Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Əhsən Nuruzadə 'bandotdel'dən tapıldı


Əhsən Nuruzadə

Yanvarın 24-dən yoxa çıxmış dindar Əhsən Nuruzadənin yeri bəlli olub. Altı gün sonra onun yaxınlarına məlumat verilib ki, Əhsən Nuruzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında «Bandotdel» deyirlər – AR) saxlanılır. Amma onun saxlanılma səbəbi və ötən müddətdə ailəsinə niyə məlumat verilməməsi haqda heç nə deyilməyib.

Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmənin daimi iştirakçılarından biri idi. O, yanvarın 24-də axşam saat 17.00 radələrində siqaret almağa evdən çıxıb və bir daha geri qayıtmayıb.

Buna da bax-Ana oğlunu bir həftədir tapa bilmir

Bu müddətdə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubovdan tutmuş, müxtəlif polis idarələri, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəlif qurumlara müraciət etsələr də, onun yerini öyrənə bilmirdilər.

XATIRLATMA

Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar Facebook-da yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Nardaran hadisələri ilə bağlı tutulanlardan başqa bir qrupun isə hazırda məhkəməsi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG