Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 04:47

İlham Şaban: 'Elə bütün Azərbaycanı azad iqtisadi zonaya çevirsinlər'


Ələt limanı

Ötən həftə Milli Məclis «Ələt azad iqtisadi zonası» haqda qanun layihəsini birinci oxunuşda qəbul etdi. Hökumət birinci dəfə deyil azad iqtisadi zona haqqında danışır. Hələ 1990-cı illərdə Sumqayıtda belə bir zonanın yaradılması təklifiylə BMT-nin rezident əlaqələndiricisi Paolo Lembo çıxış etmişdi. O zaman bu haqda çox danışılsa da, yarımçıq qaldı. Buna səbəb kimi hökumətin bəzi tələbləri yerinə yetirməməsi göstərilirdi.

Odur ki, yerli iqtisadçılar indi Ələtdə azad iqtisadi zona yaradılması təşəbbüsünə şübhəylə, ehtiyatla yanaşırlar. Məsələn, iqtisadçı Qadir İbrahimli bu ideyanın cəlbedici göründüyünü, amma biznes maraqları təmin olunmadan çətin baş tutacağını deyir.

Q.İbrahimli
Q.İbrahimli

«Bu gün Ələtlə bağlı deyilənlər nəzəriyyədir, sözdür»

«Həmin layihə çərçivəsində Azərbaycana investorlar cəlb olunacaqsa, ixracyönümlü məhsullar istehsal ediləcəksə, təbii ki, layihə gerçəkləşə bilər. İqtisadi zona yaradılanda onun faydalılığı prioritet olur. Həmin layihə ölkəyə gərəkən effekti verməyəcəksə, lazım olan qədər investor cəlb olunmayacaqsa, icrasız qalacaq. Bu gün Ələtlə bağlı deyilənlər nəzəriyyədir, sözdür. İşə başlanıb real nəticələr əldə olunduqdan sonra fikir yürütmək olar. Hələlik bu, sadəcə cəlbedici ideyadır. Məsələn, (işadamı) Hacı İbrahim (Nehrəmli) Xəzərdə şəhər yaratmaq məqsədilə, az qala, milyard xərclədi. Cəlbedici, maraqlı ideya idi. Amma praktikada iflasa uğradı», – iqtisadçı söyləyir.

Vahid Əhmədov: «Dövlət investorlara tam təminat verir»

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovsa bu layihəyə şübhəylə yanaşanları qınayır.

«Bütün dünyada iqtisadi zonalar fəaliyyət göstərir, amma şübhəylə yanaşmırlar. Bu gün İranın məhsulunun 25-30 faizi, Çinin məhsulunun 40 faizə yaxınını azad iqtisadi zonalar verir», – deyə deputat əlavə edir.

V.Əhmədov
V.Əhmədov

V.Əhmədov bunu da deyir ki, Azərbaycan parlamenti bu qanunu çoxdan qəbul edə bilərdi, amma nədənsə, hökumət azad iqtisadi zona yaradılması ilə bağlı qərar verə bilmirdi: «Nəhayət, dövlət başçısı xüsusi komissiya yaratdı və biz qanunu qəbul etdik».

Deputatın sözlərinə görə, Ələtdə azad iqtisadi zona yaratmaqda başlıca məqsəd qeyri-neft sektorunun inkişafına təkan vermək, investorları Azərbaycana cəlb etməkdir. O bu zonanın əlverişli bölgədə yerləşdiyini, üstəlik də, qanunvericiliyin və hökumətin investorlara tam təminat verdiyini bildirir:

«Birincisi, yerləşdiyi yer önəmlidir. Orda ticarət limanının birinci hissəsi istifadəyə verilib, ikincisi, həmin ərazidə dəmiryolu var, avtomobil yolu var, dəniz yolu var. Yəni iqtisadi zonanın fəaliyyət göstərməsi üçün bütün şərait mövcuddur. Qanunda da bura cəlb olunacaq investorların hüquqlarının, əmlaklarının dövlət tərəfindən qorunduğu qeyd olunur. Uzun zamandır müzakirə olunan bu qanun çox yüksək səviyyədə hazırlanıb. Ona uyğun olaraq bəzi normativ sənədlər hazırlanıb, qanunun son bəndinə əlavə olunacaq. Dövlət investorlara tam təminat verir».

V.Əhmədovun sözlərinə görə, Ələtdə iqtisadi zona fəaliyyətə başladıqdan sonra Azərbaycanın başqa bölgələrində də bu cür zonalar yaradılacaq.

«Hökumət artıq ehtiyatlı davranmağa başlayıb, əvvəlki kimi pulu sağa-sola xərcləmir. Yəqin, növbəti azad iqtisadi zona yaratmazdan öncə bir müddət gözləyəcək, indi yaradılanların səmərə verib-vermədiyini araşdıracaq», – bunu iqtisadçı İlham Şaban söyləyir.

İ.Şaban
İ.Şaban

«Nə icra başçısının, nə yanğınsöndürənin, nə verginin, nə də digərinin...»

Onun sözlərinə görə, qeyri-neft sektorunun imici o qədər korlanıb ki, xarici investorları Azərbaycana cəlb etməkdən, onları inandırmaqdan ötrü hökumət əlavə qarantiyalar verməlidir və məhz bu məqsədlə də qanun qəbul olunur: «Praktika göstərir ki, sözlə olmur, ona görə qanun qəbul olunur, xarici investorun sabah yaranacaq hər hansı problemi beynəlxalq məhkəmədə araşdırmaq imkanı yaransın».

İ.Şabanın deməsinə görə, azad iqtisadi zonaların yaradılmasında məqsəd budur ki, burda fəaliyyət göstərəcək müəssisə və şirkətlərin işinə heç kim qarışmasın.

«Nə icra başçısının, nə yanğınsöndürənin, nə verginin, nə də digərinin qanunvericilikdə göstəriləndən başqa bir manat şirinlik, hörmət istəmək hüququ olsun. Bundan başqa funksiyası yoxdur. Azərbaycan kimi ölkədə azad iqtisadi zona yaradılması gülünc səslənir. Elə bütün Azərbaycanı azad iqtisadi zonaya çevirsinlər, heç olmasa, bütün Abşeronu və ya Abşerondan kənar bütün əraziləri. Bu qədərmi çətin işdir? Bizdə sənaye məhəllələri var, qanun da qəbul edilib. Sumqayıtda nə qədər yeni sənaye obyektlərini cəmləşdirən zonalar var. Ora kənar müdaxilə var? Əlbəttə, yoxdur. O zaman bu praktikanı niyə genişləndirməyək? Bunun üçün xüsusi qanunlar nəyə lazım?», – iqtisadçı sual edir. Onun qənaətincə, hərə öz vəzifəsini icra etsə, əlavə qanunlara da lüzum qalmaz, üstəlik, iqtisadiyyat da inkişaf edər.

Dünyada azad iqtisadi zonalar ötən əsrdən yaradılmağa başlanıb. Burda investorlara bir sıra güzəştlər tanınır. Məsələn, xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi) və ya müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması, maliyyə, inzibati güzəştləri nəzərdə tutulur.

İqtisadçıların hesablamalarına görə, azad iqtisadi zonalarda güzəştlərin tətbiqi nəticəsində mənfəət norması 30-35%, bəzən isə daha çox olur. Məsələn, Asiyanın azad iqtisadi zonalarında fəaliyyət göstərən transmilli şirkətlərin bunun sayəsində orta hesabla ildə 40% mənfəət əldə etdikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG