Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 09:08

Əfvə reaksiyalar : 'Buz tərpəndi, cənablar...'


İlkin rüstəmzadə, 17 may 2013
İlkin rüstəmzadə, 17 may 2013

Əliməmməd Nuriyev: "Əfv prezidentin fəaliyyətinin humanizm və mərhəmət prinsiplərinə söykəndiyini göstərir"

“431 nəfərin əfv edilməsi ilə bağlı sərəncamın imzalanması dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir”

Bunu hüquqşünas, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev dövlət başçısı İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

O, bildirib ki, bu, prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır:

“ Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Onların mütləq əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunublar. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanan əfv sərəncamı 634 nəfərə şamil edildi. Bu il əfv edilən 431 nəfərdən 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, ömürlük azadlıqdan məhrum edilən üç məhkumun cəzası müddətli azadlıqdan məhrumetmə ilə əvəzlənib. Bu sərəncam ümumilikdə yüzlərlə ailəyə, minlərlə insana sevinc bəxş etdi”

Əliməmməd Nuriyev vurğulayıb ki, sərəncamla bağlı ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, hüquq-müdafiə təşkilatlarının müraciətləri əsasında 52 nəfər əfv olunub:

“ Bu, olduqca böyük göstəricidir. Bu, həm də dövlətimizin başçısının Azərbaycan Respublikasının bütün vətəndaşlarına humanizm və mərhəmət prinsipləri əsasında yaxınlaşmasının göstəricisidir. Digər bir məsələ ondan ibarətdir ki, bütövlükdə əfv sərəncamları Cinayət Məcəlləsinin bu və digər maddələrinin demək olar hamısını əhatə edib. Təbii ki, burada vacib məqam məhkumun şəxsiyyəti, onun davranışları, ümumi vəziyyəti, zərərçəkmişin mövqeyi, ailə vəziyyəti, səhhəti və s. amillər nəzərə alınaraq, obyektiv qərarların qəbul olunmasıdır. Bütün müraciətlər əfv komissiyasında diqqətlə və obyektiv qaydada araşdırılıb. Siyahıda azad edilmiş şəxslərə baxdıqda cəmiyyətin müxtəlif təbəqələrinə aid şəxslərin olduğunu görə bilərik. Bu da humanizmin, mərhəmətin təzahürüdür. Bu, onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının qayğısına qalır”

***

Əli K'rimli: "Bu, yaxşı xəbərdir, sevinirik, məmnunuq, amma..."

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də AzadlıqRadiosuna açıqlamasında prezidentin əfv sərəncamına münasibətini bildirib: “Əlbəttə, bu gün yaxşı gündür. Bəzi siyasi məhbuslar, o cümlədən mənim müavinlərim Gözəl Bayramlı, Fuad Qəhrəmanlı azad olunub. Bu, yaxşı xəbərdir, sevinirik, məmnunuq, amma yetərli deyil. Əslində, həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan xalqı hakimiyyətdən tələb edirdi ki, nəhayət bu siyasi məhbus problemi öz həllini tapmalıdır. Ölkənin milli maraqları tələb edir ki, bu haqsızlıq aradan qalxsın. Bu insanlar onsuz da uzun illərdir haqsız yerə həbsdə saxlanılırlar. Çox təəssüf ki, İlham Əliyev bu fürsəti də axıra qədər dəyərləndirmədi”.

Əli Kərimli
Əli Kərimli

AXCP sədrinin sözlərinə görə hələ də ölkə həbsxanalarında 100 nəfərdən artıq siyasi məhbus qalır. “O cümlədən AXCP-nin bu fərmana qədər 13 üzvü siyasi məhbus idi. İndi onlardan 9 nəfəri həbsdə qalır”, - o, əlavə edir.

Əli Kərimlinin qənaətincə, görülən işlər yetərli deyil:

“Siyasi məhbus problemi hələ də tam həllini tapmayıb. Mübarizəmiz davam etməlidir”.

İlkin hesablamalara görə prezidentin sərəncamı ilə martın 16-da siyasi motivlə həbs edildiyi söylənilən təxminən 50 məhbus əfv edilib. Son illərdə bu sayda siyasi məhbus hesab edilən şəxs azadlığa çıxmamışdı.

AXCP sədri burda bir yox, bir neçə səbəb olduğunu bildirir.

“ Beynəlxalq birliklə hakimiyyət arasında gərginlik artırdı. Avropa Birliyinin parlament səviyyəsində qətnaməsi vardı və orda siyasi məhbus sayılan şəxslərin azad edilməsi tələb olunurdu. ABŞ Dövlət Departamentinin bugünlərdə çıxan hesabatı da sərt və prinsipial idi. Avropa Şurası mütəmadi sözügedən mövzuya toxunur, məruzəşi belə təyin etmişdi. Digər tərəfdən siyasi məhbusların bu qədər çox olması ölkəni beynəlxalq təcridə gətirirdi”.

Əli Kərimli deyir ki, digər tərəfdən cəmiyyətin hakimiyyətə münasibəti sərtləşirdi.

“19 yanvar mitinqindən sonra hakimiyyət anladı ki, beynəlxalq ictimaiyytlə yanaşı ölkə ictimaiyyəti ilə də hesablaşmaq lazımdır. Buna görə də sosial problemlərlə bağlı addım atıldı, ünsiyyətdə daha sivil forma seçildi. Görünür, bu sərəncam da həmin siyasətin davamıdır”, - deyə AXCP sədri fikrini tamamlayır.

Əfvə siyasi məhbus siyahılarından 50 şəxsin adı düşüb.

Azərbaycan prezidenti İlham Əliyev martın 16-da imzaladığı əfv sərəncamında yer alan təqribən 50 civarında şəxs siyasi məhbus sayılır. Həmin şəxslərin adı yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladıqları siyahılarda yer alır. Amma Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahı yoxdur.Onların bəzilərində ümümilikdə 130, bəzilərində isə daha çox məhkumun adı yer alırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hüquq müdafiəçisi: “Yeni əfv sərəncamına ehtiyac var”

Elşən Həsənov, 2012
Elşən Həsənov, 2012

“Azadliğa çıxan bütün insanları təbrik edirəm, gözləri aydın…”.

Siysi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) rəhbəri, hüquq müdafiəçisi Elşən Həsənov bunu dövlət başçısının martın 16-da imzaladığı əfv sərəncamını şərh edərkən bildirib.

E.Həsənov hesab edir ki, siyasi məhbuslardan bəzilərini azad etməklə siyasi məhbus problem həll edilmir: “ Amma biz bu dəfə siyasi məhbus probleminin həll oluna biləcəyini dşünürdük. Ona görə də bu əfv sərəncamını dəstkləyə bilmirəm”.

Hüquq müdafiəçisi düşünür ki, artiq yeni, həm də siyasi məhbus məsələsini birdəfəlik həll dəcək əfv sərəncamına ehtiyac var.

***

Novella Cəfəroğlu: “Bundan sonra daha çox adam azadlığa çıxacaq”

Novella Cəfəroğlu, 10 dekabr 2009
Novella Cəfəroğlu, 10 dekabr 2009

“Ən çox da Gözəl Bayramlının, Əli İnsanovun, İlkin Rüstəmzadənin azadlığa çıxmasına sevinirəm”, - hüquq müdafiəçisi Novella Cəfəroğlu prezidentin martın 16-da imzaladığı əfv sərəncamından danışarkən belə deyir. O, Prezident yanında əfv komissiyasına təqdim etdikləri siyahıda adı olanların çoxunun azadlığa çıxdığını və buna çox sevindiyini bildirir.

“Elə uşaqlar var, adları sərəncama düşməyib. Amma “Buz tərpəndi, cənablar”. Bundan sonra daha çox adam azadlığa çıxacaq. Əminik ki, kimi apelyasiya ilə, kimi məhkəməylə buraxdıracağıq, Allah qoysa. Biz orda olanların hamısını yavaş-yavaş buraxdırmağa çalışacağıq. Buraxacaqlar da”.

Hüquq müdafiəçisi hesab edir ki, indi Azərbaycanın məqsədi Qarabağ məsələsini həll etməkdir.

“Ona görə də bu məsələsini birdəfəlik həll edib qurtarmalıyıq. Daha sonra iqtidarlı-müxalifətli torpaqları qaytarmalıyıq”.

Novella Cəfəroğlu əfv sərəncamını müsbət dəyərləndirir.

O, prezidentə və bu məsələdə digər əməyi olan şəxslərə təşəkkürünü bildirir.

***

Ələsgər Məmmədli: “Biz siyasi məhbus istehsal edən sistemdən imtina etməliyik”

Ələsgər Məmmədli, 2 noyabr 2010
Ələsgər Məmmədli, 2 noyabr 2010

Hüquqşünas Ələsgər Məmmədli də əfv sərəncamı müsbət dəyərləndirir. Sərəncamda bir xeyli siyasi məhbusun da adının olduğunu bildirir. Amma bununla belə çox sayda siyasi məhbus sayılan şəxsin həbsdə qalmasına təəssüflənir:

“Cəmiyyətdə onların günahsız olduğu və siyasi məqsədlərlə həbs edildiyi təsəvvürü var. Bununla bağlı artıq, çoxsaylı çağırışlar edilmişdi. Amma fakt budur ki, Əfqan Muxtarlı, Seymur Həzi kimi məhbsuların adının siyahıda olmaması və hələ də içəridə xeyli siyasi məhbusun qalması çox üzücüdür”.

Ələsgər Məmmədli prezident İlham Əliyevin martın 1-də sənətçilərlə görüşdə məhkəmə və hüquq sahəsində islahatına ehtiyac olması barədə söylədiyi fikri xatırladır. Hüquqşünas da bu islahatın zəruriliyini dəstklədiyini və polisdə, istintaq orqanlarında, prokurorluqda, məhkəmədə, vəkillikdə, penitensiar orqanda “ciddi, vətəndaş cəmiyyətinin dəstəkləyəcəyi” islahata ehtiyac olduğunu bildirir.

“İldə bir-iki dəfə imzalanan əfv sərəncamına, 5-6 ildən bir verilən amnistiya aktına ümid edib düşünsək ki, bu, ədaləti gətirəcək, bu, özünü aldatmadqan başqa bir şey olmayacaq. Biz siyasi məhbus, vicdan məhbus istehsal edən sistemdən imtina etməliyik... Bu, çox önəmlidir”, - deyərək hüquqşünas fikrini tamamlayır.

***

Sevinc, həyəcayan, göz yaşı. Bəziləri fikirlərini toparlamaqda çətinlik çəkir, bəziləri sualı eşidə bilmir. Prezidentin martın 15-də imzaladığı əfv sərəncamı ilə azad olunan, siyasi məhbus sayılanların yaxınlarının, doğmalarının reaksiyasını məhz bu üç halla ifadə etmək olar.

Bir çox ailələrdən ötrü xəbər gözlənilməz olub, hətta bir çoxunun yaxınları bazar günü ( sabah martın 17-si) həbsxanalara getməyə, bayram sovqatı aparmağa hazırlaşırmış.

İlkin Rüstəmzadənin anası: “İlkin dedi ki, mənim adım olmayacaq”

6 ildən çoxdur həbsdə olan İlkin Rüstəmzadə də əfv edilənlər sırasındadır. Anası Atlas Hüseynova “alo” deyir. Sonra hıçqırıq eşidilir, amma çalışıb özünü ələ alır:

“Əlim-ayağım dolaşır bir-birinə. Hazırlıqdaydım, uşaqlarla hazırlıq keçirdim. Zəng vurdular, xəbəri dedilər, dəli kimi olmuşam”.

Azacıq fasilə verən ana davam edir:

“Özü dünən zəng vurmuşdu, dedi ki, mənim adım olmayacaq”.

Atlas Hüseynova deyir ki, bayram tədarükü görsə də, oğlu ona, hələlik, gəlməmələrini tapşırıb:

“Dedi ki, 20-də gəlin, bayramqabağı gələn çox olur, qarışıqlıq yaranır. Elə dünən zəng vurmuşdu, biz də sakitcə oturmuşduq”.

Ana oğlunun əfvindən ötrü müraciət etmədiklərini bildirir.

Qərar gözlənilməz oldu

Qiyasaddin Ibrahimov
Qiyasaddin Ibrahimov

​Qiyas İbrahimovun anası:

“Hazırlıq görürdüm sabah yanına getməyə”

Qiyas İbrahimovun anası Şura Əmiraslanova da sevincəkdir. Deyir ki, qərar ondan ötrü də gözlənilməz olub.

“Gözləmirdim. Konkret deyim. Hazırlıq görürdüm sabah ( martın 17-də) yanına getməyə. İndi evdə qarşılayacam. Bayramın anasıgillə danışmışdım bu səhər. Martın 19-da əmsigil yanına gedəsiydi”.

“Görəsən bu gün buraxmazlar?”

Gözəl Bayramlı
Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlının bacısı Şirin Ələkbərova isə söhbətə sualla başlayır:

“Görəsən bu gün buraxmazlar?”

O hüquq müdafiəçilərinin əfvdən ötrü müraciət etdiklərini eşitdiyini söyləyir. Amma bacısı ilə bu məsələ barəsində danışmadıqlarını bildirir:

“Özü ilə martın 13-də görüşmüşdük, dünən də zəng etmişdi, amma heç nə demədi. Biz də bu barədə danışmadıq. Ümidləndirmək istəmədik”.

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev Martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncamı ümümilikdə 431 nəfərə şamil edilib.

Əfv sərəncamı ilə azadlığa çıxanların bəziləri siyasi məhbus sayılan şəxslərdir. Amma siyasi məhbus sayılanlardan bəziləri əfv sərəncamına düşməyib.Onların arasında jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi, Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Fuad Əhmədli və başqaları da var.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda bu sərəncama qədər 130 civarında siyasi məhbus var. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG