Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:11

VİP sədrinin aksiyasına qoşulduğunu açıqlayanlar var


Əli Əliyev
Əli Əliyev

Dünən, iyunun 7-də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsdə başladığı bildirilən aclıq aksiyasına partiyanın digər funksionerlərinin də qoşulduğu açıqlanıb.

Bu barədə partiyadan məlumat verilib. Bildirildiyinə görə, iyunun 8-dən Ə.Əliyevə dəstək üçün onun başlatdığı aclıq aksiyasına sədrin müavinləri Zaur Qasımov Zeynal Abdullayev də qoşulub. Onların partiyanın qərargahında aksiya keçirdiyi açıqlanıb.

VİP-dən qeyd olunub ki, aksiyaya digər şəxslərin qoşulması da gözlənilir.

VİP sədri Ə.Əliyev ona qarşı sürülən ittihamlara və həbsinə etiraz edərək iyunun 7-dən aclıq aksiyasına başladığını bildirmişdi.

Məsələ ilə bağlı Penitensiar Xidmət və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Əli Əliyev aclığa başladığını deyir

Vətəndaş və İnkişaf Partiyasının (VİP-in) sədri Əli Əliyev həbsdə aclıq aksiyasına başladığını bildirib. Partiya sədri bunu iyunun 7-də öz məhkəməsində dilə gətirib.

Yasamal rayon Məhkəməsində Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun VİP sədrindən şikayətinə baxılıb.

Xüsusi ittiham qaydasında iddia qaldıran Göyüşov Əliyevin onu təhqir etdiyini deyir, buna görə CM-in 147-ci (təhqir) maddəsilə cəzalandırılmasını tələb edir.

İyunun 7-dəki məhkəmədə Göyüşov bu prosesdə onun intim həyatına aid məsələlərə toxunulacağından, vəsatətlə məhkəmənin qapalı keçirilməsini istəyib.

VİP sədri etirazını bildirsə də, hakim vəsatətlə razılaşıb və məhkəmənin qapalı keçirilməsinə qərar verib.

“Bir əmələ görə haqqımda 2 dəfə hökm çıxarılıb”

Əli Əliyev deyib:

“Yasamal rayon Məhkəməsi daha əvvəl də mənə qarşı qərəzli olduğunu göstərib. Burada bir əmələ görə haqqımda 2 dəfə hökm çıxarılıb. İndi də qərəzi davam etdirirsiniz. Bütün bunlar da mənə qarşı siyasi fəaliyyətimə görə təzyiqlərin yeni dalğasıdır. Amma bu cür iyrəncliklər və iyrənc adamlarla məni sındıra bilməyəcəksiniz”.

O, məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq, bugündən (iyunun 7-dən) aclığa başladığını da söyləyib.

VİP sədrinin vəkili Toğrul Babayev bildirib ki, qarşı tərəf Əli Əliyevin “Bumerang” internet televiziyasına müsahibəsində onu təhqir etdiyini iddia edir. Amma təhqirin nədə ifadə olunduğu məlum deyil. O səbəbdən vəkil ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib. Ekspertizanın qərarı bilinənədək məhkəmə prosesi ertələnib.

Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib. Partiya sədri isə Göyüşovu “həbs müddətinin uzadılması üçün ortaya atılmış icraçı” adlandırıb.

Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb.

Sözündən dönmür

Əli Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX-nın) polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin hökmüylə 5 ay azadlıqdan məhrum edilib. O, DSX polkovnikinə böhtan atmaqda ittiham edilib.

Cəfərov noyabrın 30-da qəzaya uğramış, DSX-ya məxsus helikopterdən sağ çıxdığı deyilən iki hərbçidən biridir. Apreldə isə ikinci hərbçinin - Ramin Cəbrayılovun da eyniməzmunlu iddiası əsasında partiya sədrinin cəzası artırılaraq, 6 aya çatdırılıb.

Əli Əliyev adları çəkilən zabitlərin qəza zamanı helikopterdə olduğuna inanmadığını bildirib və bu fikrinə görə böhtan atmaqda ittiham olunub.

Ancaq VİP sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı sayır.

O, məhkəmədə bildirib ki, susmayacağı halda həbs ediləcəyi barədə əvvəlcədən xəbərdar edilmişdi. Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır:

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, min dərəcə istilikdən adam elə vəziyyətdə çıxa bilməz. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar, sadəcə, alətdir. Bu məhkəmə işi indiyədək mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o helikopterdə olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.

XS
SM
MD
LG