Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Sentyabr, şənbə, Bakı vaxtı 08:22

Elif Şafak və John Freeman sözlərə güzgü tutur


Elif Şafak

"PEN World Voices" Festivalının layihəsi olan "These Truths" ədəbiyyat və bizi bir-birimizə bağlayan həqiqətləri araşdıran yeni podkastdır.

Podkast yazıçıları Amerikanın ən nüfuzlu ədəbiyyat festivalından evlərə gətirir, dinləyiciləri yeni müasir ədəbiyyatın önündə gedən kitablar, ideya və müəlliflərlə tanış edir.

Pandemiya və bərabərsizlik

İlk podkastda "World Voices" Festivalının rəhbəri, tənqidçi, şair və publisist Chip Rolley amerikalı şair John Freeman və türk yazıçısı Elif Şafak-la söhbət edib.

Söhbət zamanı Elif Şafak yazıçıların işini "görünməzi görünən etmək" kimi səciyyələndirib.

"Bilirsiniz, [bu pandemiya dövründə] bizə deyirlər ki, bunun öhdəsindən hamımız birlikdə gəlməliyik. Bu adamın qəlbini isindirən, motivasiya verən bir şey kimi səslənir. Ancaq həqiqət budur ki, bəzi insanlar daha çox, bəziləri daha az əziyyət çəkir. Buna görə də biz bərabərsizlikdən, bizi bir-birimizdən ayrı saxlayan uçurumlardan danışmalıyıq. Mən pandemiyanın əvvəldən mövcud olan bərabərsizlikləri daha da kəskin, daha ümdə və daha təcili etdiyinə inanıram. Bundan sonra qeyri-bərabərlik daha ikinci dərəcəli məsələ ola bilməz… O bizim bütün debatlarımızın mərkəzində durmalıdır", - Elif Şafak deyib.

Dəyişən ilk şey dildir

Elif Şafak bu il "Evening Standard" qəzetində dərc olunmuş məqaləsində belə bir ifadə işlədib: "Demokratiyanın sonu çox zaman dillə başlayır". O bu cümləyə aydınlıq gətirməyə çalışıb: "Bu gün Türkiyədə gördüyümüz dildən qaynaqlanan sondur. Dəyişən ilk şey dildir, sözlərin təhrif olunmasıdır. Məsələn, hökumətin irəli sürdüyü və jurnalistlər, ziyalılar və alimlərə qarşı istifadə olunan şeyin tamamilə zərərsiz, dinc adı ola bilər. Yəni "dinclik" sözü belə, təhrif oluna bilər. Sözlərin yanlış istifadə edildiyini görmək çox ağrılıdır", - o deyib.

Yazıçı daha sonra Britaniyada yaşadığı son 12 il ərzində bir çox sahədə, o cümlədən siyasi dildə böyük dəyişiklik hiss etdiyini deyib. O, "Breksit", ondan əvvəl və sonrakı dövrlərdəki ritorikanı xüsusi qeyd edib. Yazıçı "təslim" (surrender) sözünü nümunə göstərib. Hökumətin "Breksit" planını tənqid edənləri düşmənə təslim olmaqda ittiham edən insanlar var. "Demək, siyasət birdən-birə "biz" və "onlar" arasında müharibə meydanına çevrilib", - o deyir.

John Freeman-sa ABŞ prezidenti Donald Trump-ın "sevgi" sözündən çox istifadə etməsini nümunə göstərib: "O bunu tez-tez deyir: "Mən sizin hamınızı sevirəm!". O insanlarla fanatları, ona sitayiş edənlər kimi danışır. Mənə görə isə "sevgi" sözü qurban, təəssüf, xiffət, kreativlik, yemək və ailə, istilik və toxunuş … kimi şeylərlə doludur. O isə bu sözü sanki "quş" qoymaq üçün deyir: "Baxın, görün. Mən sizin mənə verdiyiniz şəfəqin bir hissəsini sizə qaytarıram"".

Kollektiv amneziya

"Türkiyənin zəngin tarixi var, ancaq cəmiyyəti kollektiv amneziyadan əziyyət çəkir. Keçmişlə bütün münasibətimiz kəsiklərlə doludur. Özü də bu sükutlar ultramillətçi və ya dini təfsirlərlə doldurulur. Buna görə də "Osmanlı imperiyasında bir erməni zərgər, yaxud yəhudi dəyirmançı, yaxud kəniz olsaydım, özümü necə hiss edərdim? Həyatım necə olardı?" kimi fərdlər haqda mikro suallar verməyə qadir olmaq inanılmaz dərəcədə vacibdir.

Yaxud da eyni sualları bu gün haqda verirsən və anlayırsan ki, hekayəsini heç vaxt eşitmədiyimiz, ömrümüzdə tarix kitablarında, yaxud meynstrim yerlərdə oxumadığımız çox sayda insan var.

Mənə elə gəlir ki, mən sevgi, mənsubiyyət, mənsubiyyətsizlik, yaxud köç haqda danışanda hər zaman qəlbimdə səssizlərə səs vermək istəyi olur", – Elif Şafak deyib.

XS
SM
MD
LG