Keçmiş səhiyyə naziri Əli İnsanovun Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciəti nəticə verdi. Keçmiş nazirin kassasiya şikayəti üzrə məhkəmə təyin olunub.
Ə.İnsanov yenidən 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası noyabrın 14-də baxacaq.
Ə.İnsanov üç ay öncə şikayət versə də, ona baxılmamasından narazı idi. Ona görə də oktyabrın 2-də saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən Ali Məhkəmənin sədrinə müraciət edərək, süründürməçiliyə yol verilməməsini, kassasiya şikayəti üzrə məhkəmənin təyin olunmasını istəyirdi.
XATIRLATMA
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.