Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:39

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycanda iqtisadi islahatların dərinləşdirilməsində kiçik və orta sahibkarlığın (KOS) rolu haqda məqalə yazıb. Rəsmi «Azərbaycan» qəzetində dərc olunmuş məqalədə müəllif ABŞ-ın, bəzi Avropa ölkələrinin (Fransa, Almaniya, İspaniya, Çexiya, Polşa), eləcə də Çin və İsrailin təcrübəsinə istinad edir. O, yazır ki, iqtisadiyyatı inkişaf etdirməyin, ÜDM-i «tezliklə və ciddi şəkildə» artırmağın və məşğulluq səviyyəsini yüksəltməyin ən etibarlı yolu KOS-a geniş meydan verməkdir. Ə.Əhmədov bunu «düzgün seçilmiş hədəfə çatmağın ən asan yolu» adlandırır.

«2-3 İLDƏ 10 MİNLƏRLƏ MÜƏSSİSƏ YARADILA BİLƏR»

«İnkişaf etmiş ölkələrdə əhalinin hər 1000 nəfərinə 40-72 kiçik və orta müəssisə düşür. Almaniyada ÜDM-nin 46.7, Çində – 55, İspaniyada 72 faizini KOS istehsal edir. Azərbaycanda bu göstərici xeyli azdır. Bu müəssisələr ölkədə əlavə dəyərin formalaşmasında 4 faizlik, məşğulluğun təmin edilməsində isə 6.3 faizlik paya malikdir», – baş nazirin müavini vurğulayır.

Ə.Əhmədov bu fikirdədir ki, KOS-lara «aydın strategiya əsasında siyasi, maliyyə, texniki və s. dəstək verməklə» ən az xərclə və mümkün olan ən az vaxtda ölkədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Yol da cızılır: bütün bürokratik əngəlləri aradan qaldırmaq, qeydiyyat və fəaliyyətin texniki normativ sənədləşməsini ciddi şəkildə sadələşdirmək və yüngülləşdirmək, etibarlı dövlət dəstəyi təmin etmək. Nəticədə 2-3 il ərzində on minlərlə kiçik və orta müəssisə yaradıla bilər.

«AÇIQ QAPI» KİMİN ÜÇÜNDÜR?

Bəs bundan ötrü ölkədə potensial imkan varmı? Ə.Əhmədov hesab edir ki, var. Bunlar – yetərincə gənc və sərbəst işçi qüvvəsi, tələb olunan təhsil səviyyəsi, sahibkarlığa meylin yüksək olması və Azərbaycandan kənarda fəaliyyət göstərib biznes təcrübəsi və sərbəst kapital toplayan azərbaycanlıların öz ölkəsində biznes qurmaq marağıdır.

Baş nazirin müavini ölkə iqtisadiyyatının maliyyə problemini, sərmayə yatırımı ehtiyaclarını həll etməkdən ötrü əcnəbi investorlar üçün «açıq qapı» siyasəti yürütməyin tərəfdarı olduğunu dilə gətirib. Bunun üçün «o qədər də böyük riskləri olmayan» bir sıra qərarlar qəbul edilə bilər.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Bəs müstəqil iqtisadçı və maliyyəçilərin baş nazirin iqtisadiyyatda KOS-ların rolunun artırılması ilə bağlı, özünün qeyd etdiyi kimi, «ifrat optimist» fikirlərinə münasibəti necədir?

ZÖHRAB İSMAYIL: «SEVİNİRƏM Kİ...»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl AzadlıqRadiosuna deyib ki, Ə.Əhmədovun KOS-lara yönəlik fikirləri əsasən həqiqəti əks etdirir: «Şəxsən mən bir az sevincək oldum ki, 24 il ötdükdən sonra hakimiyyət bunu anlaya bilib. Əslində, bazar iqtisadiyyatının mahiyyətində elə kiçik və orta sahibkarlıq durur. Ancaq KOS-lara meydan verməklə iş bitmir. Onları gücə və iqtisadi inkişaf amilinə çevirməkdən ötrü üç mühüm şərtə əməl olunmalıdır».

Z.İsmayıl bu şərtləri sadalayır: birincisi, hüququn aliliyinin təmin olunmasıdır. Çünki müstəqil məhkəmə mövcud deyilsə, sahibkarların öz aralarındakı və dövlət qurumları ilə mübahisələri ədalətlə yoluna qoyulmayacaq və rəqabəti bərqərar etmək mümkün olmayacaq. İkinci məsələ mülkiyyət hüquqlarıdır. Əgər hökumət mülkiyyət hüququna hörmət qoymayacaqsa, qanunlar mülkiyyətin toxunulmazlığını təmin edə bilməyəcəksə, KOS-ların inkişafından danışa bilmərik. Bu, investisiya qoyuluşlarını artırmağın mühüm amilidir. Üçüncü məsələ isə vergi islahatıdır. Şirkətlər sosial müdafiə ayırmaları və yüksək ƏDV ilə yüklənirsə, bu, sahibkarlığın institusional inkişafına əsas maneə olaraq qalacaq. Zöhrab İsmayıl belə düşünür.

Biznes
Biznes

«MƏSƏLƏ KİÇİK VƏ ORTA ŞİRKƏTLƏRİN SAYINI ARTIRMAQDA DEYİL»

Şimali Dakota Dövlət Universitetinin (ABŞ) maliyyə üzrə müəllimi Fariz Hüseynli Azərbaycanda KOS-ların artmasına, daha çox iqtisadi təsir qazanmasına çalışmağın gərəkliliyini vurğulayır. O, Ə.Əhmədovun çıxış yolları ilə bağlı fikirlərini bölüşür və əlavə edir ki, əvvəlcə bu şirkətlərin problemlərinin müstəqil ekspertlərin iştirakı ilə araşdırılmasına ehtiyac var. «Dünya təcrübəsindən görürük ki, KOS-ların əsas problemlərindən biri maliyyə çatışmazlığıdır. Kreditin bahalığı, bank-şirkət əlaqələrinin zəifliyi kreditin əlyetənliyini azaldır. Hökumət birinci bunu həll etməlidir. Bundan ötrü Təminat Fondu yaradıla bilər. İnformasiya və maliyyə şəffaflığını təmin etmədən, mühasibat sistemini «ağ kağıza» keçirmədən də hədəfə çatmaq çətin olacaq», – deyə maliyyəçi bildirir.

F.Hüseynli KOS-ların qarşısında duran digər çətinliklərin infrastruktura və marketinqə bağlı olduğunu düşünür və bu məsələlərdə hökumətin və yerli hakimiyyət orqanlarının yerinə diqqəti çəkir: «Məsələ kiçik və orta şirkətlərin sayını artırmaqda deyil, onların səmərəli və effektiv çalışmasıdır. Yerlərdə qurulacaq IT infrastrukturuna malik KOS-a dəstək mərkəzləri bazar araşdırmaları aparmaqda, informasiya təminatında, iri şirkətlərlə əlaqə qurmaqda onlara kömək edə bilər».

«ÖLKƏYƏ KAPİTAL AXININDA «BİZNES PATRİOTİZMİ»NƏ ÜMİDLƏNMƏK DOĞRU DEYİL»

«İldə lap 100 min şirkət yaratmaq olar, ancaq onların «ömür uzunluğu» təmsil olunduqları bazarın həcmindən və perspektivindən asılı olacaq. Rəqabətdə uduzmamaqdan ötrü həmin şirkətlər nəinki yerli, həm də regional və beynəlxalq bazarlarda təmsil olunmalıdırlar», –beynəlxalq biznes və marketinq üzrə mütəxəssis Ramil Mövlamov AzadlıqRadiosuna deyib.

R.Mövlamov Ə.Əhmədovun ölkədə biznes fəallığının artırılması üçün mövcud potensialla bağlı dediklərinə tənqidi gözlə baxır və öz dəlillərini irəli sürür. Ələlxüsus, baş nazirin müavininin sahibkarlığa meylin güclü olması arqumentini müasir biznes yanaşması baxımından doğru saymır: «Müasir biznes yaradıcı, innovativ, eyni zamanda dəyərlərə sahib sahibkarların meydanıdır. Ölkəyə kapital axınında «biznes patriotizmi»nə ümidlənmək də doğru deyil. Əvəzində, azad maliyyə və kapital bazarı yaradılmalı, KOS-ların ucuz kredit resurslarına çıxış imkanı təmin olunmalı, kredit riskləri sığortalanmalıdır».

Bundan başqa, R.Mövlamov bütün biznes subyektlərinin maraqlarını qoruya biləcək və innovativ inkişafa yol açan işlək rəqabəti tənzimləmə mexanizminin qurulmasını, dövlətin texnoloji transformasiyada şirkətlərə dəstək verməsini və biznesin dövlətdən tam azad olmasını iqtisadi inkişaf üçün zəruri şərtlər sırasında görür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG