Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:48

Azərbaycanın ən sıx və ən seyrək sakinli bölgəsi hansıdır?


Qubanın boşalan kəndləri - ailə sayı az qala 10 dəfə azalıb
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Qubanın boşalan kəndləri - ailə sayı az qala 10 dəfə azalıb

Rəsmi rəqəmlərə görə, hazırda ölkənin ərazi baxımından ən böyük rayonu Kəlbəcərdir. Buranın ərazisi 3.05 min kvadratkilometrdir. Bu o deməkdir ki, Kəlbəcər rayonu Azərbaycan Respublikası ərazisinin (86 min kvadratkilometr) 3.5 faizidir. Burası da bilinsin ki, hazırda Azərbaycan Kəlbəcər rayonunun bütün ərazisinə nəzarət edə bilmir. Axı Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarına əsasən, Ağdərə rayonu ləğv edilmiş, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Həmin qərara görə, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib.

Ancaq Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan və Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edən 10 noyabr sazişində Qarabağın münaqişə başlayanadək mövcud olan inzibati sərhədləri əsas götürülüb. Bu üzdən, 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsi nəticəsində Kəlbəcər rayonuna birləşdirilən ərazilərə indi Azərbaycan tərəfi nəzarət etmir. Kəlbəcər ərazisinə görə ölkənin ən böyük rayonu olsa da, rayonun əhalisi bir o qədər çox deyil. Bu ilin əvvəlinə Kəlbəcərin əhalisi cəmi 95 min nəfər olub. Elə həmin səbəbdən, Kəlbəcər ölkədə əhali sıxlığının ən seyrək olduğu regionlardan biridir.

Azərbaycanda ərazisinə görə ən böyük ikinci rayon Qubadır. Quba rayonunun sahəsi 2.61 min kvadratkilometrdir. Ölkədə ərazisinə görə üçüncü yeri Şəki rayonu tutur – 2.43 min kvadratkilometr. Quba və Şəki rayonlarının əhalisi Kəlbəcərlə müqayisədə daha çoxdur. Hazırda Quba rayonunun əhalisi 176 min nəfərə, Şəki rayonunun əhalisi 190 min nəfərə yaxındır. Bütövlükdə ərazisi iki min kvadratkilometrdən çox olan cəmi beş rayon və şəhər var. Ərazisinin həcmi baxımından dördüncü yeri paytaxt Bakı tutur. Buranın inzibati ərazisinin toplam sahəsi 2.14 min kvadratkilometrdir. Beşinci böyük rayon İsmayıllıdır. Buranın ərazisi 2.07 min kvadratkilometrdir. Toplamda bu beş rayon və şəhər ölkə ərazisinin 14.2 faizini əhatə edir.

Cədvəl: Ərazisinə görə Azərbaycanın ən böyük 10 rayon və şəhəri

Rayon və şəhərlər

Ərazi (min kv.km)

1

Kəlbəcər

3.05

2

Quba

2.61

3

Şəki

2.43

4

Bakı

2.14

5

İsmayıllı

2.07

6

Abşeron

1.97

7

Tovuz

1.94

8

İmişli

1.89

9

Laçın

1.84

10

Ağcabədi

1.76

Bəs ən kiçiklər?

Azərbaycandakı rayon və şəhərlər arasında ən kiçiyi Azərbaycanın nəzarətində olmayan Xankəndi şəhəridir. Şəhərin ərazisi cəmi 8 kvadratkilometrdir. Ümumiyyətlə, ölkədə ərazi sayına görə ən kiçik ilk yeddi inzibati ərazi vahidi (Xankəndi, Naftalan, Şirvan, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərləri) şəhərlərdən ibarətdir.

Sırf rayonlara baxınca, ölkənin ərazi baxımından ən kiçik rayonları Sədərək (220 kvadratkilometr), Şuşa (310 kvadratkilometr), Astara (620 kvadratkilometr) və Yardımlı (670 kvadratkilometr) rayonlarıdır.

Ən çox sıxlıq Sumqayıtdadır

Ərazisinin məskunlaşma səviyyəsini ölçmək üçün istifadə edilən göstəricilərdən biri də əhalinin sıxlığıdır. Əhalinin sıxlığı dedikdə rayon və ya şəhərin hər 1 kvadratkilometrinə düşən sakin sayı nəzərdə tutulur. Bu göstəriciyə əsasən, Azərbaycanın nəzarətində olmayan Xankəndi şəhərini nəzərə alınmasa, ölkədə ən sıx məskunlaşılmış ərazi Sumqayıt şəhəridir. Hazırda, rəsmi rəqəmlərə görə, şəhərdə hər kvadratkilometr əraziyə 3 min 853 sakin düşür. Bu göstəriciyə görə ikinci yerdə olan Gəncədə həmin göstərici 3 min 53-dür. Əhali sıxlığının ən yüksək olduğu üçüncü şəhər Şirvandır. Şirvanda hər kvadratkilometrə düşən sakin sayı 1 min 260 nəfərdir. Ölkənin ən böyük yaşayış məntəqəsi olan Bakıda həmin rəqəm 1 min 76-dır. Ancaq nəzərə almaq lazımdır ki, alternativ hesablamalarda Bakı şəhərinin əslində daha çox - ən azı, 3 milyon nəfərdən artıq əhalisi olduğu bildirilir. Bu baxımdan, Bakıdakı göstəricinin rəsmi açıqlanan rəqəmdən daha yüksək olduğunu ehtimal etmək olar. Bütövlükdə Azərbaycanda cəmi beş şəhərdə - Xankəndi, Sumqayıt, Gəncə, Şirvan və Bakıda hər bir kvadratkilometrə düşən sakin sayı mindən çoxdur.

Hər kvadratkilometrə cəmi 10 nəfər

Əhali sıxlığına görə ölkənin ən seyrək məskunlaşılmış rayonu Xızıdır. 1.67 min kvadratkilometr ərazisi və cəmi 17 min əhalisi olan rayonda hər bir kvadratkilometrə düşən əhali sayı təxminən 10 nəfərdir. Bu, ölkənin bütün rayon və şəhərləri arasında ən aşağı göstəricidir. Hər kvadratkilometr əraziyə düşən əhali sayına görə ən aşağı göstəriciyə malik olan digər rayonlar Xocalı (29 nəfər), Şahbuz (30 nəfər), Xocavənd (30 nəfər) və Kəlbəcərdir (31 nəfər).

Azərbaycanda bütün ölkə üzrə hər kvadratkilometrə 117 nəfər düşür. Əhali sıxlığına iqtisadi rayonlar üzrə göz atdıqda ölkədə Bakıdan sonra ən yüksək göstəricinin Lənkəran-Astara iqtisadi rayonunda qeydə alındığı görünür. Əhali sıxlığının ən aşağı olduğu iqtisadi rayonsa Şərqi Zəngəzurdur.

Cədvəl: İqtisadi rayonlar üzrə hər kvadratkilometrə düşən əhali sayı

İqtisadi rayonlar

Əhalinin sıxlığı

1

Bakı şəhəri

1076

2

Lənkəran-Astara

158

8

Abşeron-Xızı

155

7

Gəncə-Daşkəsən

116

4

Mərkəzi Aran

111

3

Qarabağ

101

5

Qazax-Tovuz

98

10

Mil-Muğan

93

12

Naxçıvan MR

84

11

Şirvan-Salyan

83

9

Quba-Xaçmaz

81

6

Şəki-Zaqatala

72

14

Dağlıq Şirvan

53

13

Şərqi Zəngəzur

46

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG