niyə prokurorluq bu qadının layiqli cəza almasını istəmir?!», - S.Hüseynova prezidentə məktubunda yazır.

O vurğulayır ki, Elina məktəbdəki qısnamalara dözməyərək intihar edib. Qızının xəstəxanaya gec çatdırılması üzündən vəfat etdiyini bildirən ana dövlət başçısından bu məsələyə həssas yanaşılmasını xahiş edir: «Heç bir həkim məsuliyyətə cəlb edilməyib. Təhsil Nazirliyi uzun müddətdir qanunları çeynəyən bir adamı vəzifədə saxladığı halda, nəinki öz məsuliyyətini anlamır, hətta proseslərə vəkil göndərərək, bu işə görə heç bir məsuliyyət daşımadığını bəyan edir. Məsuliyyətə cəlb olunan bircə nəfər sabiq direktordur ki, ona da real və ədalətli cəza verilmir. Ana fəryadına biganə qalmayın!».

Elinanın ölümünə görə cinayət məsuliyyətinə cəlb olunan Sevinc Abbasova isə özünü təqsirli bilmir. O, ittihamların məhkəmədə sübuta yetirilməsi barədə prokurorun dedikləriylə də razılaşmır: «Heç nə sübuta yetirilməyib. Ümumiyyətlə, istintaq düzgün istiqamətdə aparılmayıb».

Davamı

XS
SM
MD
LG