Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:42

Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb olunub


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

İctimai fəal Elgiz Qəhrəman cinayət məsuliyyətinə cəlb olunub. O, bir ilə yaxındır həbsdə olan meclis.info saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Lakin istintaq dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun məlumatına görə, E.Qəhrəmana Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham verilib. Onların arasında qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq və başqa ittihamlar var.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

E.Qəhrəman 2016-cı ildə də narkotik ittihamı ilə həbs olunmuş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay cəza verilmişdi. Sonradan Ali Məhkəmə cəza müddətini 3 ilə endirmişdi.

O zaman ictimai fəal özünü təqsirli bilməyərək Facebook hesabında yazdığı statusa görə şərlənərək həbs olunduğunu bildirmişdi.

Anar Məmmədlinin işi ayrılıb

Parlamentin və deputatların fəaliyyətini araşdıran meclis.info saytının rəhbəri İ.Əliyev 2024-cü il aprelin 18-dən həbsdədir. Bir ilə yaxındır ki, o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə eyni cinayət işi üzrə təqsirləndirilən şəxs idi. A.Məmmədli ondan 10 gün sonra həbs olunub.

Lakin bugünlərdə A.Məmmədlinin işi İ.Əliyev haqqında cinayət işindən ayrılıb.

Onların heç biri özünü təqsirli bilmir. Onlar ölkədə insan haqlarının müdafiəsi, seçki prosesindəki saxtakarlıqların üzə çıxarılması, parlamentin fəaliyyətiylə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlatma

Son bir ildə aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG