Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 04:03

Keçmiş YAP deputatına hökm oxundu


Eldəniz Səlimov
Eldəniz Səlimov

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı olan Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatı olan Eldəniz Səlimov 3 il 6 ay azadlıqdan məhrum edilib.

Dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, əlavə cəza olaraq, o, 2 il 6 ay müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib.

45-yaşlı deputat CM-in 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsilə - Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, Səlimov hadisə vaxtı sərxoş vəziyyətdə olub. Hadisə isə iyulun 29-da gecə saatlarında Xaçmazda baş verib.

Polis əməkdaşı deputatın qohumuna məxsus “Starıy Dvor” restoranına gələrək, pandemiya ilə əlaqədar gecə saat 12.00-dən sonra fəaliyyət göstərməməsini tələb edib.

Bunu eşidən Səlimov sözü gedən polisi evindən çağırtdırıb və “Starıy Dvor”da aralarındakı mübahisə zəminində onu vurub.

Səbəblər...

Təqsirləndirilən deputat özünü qismən günahkar sayır. Səlimov bildirib ki, onun hərəkəti yanlış olsa da, bu addımı atmasına gətirib çıxaran səbəblər olub:

“Bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub”.

Eldəniz Səlimov 2010-cu ildən Milli Məclisin deputatıdır. Hadisədən sonra Baş prokuror Kamran Əliyev onun deputat toxunulmazlığının ləğvi üçün Milli Məclisə müraciət edib.

Bu müraciətə müsbət cavab verilib və ardınca deputat cinayət məsuliyyətinə cəlb olunub. Avqustun 3-də onun barəsində həbs qərarı çıxarılıb.

55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı kimi parlamentdə təmsil olunan Səlimov bu hadisədən bir neçə gün sonra YAP-dan da çıxarılıb.

XS
SM
MD
LG