Keçid linkləri

2026, 05 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 13:16

Əlillərin sayı 5 ildə 116 mindən çox azalıb — 'Doğrudanmı o insanlar əlil deyillər?'

Əlil pensiyası ilə dolanmaq: "Pensiyanın iyi gəldi ki qalxır, qiymətlər də qalxdı"
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

Əlil pensiyası ilə dolanmaq: "Pensiyanın iyi gəldi ki qalxır, qiymətlər də qalxdı" (ARXİV. 2022)

Bu ilin sonunadək Ali Məhkəmədə əlilliyin təyinatından verilən şikayətlərə qarşı dövlət agentliyini təmsil etmək üçün büdcədən 130 mindən çox pul ayrılıb. Söhbət vətəndaşların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qaldırdığı iddialardan gedir.

AzadlıqRadiosunun araşdırması üzə çıxarıb ki, dövlət orqanlarının fəaliyyəti ilə bağlı baxılan inzibati işlərin böyük bir hissəsi məhz əlillik təyinatı ilə əlaqədardır. Sözügedən agentlik isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir, əsas işi əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyasının təşkilidir.

AzadlıqRadiosunun məlumatına görə, Agentliyə qarşı şikayətlərlə bağlı 2026-cı ilin sonunadək bu qurumu Ali Məhkəmədə təmsil etmək (kassasiya şikayətləri, etirazlar hazırlamaq və s.) üçün büdcədən 132 min manat ayrılıb. Bu məbləğə birinci instansiya və apellyasiya məhkəmələrindəki hüquqi xidmətlər daxil deyil; söhbət yalnız Ali Məhkəmədə göstərilən xidmətlərdən gedir. Bu iş isə "Turan Leqal and Tax Services" hüquq şirkətinə həvalə edilib və onlarla 131 min 999 manatlıq satınalma müqaviləsi imzalanıb.

Ombudsman Aparatının 2026-cı ilin birinci yarısına dair statistikasına əsasən, qurumun Çağrı Mərkəzinə gələn zənglərin ən çoxu məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı olub (2 min 308 şikayət). Bu müraciətlərin də 898-i birbaşa əlillik təyinatına aiddir.

Sosial şəbəkələrdə də əlilliklə bağlı şikayətlərin artması müşahidə olunur. Şikayətçilərin bir hissəsi Qarabağ döyüşlərinin iştirakçıları və ya onların yaxınlarıdır. Onlar bildirirlər ki, öncə əlillik dərəcəsi təyin olunsa da, müddət bitəndən sonra növbəti yoxlamada ləğv edilib və onlara imtina cavabı verilib.

"Əvvəl əlillik vermişdilər, 5 ildən sonra imtina olundu"

Sumqayıt sakini Azər Rəşidov AzadlıqRadiosuna danışır ki, 2020-ci ildə Qarabağ döyüşlərində yaralanmış bacısı oğlu Sənan Salmanovun səhhətində ciddi problemlər var. Dayısının sözlərinə görə, onun bədənində hələ də güllə qalıb, yeriməkdə çətinlik çəkir: "Bir ayağı daha pis vəziyyətdədir, tam yerə qoya bilmir. Bədənində həm qəlpə, həm də güllə gəzdirən adam necə olar? Belə bir adamın əlilliyini dayandırıblar. Əvvəl əlillik vermişdilər, 5 il tamam olanda yenidən getdi, imtina olundu".

32 yaşlı S.Salmanov evlidir, himayəsində bir azyaşlı övladı var. Dayısı vurğulayır ki, o, hətta özünə lazım olan iynə-dərmanı ala bilmir: "Belə çıxır ki, dövləti qorumaq üçün canından, sağlamlığından keçmiş adamların hesabına büdcəni qorumaq yolu tutublar".

A.Rəşidovun sözlərinə görə, imtina qərarından məhkəməyə şikayət ediblər, amma iddialarına hələ baxılmayıb: "Məhkəməyə şikayət etmək də bir ətək puldur. Vəkil tutmalısan, sənəd yığmalısan, gedib-gəlməlisən. Hər məhkəmə instansiyası üçün də ayrıca xərc...".

Qarabağ veteranı: 'Ya əlilliyimi bərpa edin, ya da sağlamlığımı...'
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Son 5 ilin rəsmi statistikası Azərbaycanda əlilliyi olan şəxslərin, eləcə də əlilliyə görə pensiya və müavinət alanların sayının kəskin azaldığını göstərir. 2021-ci ildə əlilliyi olan şəxslərin sayı 614 min 731 nəfər idisə, 2025-ci ilə aid rəsmi statistikada bu rəqəm 498 min 442 nəfərə düşüb. Bu isə 5 il ərzində 116 min nəfərdən çox azalma deməkdir.

Bu tendensiya pensiyaçıların sayında da görünür. 2021-ci ildəki 1 milyon 228 min 829 pensiyaçının 373 min 809-u əlilliyə görə pensiya alıb. Əlillərin bir hissəsi (2021-ci ildə 235.2 min nəfər) isə müavinət alıb. 5 il ərzində ümumi pensiyaçıların sayı 130 min nəfərdən çox azalaraq, 1 milyon 98 min 348-ə düşüb. 2025-ci ilin statistikasına görə, əlilliyə görə pensiya alanların sayı isə 255 min 458 nəfərə enib.

Nazir tam şəffaflıqdan danışır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi AzadlıqRadiosunun əlillik təyinatı ilə bağlı şikayətlər və əlillərin sayının azalmasına dair sorğusunu cavablandırmayıb.

Nazir Anar Əliyev bir müddət əvvəl mediaya müsahibəsində əlilliyin qiymətləndirilməsi mexanizmi barədə danışarkən bunları demişdi: "Ötən müddətdə nazirlikdə ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri əlilliyin müəyyənləşdirilməsi mexanizmi olub. Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, prosesin sui-istifadə olmadan həyata keçirilməsinə nail olmuşuq. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatından şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onları əyani müayinəyə dəvət edirik və bu qəbul olunmuş qərarları bir daha yoxlayırıq".

BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya görə, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin yüksək səviyyədə tibbi xidmət almaq hüququnu tanıyır. Onlar bu şəxslərin gender xüsusiyyətlərini və reabilitasiya imkanlarını nəzərə almaqla, səhiyyə xidmətlərindən maneəsiz istifadəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər.

2006-cı ildə qəbul edilmiş bu Konvensiyaya Azərbaycan iki il sonra qoşulub. Üstəlik, ölkədə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun da qüvvədədir.

Pensiyası kəsilən müharibə əlili: 'Ayağım qatlanmır, həkim buna necə imtina verə bilər?'
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

500-dən çox xəstəlik

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanda əlillik statusu tanınmış şəxslərin sayı ümumi əhalinin 5 faizindən də azdır. Bu isə dünya üzrə orta göstəricidən təxminən üç dəfə aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər altı nəfərdən biri (ümumi əhalinin 16 faizi) əlilliyə sahibdir.

Əlillərin hüquqlarının təmin olunmasında təməl məsələ onların statusunun rəsmən tanınmasıdır. Azərbaycanda 2022-ci ildən əlilliyin müəyyənləşdirilməsinin yeni meyarları tətbiq edilməyə başlayıb. Nazirlər Kabinetinin 13 may 2022-ci ildə təsdiqlədiyi "Əlilliyin müəyyən edilməsi Meyarları" hazırda da qüvvədədir. Bir çox müraciətə məhz bu meyarlara uyğun gəlmədiyi üçün imtina cavabı verilir. Bu qərara əsasən, əlilliyin təyin olunmasına əsas verən xəstəliklər 14 qrupda təsnif edilib və onların ümumi sayı 500-dən çoxdur.

Parlamentin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bir müddət əvvəl AzadlıqRadiosuna deyib ki, yaralanma, xəstəlik və əlillik anlayışları fərqlidir. Deputatın sözlərinə görə, əlillik diaqnozun və ya keçmişdə baş vermiş zədənin özünə görə yox, onun insanın fəaliyyətində yaratdığı davamlı funksional məhdudiyyətə əsasən qiymətləndirilir: "Ona görə də əvvəlki illərdə əlilliyi müəyyən edilmiş şəxsin müəyyən müddətdən sonra təkrar qiymətləndirilməsi onun hüququnun əlindən alınması kimi təqdim olunmamalıdır. Əgər obyektiv tibbi müayinə nəticəsində funksional məhdudiyyətin aradan qalxdığı və ya şəxsin əlillik meyarlarına uyğun olmadığı müəyyənləşərsə, ekspertiza buna uyğun qərar verə bilər".

R.Mahmudov əlavə edib ki, əlilliyin təyin olunması ilə bağlı mübahisəli hallar fərdi şəkildə, tibbi sənədlər və şəxsin hazırkı funksional durumu əsasında araşdırılmalıdır.

"Doğrudanmı o insanlar əlil deyillər?"

"Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin rəhbəri İlqar Hüseynli hesab edir ki, əlilliyi olan şəxslərin sayının kəskin azalması ciddi məsələdir və hərtərəfli araşdırma tələb edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2024-cü ildə 48.2 min, 2025-ci ildə isə 54.5 min şəxsə əlillik təyin edib.

Ekspert bildirir ki, qurumun təqdim etdiyi hesabatlarda illik təyinatlar üzrə artım görünsə də, əlillərin ümumi sayı azalmaqda davam edir: "Nə qədər insana imtina cavabı verildiyini bilmirik, açıqlanmayıb. Bunun səbəbi barədə ictimaiyyətə faktlarla əsaslandırılmış məlumat verilməlidir. Doğrudanmı o insanlar əlil deyillər? Necə olub ki, əvvəllər əlillik təyin olunub? Bütün bunlara aydınlıq gətirilməlidir".

İ.Hüseynli əlavə edib ki, heç bir halda hədəf dövlətin vəsaitinə qənaət etmək üçün əlillərin sayını süni şəkildə azaltmaq olmamalıdır. Əksinə, bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminatına daha həssas yanaşılmalı, manipulyasiyalara yol verilməməlidir. Ekspert bu məsələdə ədalətli məhkəmə sisteminin rolunu da ayrıca vurğulayır. Hesab edir ki, məhkəmələr bu qəbil işlərdə obyektiv qərarlar çıxarsalar, ümumi duruma müsbət təsir göstərər.

​
XS
SM
MD
LG