Türkiyədə müxalifət namizədi Ekrem İmamoğlu İstanbulda iyunun 23-də keçirilmiş təkrar bələdiyyə seçkilərinin də qalibi oldu.
O, səslərin 54 faizini yığaraq, rəqibini 800 min səs geridə qoyub. Bu qələbə münasibətilə İmamoğlunu rəqibi Binali Yıldırım və Türkiyə prezidenti Recep Tayyip Erdoğan da təbrik edib.
Ekrem İmamoğlu bu seçkiləri Türkiyənin demokratiya sınağı adlandırmışdı. Siyasi təhlilçilər isə bu seçkiləri həm də Erdoğan hakimiyyətinin məğlubiyyəti hesab edirlər.
“The New York Times” qəzeti özünün “Türkiyə prezidenti bazar günü siyasi karyerasının ən böyük məğlubiyyətini yaşadı” başlıqlı təhlilində vurğulayır ki, Erdoğan hakimiyyəti Türkyəinin ən böyük şəhərinə nəzarəti itirdi.
Uzun illər Türkiyədə əsas ana xəbər verlişlərinin aparısıcı olan, hazırda Almaniyada yaşayan jurnalist Banu Güven düşünür ki, bu seçkilər əslində Erdoğanın məğlubiyyəti idi. Onun fikrincə, türk xalqı Ekrem İmamoğluna rəqib kimi Binali Yıldırımı yox, məhz Erdoğanı görürdü:
“Düzdür seçkilərin nəticəsinə getdikcə pisləşən Türkiyə iqtisadiyyatı da təsir etdi. Türkiyə prezidentibu seçkilərdə sanki özü kampaniya aparırmış kimi davrandı. Hər çıxışında da PKK-dan, terrordan danışırdı. Sanki bu ölkədə bircə bu problemlər var. Bu da insanların eşitmək istədikləri mövzular deyildi”.
Banu Güven düşünür ki, əslində xalq Erdoğan hakimiyyətinin dəyişməsini istəyir. Bu baxımdan o, hesab edir ki, İstanbuldakı qalibiyyət müxalifət üçün bir başlanğıc ola bilər.
Erdoğan asanlıqla barışmayacaq
Amma Erdoğanın bu məğlubiyyətlə asanlıqla barışmayacağı fikrində olanlar da az deyil. Məsələn, John Hopkins Universitetinin SAIS məktəbindən beynəlxalq münasibətlər üzrə professor Lisel Hintz düşünür ki, hakimiyyət bələdiyyələrin səlahiyyətini azalda bilər.
O, ehtimal edir ki, İmamoglu-nun bələdiyyə sədri kimi işinə müdaxilələr ola, maliyyəsi azaldıla və ya hansısa hüquqi bəhanə ilə vəzifədən kənarlaşdırıla bilər. Hətta təkrar seçkilər keçirməklə, İstanbul bələdiyyəsində maliyyə sənədlərini təmizləmək üçün vaxt qazanmaq haqda iddialar da səslənirdi.
31 martdakı ilk seçkiləri Cümhuriyyət Xalq Partiyasının namizədi Ekrem İmamoğlu 1 faiz səs üstünlüyü ilə qazanmışdı. Amma hakim AKP bu nəticələrə etiraz edəndən sonra nəticələr ləğv olundu, 23 iyuna yeni seçkilər təyin edildi. Bu dəfə Ekrem İmamoğlu öz rəqibini 10 faiz səs üstünlüyü ilə geridə qoya bildi.
Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Tədqiqatları proqramının direktoru Soner Cagaptay The New York Times qəzetinə deyib ki, Erdoganın bütün dövlət resurslarını bu seçkiyə səfərbər etməsinə baxmayaraq məğlub oldu:
“Bu seçki “demokratiyanın möhkəmliyini, seçkilərin öz əhəmiyyətini hələ də saxladığını göstərir”.
Bəs niyə bizdə bu yoxdur
Türkiyədəki seçkiləri azərbaycanlılar da maraqla izləyirlər. Hüquq və İnkişaf İctimai Birliyinin sədri, sekçi eksperti Hafiz Həsənov hesab edir ki, Azərbaycanın sosial şəbəkələrində seçkilərə maraqdan çox, insanlarda bir həsəd də hiss olunur:
“Demokratiyanın birbaşa inkişafı seçkilərdir. Dünya, beynəlxalq ictimaiyyət, müasir cəmiyyət seçkilərdən üstün, sivil başqa bir qayda müəyyən etməyib. dünənki seçkilər də bunu bir daha göstərdi ki, xalqın səsi, insanların iradəsi əsasdır. Türkiyə də göstərdi ki, xalqın iradəsini saxtalaşdrımaq cəhdində bulunmadı. Bəs, niyə bizdə bu yoxdur? Əsas məsələ budur. Sosial şəbəkələrdə insanların yazdıqlarından, Türkiyə seçkilərini izləməsindən görünür ki, cəmiyyət olaraq, biz də azad və ədalətli seçkilərə hazırıq”.
Hafiz Həsənov hesab edir ki, Türkiyədən fərqli olaraq, Azərbaycanda azad və ədalətli seçkilər üçün şərait yoxdur.
Onun fikrincə, ilk növbədə beynəlxalq standarlara cavab verəcək yeni Seçki Məcəlləsinin hazırlanmasına, xalqın etimad etdəcəyi yeni Seçki Komissiyalarının formalaşdırılmasına, azad və ədalətli seçki təcrübəsinin yaradılmasına ehtiyac var. O bildirir ki, Avropa Məhkəməsin Azərbaycana qarşı onlarla seçki pozuntusu ilə bağlı qərarları olub. Hafiz Həsənov hesab edir ki, şərait olmadıqca, azad seçkilərdən danışmaq yersizdir.
Azərbaycan rəsmiləri isə adətən bu iradlarla razılaşmır. Ölkədə azad və ədalətli seçkilərin keçirildiyini bildirirlər. Seçkiləri tənqid edən beynəlxalq təşkilatların hesabatlarını isə ermənipərəst qüvvələrin işi adlandırırlar.