Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:27

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib. Noyabrın 29-da Ali Məhkəmədə Hafiz Nəsibovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

Qərara əsasən, E.Qəhrəmana verilmiş ittiham maddəsi də dəyişib. Gənc fəal CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) suçlanırdı. Amma Ali Məhkəmə ittihamı CM-nin 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib.

Qərardan öncə E.Qəhrəmanın vəkili Fariz Namazlı çıxış edərək, ittihamın saxta, hüquqlarını müdafiə etdiyi şəxsin də günahsız olduğunu bildirib. Vəkilin sözlərinə görə, cinayət işinin istintaqında xeyli qanun pozuntularına yol verilib. Amma nə Bakı Ağır Cinayətlər Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi həmin pozuntulara qiymət verib:

«İlk növbədə Elgiz Qəhrəman saxlanılarkən onun üzərindəki baxışda qanun pozuntusuna yol verilib. Adamın statusu müəyyənləşdirilmədən, yəni o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınmadan üzərinə baxış keçirilib. Bu, kobud qanun pozuntusudur. Lap tutaq ki, onun üzərindən narkotik tapılıb - hərçənd, belə olmayıb - niyə satış ittihamı verilib? Haradan müəyyənləşdirilib ki, bu adam o narkotiki satacaqdı?».

«BU MADDƏDƏKİ ƏN YUXARI CƏZANI TƏYİN ETDİ»

F.Namazlı çıxışının sonunda E.Qəhrəman haqqında hökmün ləğvini, bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.

Dövlət ittihamçısı isə kassasiya şikayətinin əsassız olduğunu deyib və Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını təklif edib.

Qısa müşavirədən sonra hakim H.Nəsibov kassasiya şikayətinin qismən təmin olunduğunu, hökmün dəyişdirildiyini elan edib.

İttiham maddəsinin dəyişdirilməsinə, cəzanın azaldılmasına baxmayaraq, müdafiə tərəfi Ali Məhkəmənin qərarı ilə razılaşmır. F.Namazlı AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək:

«Elgiz Qəhrəman günahsızdır, onun üzərində ümumiyyətlə, narkotik olmayıb. Ona görə də biz onun haqqında bəraət hökmünün çıxarılmasında israrlıyıq. Digər tərəfdən, məhkəmə ittihamı Cinayət Məcəlləsinin 234.1 maddəsinə tövsif elədi, amma bu maddədəki ən yuxarı cəzanı təyin etdi. Bu maddədə maksimum cəza üç ildir».

XATIRLATMA

E.Qəhrəman 2016-cı il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG