Mayın 7-də Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.
Komissiyanın üzvü Əliməmməd Nuriyev “Turan” agentliyinə bildirib ki, son iclasda yüzdən çox müraciətə baxılıb.
Komissiya bu ilin yanvarından başlayaraq müraciətlərə baxmağa başlayıb. Mətbuatın məlumatına görə, komissiyaya mindən çox müraciət daxil olub. İndiyə kimi həmin müraciətlərin çoxuna baxıldığı deyilir.
Xatırlatma
Prezident sonuncu dəfə əfv fərmanını 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi (28 may) ərəfəsində yeni əfv fərmanının imzalanacağı gözlənilir.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.