Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 05:12

Ekspert: 2021 yadda həm də yoxsulluq və işsizliyin artması ilə qalacaq


‘90 manat işıqpulu gəlib. Necə verək?’ – İlsonu insanların ovqatı
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

‘90 manat işıqpulu gəlib. Necə verək?’ – İlsonu insanların ovqatı

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, il necə bahalaşma xəbərləri ilə başladısa, eləcə də davam elədi

Azərbaycanda 2021-ci ilin ilk günləri Tarif Şurasının qiymət artımları ilə yadda qaldı. Yanvarın 4-də Tarif Şurası dizelin qiymətini 30 faiz qaldırmışdı.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, il necə bahalaşma xəbərləri ilə başladısa, eləcə də davam elədi:

“Yanvarın 4-də yanacağın, yanvarın 31-də suyun, iyulun 1-də qazın, oktyabrın 15-də yenidən qazın və elektrik enerjisinin qiymətini bahalaşdırdılar. Tarif Şurasının qərarı ilə dərmanların qiyməti bahalaşdı. Bu ili mən həm də yoxsulluğun, işsizliyin artması ili kimi də qeyd eləmək istəyirəm. Bu il pensiyaların, əlillik dərəcələrinin kəsilməsi ilə yadda qaldı. Biz gözləyirdik ki, daha çox ailə ünvanlı sosial yardım proqramına cəlb olunar, amma əksinə azaldı. Əhali bahalıqdan çox əziyyət çəkdi. Təəssüflər olsun ki, gəlirlərin artımı inflyasiya ilə müqayisədə 2,5 dəfə çox oldu”.

Rəsmi rəqəmlərə görə yanvar-noyabr aylarında inflyasiya 6,2 faiz olub. Amma 2020-ci ilin noyabr ayı ilə müqayisədə 2021-ci ildə infilyasiya 11,1 faiz olub. Qubad İbadoğlunun sözlərinə görə qeyri rəsmi rəqəmlərsə, daha yüksəkdir bu isə əhalinin daha da yoxsullaşmasına, gəlirlərin azalmasına gətirib çıxarıb.

Müharibə və pandemiyanın xərcləri

Milli Məclisin iqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov təkcə Azərbaycan yox, əksər dünya ölkələri üçün 2021-ci ilin ağır keçdiyi qənaətindədir. O bunu koronavirus pandemiyasının 2021-ci ildə də davam eləməsi ilə izah edir. Amma Vahid Əhmədov hesab edir ki, Azərbaycan pandemiyanın müəyyən zərərlərindən uğurla çıxdı:

“Çünki dövlət çox ciddi işlər həyata keçirdi. Pandemiyanın nəticələrinin aradan qaldırılmasına böyük vəsait xərclədi. İqtisadi cəhətdən əhalinin problemləri ilə bağlı, xüsusilə, şəhid ailələri, qazilərlə bağlı ciddi addımlar atıldı. Onlara evlər verildi, müavinətlər verildi. Bugün də proses davam edir. 2022-ci ilin dövlət büdcəsində əhalinin sosial vəziyyətini nəzərə alaraq, büdcənin 47 faizini sosial sahələrə ayırmışıq. Hardasa 13, 6 milyard ayırmışıq”.

Vahid Əhmədov 2021-ci ilin iqtisadi yekunlarından danışanda işğaldan azad olunmuş ərazilərdə görülən işləri xüsusilə vurğulayır. O infrastruktur layihələrinin icrasını, hava limanlarının tikintisini “böyük qayıdış” planının gerçəkləşdirilməsində ciddi başlanğıc sayır, 2022-ci ildə ilkin mərhələdə Zəngilan rayonuna məcburi köçkünlərin qaytırılmasına hazırlıq işlərini böyük iqtisadi uğur kimi dəyərləndirir.

Onun fikrincə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafından sonra həm iş yerləri artacaq, həm də qeyri-neft sektoru daha da inkişaf edəcək.

Hökumət tövsiyələrə əməl etmir

İqtisadçı alim Qubad İbadoğlu da fikirləşir ki, işğaldan azad olunmuş ərazilərdə, özəlliklə də, kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatını daha da gücləndirə bilər. Amma təəssüflənir ki, təcrübə bunun əksini göstərir. O deyir ki, tenderlər qapalı keçirilir, hansı şirkətlərin və niyə qalib gəldiyi açıqlanmır:

“İllərdir hökumətə eyni tövsiyələr verilir. İqtisadiyyat liberallaşmalı, dövlət rəqabəti dəstəklənməli, şəffaf və açıq olmalıdır. İllərdir bu təkliflər səslənir, amma real addımlar atılmır”.

Qubad İbadoğlu 2022-ci ildə də bahalaşmanın davam edəcəyini düşünür. Deputat Vahid Əhmədovsa deyir ki, hökumət əhalinin bahalıqdan əziyyət çəkməsini önləmək üçün əlindən gələni edir, maaşları, pensiyaları artırır.

2021-ci il həm də neft və qaz qiymətlərinin yüksək olması ilə yadda qaldı. Bu, Azərbaycan büdcəsi üçün əlverişli olsa da, müstəqil ekspertlər hesab edirlər ki, büdcənin hələ də enerji daşıyıcılarından gələn qazancdan asılı olması risk faktoru olaraq qalır.

XS
SM
MD
LG