2027-ci ildən Azərbaycanda vətəndaşların məşğulluğu, sosial durumu, yaşayış şəraiti və rəqəmsal imkanları barədə məlumatlar vahid elektron uçota alınacaq. Bu yenilik şəxsi həyatın toxunulmazlığı və toplanan məlumatların hansı məqsədlərlə istifadə ediləcəyi ilə bağlı suallar doğurur.
"İndiyə qədər heç kim qapımı döyüb necə yaşadığımızı, nəyə ehtiyacımız olduğunu soruşmayıb. İndi isə evimizdə nə var, nə yox, hamısını bilmək istəyirlər", – Bakıda yaşayan A.T. yeni qərarla bağlı belə deyir.
"Evin kvadratı, həyətdə hələ tikib qurtarmadığımız hamam-tualetin vəziyyəti… Hətta noutbukun, planşetin sayını soruşacaqlar, həyətdəki həftədə iki-üç yumurta verən toyuq-cücəmizi sayacaqlar. Bunların nəyinə lazımdır axı? İnsanın evi onun qalasıdır, bir məhrəmliyi var. Qapıdan içəri bu qədər girmək olmaz. Hələ qardaşım Almaniyada işləyir, onun dəqiq yerini, qayıdacağı vaxtı da soruşa bilərlər. Heç özümüz ondan hər şeyi soruşmuruq. Öz həyatı var, istəmirik elə bilsin ki, hər addımına qarışırıq. Bəs dövlət niyə bunları soruşmalıdır?", – o əlavə edir.
A.T. deyir ki, əsas narahatlığı ailəsinə məxsus şəxsi məlumatların harada, kimlərin əlində və hansı məqsədlərlə istifadə olunacağı sarıdandır.
Dövlət vətəndaşlar haqqında nələri bilmək istəyir?
Dövlət Statistika Komitəsinin (DSK) 13 oktyabr 2026-cı il tarixli qərarına əsasən, yanvarın 1-dən ev təsərrüfatlarının uçotu zamanı kompüter, noutbuk, planşet və internet təminatı da siyahıya alınacaq. Əslində, Nazirlər Kabinetinin 22 may 2024-cü il qərarı ilə tənzimlənən və yerli icra hakimiyyəti nümayəndələrinin yanvar ayı boyunca apardığı bu sorğu yeni deyil, sadəcə əhatə dairəsi genişləndirilib.
Yenilənmiş qaydalara görə, vətəndaşların ad-soyadı, ata adı, FİN-i, milliyyəti, vətəndaşlığı, doğum tarixi və yeri, eləcə də ailədaxili qohumluq əlaqələri toplanır. Siyahıya həmçinin təhsil səviyyəsi, elmi dərəcəsi, təhsil müəssisəsi, ixtisası, məşğulluğu və iş sahəsi kimi göstəricilər daxildir. Bundan əlavə, dövlət qurumları vətəndaşların pensiya və sosial müavinətlərini, ünvanlı sosial yardımlarını, əlillik vəziyyətini, hərbi mükəlləfiyyətini, telefon nömrəsini və elektron poçt ünvanını da uçota alır. Sənəddə ailə üzvlərinin yerdəyişməsi də izləniləcək: müvəqqəti və ya daimi köçənlərin haradan və hara, nə vaxt, hansı səbəbdən getdiyi dəqiq göstərilməlidir. Uçot ev şəraitini və əmlakı da bütün detalları ilə əhatə edir. Bura mənzilin sahəsi, otaq sayı, mərtəbəsi, tikilmə ili və kommunal təminatı (su, qaz, istilik, kanalizasiya) ilə yanaşı, internetə çıxış və rəqəmsal cihazların mövcudluğu aiddir. Eyni zamanda avtomobil, kənd təsərrüfatı texnikası, torpaq sahələri, əkinçilik, məhsul istehsalı, mal-qara, quşlar və arı ailələri haqqında məlumatlar da toplanır.
Komitənin təsdiqlədiyi göstərişlərin 2.7-ci bəndinə əsasən, bu məlumatlardan əhalinin milli, sosial, cins və yaş tərkibini müəyyənləşdirmək, torpaq və əmlak vəziyyətini öyrənmək, həmçinin seçki və referendum siyahılarını tərtib etmək üçün istifadə olunur. Amma bəndin sonundakı "və s. məqsədlər" ifadəsi toplanan bu geniş məlumat bazasının başqa hansı istiqamətlərdə tətbiq ediləcəyini qeyri-müəyyən saxlayır.
Qanun nə deyir?
Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi və ailə həyatının toxunulmazlığını təmin edir. "Fərdi məlumatlar haqqında" Qanun isə şəxsi məlumatların qanuni əsaslarla, əvvəlcədən müəyyən edilmiş məqsədlər üçün və həmin məqsədlərə uyğun həcmdə toplanmasını nəzərdə tutur. "İnformasiya əldə etmək haqqında" Qanunun 38-ci maddəsi də şəxsi məlumatların toxunulmazlığını qoruyur və onların yalnız qanunla icazə verilən hallarda toplanmasını mümkün sayır.
Azərbaycan həm də Avropa Şurasının fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi zamanı şəxslərin qorunmasına dair 108 saylı Konvensiyasının iştirakçısıdır. Bu sənəd dövlət qurumları və özəl şirkətlərin üzərinə topladıqları fərdi məlumatların məxfiliyini beynəlxalq standartlara uyğun qorumaq öhdəliyi qoyur. Həmçinin bu məlumatların icazəsiz girişdən, sızmalardan və məhv olunmaqdan mühafizəsi üçün ciddi texniki və təşkilati tədbirlərin görülməsini vacib sayır.
BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 17-ci maddəsi də şəxsi və ailə həyatına özbaşına və qanunsuz müdaxiləni qadağan edir.
Hüquqşünas Yalçın İmanov hesab edir ki, ev təsərrüfatları haqqında məlumatların toplanması həm də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi baxımından qiymətləndirilməlidir. Azərbaycanın qoşulduğu bu sənədin 8-ci maddəsinə görə, şəxsi həyata müdaxilə qanuna əsaslanmalı və legitim məqsəd daşımalıdır.
Y.İmanov bildirir ki, məlumatların toplanması üçün normativ sənədin mövcudluğu özlüyündə həmin müdaxilənin hüquqa uyğun olduğunu göstərmir. Toplanan məlumatların həcmi və onların istifadəsi qarşıya qoyulan məqsədə mütənasib olmalıdır: "Şəxsi və ailə həyatına müdaxilə yalnız qanunla nəzərdə tutulduqda və milli təhlükəsizlik, ictimai asayiş, ölkənin iqtisadi rifahı, cinayətlərin qarşısının alınması, sağlamlığın, mənəviyyatın və ya başqalarının hüquq və azadlıqlarının müdafiəsi kimi legitim məqsədlərə xidmət etdikdə mümkün ola bilər. Lakin legitim məqsədin mövcudluğu da kifayət deyil. Müdaxilə demokratik cəmiyyətdə zəruri və qarşıya qoyulan məqsədə mütənasib olmalıdır".
O söyləyir ki, bu proses qanunçuluq, konfidensiallıq və məlumatların toplanması məqsədlərinə uyğunluq tələblərinə cavab verməlidir. Vətəndaş isə öz məlumatlarının hansı hüquqi əsasla toplandığını və işləndiyini öyrənmək, bunun əsaslandırılmasını tələb etmək hüququna malikdir.
Kanada təcrübəsi
Kanadada yaşayan azərbaycanlı Şəhla Əliquliyeva AzadlıqRadiosuna danışır ki, bu ölkədə də əhalinin gəlirləri, məşğulluğu, yaşayış şəraiti və elektron cihazlardan istifadəsi barədə məlumatlar toplanır. Bu prosesi federal statistika qurumu – "Statistics Canada" həyata keçirir. Beş ildən bir keçirilən ümumi əhali siyahıyaalınması bütün əhalini əhatə etdiyi halda, internetdən istifadə və ev təsərrüfatlarının xərcləri ilə bağlı ayrıca sorğular könüllüdür: "İnternet və cihazlardan istifadə haqda məlumatlara gəlincə, iki sorğuda bu növ məlumatlar toplanır: Kanada internetdən istifadə sorğusu və ev təsərrüfatı xərcləri sorğusu. Birincidə insanların internetə hansı yolla, hansı cihazlarla qoşulmasını öyrənirlər. İkinci sorğunun sualları arasında isə insanların cihazlara və internet bağlantısına nə qədər pul xərclədiyi haqda suallar da var. Hərçənd bu sorğuda yemək, geyim və başqa istehlak mallarına xərclənən məbləğləri də soruşurlar. Məqsəd internet infrastrukturunu qaydasında saxlamaq və yaxşılaşdırmaqdır. Hər iki sorğuda suallara cavab vermək tamamilə könüllüdür. Sorğunu keçirən qurumun hər hansı əməkdaşı hər hansı sakinin məlumatını polisə ötürsə, qanunla cinayət məsuliyyətinə cəlb olunar".
Ş.Əliquliyeva Azərbaycanda xaricdə yaşayan ailə üzvlərinin ölkədən getmə səbəblərinin və tarixlərinin soruşulmasını xüsusilə narahatedici sayır. Bildirir ki, Kanadada insanların başqa ölkələrdə yaşaması və işləməsi adi haldır, ümumi siyahıyaalmada isə xaricdə yaşayan qohumların niyə getdiyi barədə bu formada suallar verilmir.
Başqa ölkələrdə vəziyyət necədir?
Dünyanın bir çox ölkəsində əhalinin yaşayış şəraiti, gəlirləri və rəqəmsal imkanları barədə məlumatlar toplanır, amma bunun mexanizmi və hüquqi çərçivəsi fərqlənir. Avropa İttifaqı (Aİ) ölkələrində proses Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) ilə tənzimlənir və burada "məlumatların minimallaşdırılması" prinsipi əsas götürülür; yəni dövlət yalnız konkret məqsəd üçün zəruri olan ən minimal məlumatı toplaya bilər. Məsələn, Almaniyada şəxsi məlumatların dövlət tərəfindən toplanmasına xüsusilə sərt yanaşılır. Ölkədə yaşayış şəraiti əhalinin yalnız 1 faizini əhatə edən seçmə sorğu ilə, rəqəmsal imkanlar isə təxminən 12-15 min ev təsərrüfatı arasında könüllülük əsasında öyrənilir.
Aİ-nin üzvü olmasa da, Avropa İqtisadi Zonası vasitəsilə GDPR qaydalarını tətbiq edən Norveçdə vətəndaşların gəlirləri, sərvətləri və ödədikləri vergilər barədə məlumatlar ictimaiyyətə açıqdır. Lakin həmin məlumatlara baxmaq üçün şəxsiyyəti təsdiqləmək lazımdır. Vətəndaş vergi sistemində öz məlumatlarına kimin baxdığını görə bilir. Jurnalistlər isə məmurları araşdırarkən bu məlumatları gizli (anonim) şəkildə yoxlaya bilirlər. Əhali və mənzil siyahıyaalınması evləri gəzərək deyil, mövcud dövlət reyestrləri əsasında həyata keçirilir. Kompüter və internetdən istifadə barədə məlumatlar bütün ev təsərrüfatlarının məcburi uçotu ilə deyil, könüllü seçmə sorğularla öyrənilir.
ABŞ-də isə hər 10 ildən bir keçirilən ümumi əhali siyahıyaalınması (U.S. Census) əsasən demoqrafik göstəriciləri və mənzil şəraitini əhatə edir. ABŞ qanunvericiliyinə (ABŞ Məcəlləsinin 13-cü bölməsinə) görə, toplanan şəxsi məlumatlar yalnız statistika üçün istifadə olunur. Bu məlumatların polisə, vergi orqanlarına və məhkəmələrə verilməsi qadağandır.
Keçmiş sovet ölkələrində sovet dövründən qalma kağız "təsərrüfat kitabları" artıq tədricən elektron sistemlərlə əvəzlənir. Rusiyada 2024-cü ildən şəxsi yardımçı təsərrüfatların elektron uçotu tətbiq olunur. Vətəndaşların torpaq sahələri, mal-qarası, quşları, arı ailələri və kənd təsərrüfatı texnikası barədə məlumatlar siyahıya alınır, amma vətəndaşların bu məlumatları təqdim etməsi könüllüdür. Belarusda da kənd və qəsəbə icra komitələri ailələrin yaşayış şəraiti və təsərrüfat göstəricilərinin uçotunu aparır.
Hüquq müdafiəçiləri və rəqəmsal hüquq ekspertləri xəbərdarlıq edirlər ki, nəzarətsiz və məqsədi tam aydın olmayan bu cür geniş elektron bazaların yaradılması təhlükəlidir. Onların fikrincə, yalnız zəruri məlumatları toplamaq qaydasına əməl olunmasa, şəxsi həyata tam nəzarət və məlumat sızması riski ciddi şəkildə artacaq.
Kanadada yaşayan Ş.Əliquliyevanın sözlərinə görə, bu ölkə ilə Azərbaycan arasındakı əsas fərq təkcə məlumatların toplanma qaydasında deyil, insanların dövlətə olan etimadındadır: "Dövlət özünə sual verməlidir ki, mən vətəndaşın etibarını qazana bilmişəmmi? Vətəndaş mənə inanmırsa, yaxın və uzaq keçmişdəki hansı addımlarıma görə inanmır… Azad mətbuatın susdurulduğu, müzakirə meydanlarının bağlandığı bir ölkədə sağlam fikir mübadiləsi yoxdur. Ona görə də vətəndaşın bu məsələyə şübhə ilə yanaşması tamamilə təbiidir. Dövlət vətəndaşın hər addımından çəkinəndə vətəndaş da dövlətin hər addımından ehtiyat edəcək".