Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:23

Ələtdə azad iqtisadi zona ilə bağlı plan hazırlanacaq


Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə işçi qrup yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, sentyabrın 17-də bununla bağlı sərəncam imzalayıb.

İşçi qrupuna Milli Məclis sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edəcək.

Qrupda dövlət komitələrinin, nazirliklərin və başqa əlaqəli qurumların nümayəndələri təmsil olunacaqlar.

İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını hazırlamalıdır.

Qrup həmçinin, Azad Zonanın ərazi sərhədlərini, ərazidəki torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını hazırlamalı, başqa zəruri işləri həyata keçirməlidir.

Maliyyələşmə məsələləri sərəncamla Maliyyə Nazirliyinə həvalə olunub.

Xatırlatma

Ələtdə azad iqtisadi zonanın yaradılması prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam “Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında” adlanır.

Prezident ötən ilin mayında yenidən bu məsələyə qayıdıb, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.

Azərbaycan parlamenti bu il mayın 18-də “Ələt azad iqtisadi zonası haqqında” Qanun layihəsini qəbul edib.

Sözügedən qanun “Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə başçısının sərəncamına əsasən hazırlanıb.

Qanun azad iqtisadi zona ilə bağlı hüquqi suallara aydınlıq gətirir.

Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

XS
SM
MD
LG