Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:11

Ekspert: Xırda rüşvəti gözə kül üfürmək üçün tuturlar (VIDEO)


Azərbaycanda rüşvət verənlər alanlardan çox tutulur
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Azərbaycanda rüşvət verənlər alanlardan çox tutulur

Azərbaycanda rüşvətə görə kimlər məhkəmə qarşısına çıxır, kimlər qaz vurub qazan doldursa da, ona “gözün üstə qaşın var” deyən olmur?

Hazırda Bakı Baş Gömrük İdarəsinin polkovnik-leytenantı Namiq Əsədovun məhkəməsi gedir. Onu 350 manat rüşvət almaqda ittiham edirlər. Təndiqçilər isə deyirlər ki, düzdür, cinayət elə cinayətdir, amma ki, 350 manatdan qat-qat böyük məbləğdə rüşvət alanlar qalıb kənarda, məhkəmələr ancaq kiçik məbləğlərə görə keçirilir. Hüquqşünas Aslan İsmayılov bu barədə deyir:

“350 manata görə polkovnikin həbs edilməsi əlbəttə ki, gülüncdür. Ona görə ki, rüşvətin məbləği bu gün 350 manat deyil. Heç 3500 manat da deyil, heç 35 min manat da deyil. Bu gün Azərbaycanda alınan verilən, yeyintilərin məbləği milyonlarla ölçülür. Bunu hər bir azərbaycanlı bilir. Sadəcə bu, Korrupsiya ilə Mübarizə İdarəsinin yalan, gözə kül üfürmək üçün açıqlamasıdır”.

Baş Prokurorluq Yanında Korrupsiya ilə Mübarizə İdarəsinin məlumatına görə, 2018-ci ilin 1-ci yarısında ümumilikdə korrupsiya cinayətlərinin sayı 115 olub.

Bunlardan 9 nəfərə rüşvətvermə, iki nəfərə isə rüşvətalma cinayət işi açılıb.

Korrupsiyanın hələ də geniş yayıldığı bir ölkədə yarım ildə 2 nəfərin rüşvət alması barədə cinayət işi az deyilmi?

"Prokurorluq bunu hardan bilsin?"

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, cinayət işi açılması üçün müraciət olmalıdır:

“Rüşvətvermə və ya rüşvətalma ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, və ya prokurorluq orqanlarına bir müraciət də olmalıdır. Tutaq ki, siz hansısa dövlət orqanına gedirsiz, belə düşünək ki, siz həmin dövlət müəssisinə, hansısa məmura rüşvət verirsiz. Onu siz və rüşvəti alan məmurdan başqa üçüncü şəxs bilmir. Siz bunu deməyəcəyiniz təqdirdə bunu prokurorluq hardan bilməlidir?!”

Son bir ildə rüşvətlə bağlı mediada gedən xəbərlərə nəzər salanda da məlum olur ki, rüşvətlə bağlı məhkəmə işləri əsasən kiçik məbləğlər barədədir.

Məsələn, finans.az yazır ki, bu ilin oktyabrında başqa bir gömrük əməkdaşı 100 manat rüşvətə görə, e-qanun.az saytı yazır ki, oktyabrda Vergilər Nazirliyinin iki əməkdaşı birlikdə 1000 manat rüşvət aldığına görə məhkəmə qarşısına çıxıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Hansı işlər rüşvətsiz alınmır?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Baş prokurorluğun məlumatında deyilir ki, 2018-ci ilin birinci yarısında rüşvət və korrupsiya ilə bağlı 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət verilib. İki vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, üç nəfər isə vəzifəsindən azad edilib. Müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.

Bu yay media İspaniyanın kurort şəhərində Azərbaycan məmurunun ailə üzvünə məxsus 1,2 milyon avroluq saatın itdiyini yazmışdı. Bəs prokurorluq orqanları məmur oğlunun belə bahalı saatı necə əldə etdiyini araşdırdımı?

Milyonluq rüşvəti araşdıran yoxdur

Prezident İlham Əliyev çıxışlarında bəyan edir ki, onun özü korrupsiya ilə mübarizədə maraqlıdır. Məsələn, oktyabrın 21-də, prezident Yevlax və Xaçmaza təyin etdiyi yeni icra başçıları ilə görüşdə deyib ki, rüşvət və korrupsiya bir bəladır:

“Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir”.

Başqa bir ictimai fəal, hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, reallıqda rüşvət və korrupsiya ilə yetərincə mübarizə aparıldığı görünmür:

“Milyonluq korrupsiya faktlarından danışılanda onların araşdırıldığını görmürük. Məsələn, SOCAR-ın prezidentinin oğlunun saat məsələsi gündəmə gəldi. Amma heç kim araşdırmadı ki, o yaşda o saatı hansı vəsaitlə alıb və o saatı aldığı vəsaitdən nə qədər vergi ödəyib. Halbuki, korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə görə mediada yayıldığı andan bu faktlar araşdırılmalı idi”.

Saat qalmaqalının araşdırılması ilə bağlı Baş Prokurorluğa sorğu göndərsək də, günün sonuna qədər cavab ala bilmədik.

Ələsgər Məmmədli deyir ki, böyük məbləğdə korrupsiya ittihamları yalnız o vaxt ictimaiyyətə açıqlanır və məhkəmə qarşısına çıxır ki, bunu törətmiş şəxslər siyasi səhv buraxmış olurlar-məsələn, keçmiş nazir Əli İnsanov və keçmiş deputat Hüseyn Abdullayev kimi.

Azərbaycanın hüquq-mühafizə orqanları əsasən icra hakimiyətinin təsirində olmasına görə tez-tez tənqid olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG