Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

'Elə vəkillər var, öz adını yaza bilmir'


R.Süleymanov
R.Süleymanov

Vəkillər Kollegiyasına üzv olmaqdan ötrü test imtahanında uğur qazansa da, şifahi müsahibə mərhələsindən keçə bilməyən bir sıra hüquqşünas namizədlər məsələni məhkəmə müstəvisinə çıxarıblar. Hələ bu imtahanlardan öncə fəaliyyətlərində prinsipial davranışları, tənqidi çıxışlarıyla əlaqədar sifarişlə vəkilliyə buraxılmadığını iddia edən hüquqşünaslar Vəkillər Kollegiyasını məhkəməyə veriblər. Hesab edirlər ki, Kollegiya rəhbərliyinin qərəzi nəticəsində onların vəkil olmaq imkanları məhdudlaşdırılıb.

Avqustun 28-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində sözügedən hüquqşünaslardan Ramil Süleymanovun iddiasına baxılıb. Qərardad çıxarılıb ki, məsələni R.Süleymanovun yaşadığı ərazi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi araşdırsın.

Məhkəmədə Vəkillər Kollegiyasını təmsil edən Bəylər Məmişov bu barədə vəsatət qaldırıb, hakim də təmin edib.

«Prinsipial hüquqşünaslarla bir çatı altında olmağa cəsarət yoxdur»

B.Məmişov onu da deyib ki, hüquqşünas İxtisas Komissiyasının qərarından narazı qalıbsa, konkret bu komissiyanı məhkəməyə verməliydi, bütövlükdə Kollegiyanı yox.

R.Süleymanov razılaşmır, deyir ki, bu komissiya da Kollegiyanın orqanıdır: «Mən onsuz da özümü elə vəkil kimi hiss edirəm. Sadəcə, Kollegiya rəhbərliyinin mən və mənim kimi prinsipial hüquqşünaslarla bir çatı altında fəaliyyət göstərməyə cəsarəti yoxdur. Kollegiyanın üzvü olan elə vəkillər var ki, öz adını yazanda bir neçə səhv buraxır».

Süleymanov hesab edir ki, ona qarşı qərəz bir neçə il öncə parlament seçkilərində «ReAl» hərəkatının üzvü kimi iştirakı və nümayəndəlik institutunun məhdudlaşdırılmasına qarşı çıxması, bu mövzuda tənqidlərindən qaynaqlanır.

R.Süleymanovdan əlavə, Tural Hacıbəyli, Səməd Rəhimli, Asima Nəsirli və başqa hüquqşünaslar da məhkəməyə üz tutub. Kollegiya üzvü olmasa da, Avropa Məhkəməsində hüquqlarını müdafiə etdiyi ərizəçilərin qələbə qazanmasına nail olmuş T.Hacıbəylinin şikayəti üzrə bir neçə məhkəmə iclası keçirilsə də, yekun qərar, hələlik, yoxdur. A.Nəsirlinin şikayətinə avqustun 31-də baxılacaq. S.Rəhimlinin məhkəməsinin vaxtı isə hələ məlum deyil.

«YAP üzvləri də var»

Vəkillər Kollegiyasının rəhbərliyi bir sıra hüquqşünasların tənqidçi mövqeyinə, müxalif siyasi partiya mənsubiyyətinə görə vəkilliyə buraxılmaması haqda deyilənləri qəbul etmir. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov bu iddiaları şərh edərkən bildirmişdi ki, qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz: «Vəkilliyə qəbul imtahanlarından kəsilənlər arasında dövlət qulluğunda çalışanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan kəsilmələrinə nə bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq».

Vəkillər Kollegiyasında təkcə bu il bir neçə vəkilin fəaliyyəti dayandırılıb. Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG