Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Əli Əliyevin həbs müddəti artırıla bilər


Əli Əliyev həbs edildi... helikopter qəzasına görə
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Əli Əliyev həbs edildi... helikopter qəzasına görə

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbs müddəti artırıla bilər. Çünki hakim Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov onun yenidən cəzalandırılması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

Göyüşovun iddiası əsasında mayın 27-də Yasamal rayon Məhkəməsində partiya sədrinə qarşı yeni məhkəmə işi başlayıb.

"Mənə qarşı təzyiq vasitəsi kimi..."

Əliyevin vəkili Toğrul Babayev iddianın əsassız olduğunu vurğulamaqla yanaşı, həm də ərizənin qanunvericiliyə uyğun hazırlanmadığını deyir. Vəkil bildirib ki, məhkəmə bu iddianı icraata götürüb ona baxmamalıdır. Çünki qarşı tərəf Əliyevin onu konkret hansı ifadələrlə təhqir etdiyini, həmin çıxışın nə vaxt səsləndiyini ərizədə göstərməyib.

Partiya sədri özü isə Göyüşovu "həbs müddətinin uzadılması üçün ortaya atılmış icraçı" adlandırıb. O vurğulayıb ki, baş verənlər siyasi fəaliyyətinə görə ona təzyiqlərin davamıdır. Əliyev belə təzyiqlərlə mübarizədən geri çəkilməyəcəyini də əlavə edib.

"Çox təəssüf ki, mənə qarşı təzyiq vasitəsi kimi belələrindən istifadə olunur. Ayıbdır...", – Əliyevin sözləridir.

Göyüşov özü də məhkəmədə iştirak edib. O, partiya sədrinin onu təhqir etdiyini deyib.

Etirazlara baxmayaraq, məhkəmə Göyüşovun iddiasını icraata götürüb, ona baxmağa qərar verib.

Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb.

6 ay həbs niyə kəsilib

Əli Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin hökmüylə 5 ay azadlıqdan məhrum edilib. O, DSX polkovnikinə böhtan atmaqda suçlanıb.

Cəfərov noyabrın 30-da DSX-nın qəzaya uğramış helikopterindən sağ çıxdığı deyilən iki hərbçidən biridir. Apreldə isə ikinci hərbçi Ramin Cəbrayılovun da eyni məzmunlu iddiası əsasında partiya sədrinin cəzası artırılıb və 6 ay olub.

Əliyev adları çəkilən zabitlərin qəza zamanı helikopterdə olduğuna inanmadığını bildirib və bu fikrinə görə böhtan atmaqda suçlanıb. Lakin Əliyev özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs olunacağı haqda əvvəlcədən xəbərdar edilmişdi. Məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır, çünki "ağlı başında olan bilir ki, o sürətlə yerə çırpılanda adam 1000 dərəcə istilikdən o vəziyyətdə çıxa bilməz".

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub. Baş Prokurorluq pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almadığını, idarəetmədə yol verdikləri kobud səhvlərin helikopterin qəzaya uğramasına səbəb olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG