Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:18

Hamının hamıya qarşı 40 illik müharibəsi


Əfqanıstan
Əfqanıstan

«Əfqanıstan. Üçüncü cəbhə xətti» filmi jurnalist Shahida Yakub-un «Hadisələrin kadrarxası» müəllif layihəsinin bir hissəsidir. Jurnalist ölkənin əsas şəhərlərini gəzib, hərbçilər, polislər, terror aktlarında zərərçəkmişlər, keçmiş İŞİD əsirləri və adi sakinlərlə, o cümlədən keçmişdə islamçıların radikal ideologiyasına meyllənmiş tələbələrlə danışıb.

Əfqanıstanın gələcəyi ilə bağlı proqnozlar o qədər də ümidverici deyil. ABŞ Milli Kəşfiyyat Agentliyinin rəhbəri Dan Coats-ın sözlərinə görə, gələn il ölkədə durum daha da ağırlaşacaq.

KABİL

Ölkənin paytaxtı Kabil dünyanın ən təhlükəli şəhərlərindən biridir. BMT-nin məlumatlarına görə, son yarım il ərzində burada törədilən teraktlarda mindən çox insan həyatını itirib.

Partlayışlardan biri bir ay öncə İmam Zaman məscidində baş verib. Cümə günü məscidin içərisi dolu olan vaxt intiharçılar partlayış törədib, ardınca isə silahlılar içəri girərək insanları güllələməyə başlayıblar. Atışma dörd saat davam edib.

Kabilin tarixi Qala Najara məhəlləsində yerləşən İmam Zaman məscidi şiə məscididir. Hadisəyə görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Kabildə əhəmiyyətli binalar tikanlı məftillərlə hasarlanıb. Heç bir binaya ciddi yoxlamadan keçmədən və əvvəlcədən bildiriş təqdim etmədən girmək mümkün deyil.

MƏZARİ-ŞƏRİF, ŞƏBƏRQAN, CAUZCAN ƏYALƏTİ

Yaxın vaxtlara qədər Cauzcan əyalətində sakitlik idi. Ancaq indi yalnız onun paytaxtı Şəbərqan şəhərində sakitçilikdir. Şəhərin kənarlarında əfqan hökumət ordusuyla İŞİD və «Taliban» arasında döyüşlər gedir.

Dinc əhali seçim qarşısında qalıb: ya İŞİD, yaxud «Taliban»ın nəzarətində qalmalı, ya da məcburi köçkünə çevrilməlidirlər. Şəbərqandakı müvəqqəti düşərgədə yaşayanlar kimi.

Təkcə bu il 90 mindən artıq adam müharibə bölgələrini tərk edib
Təkcə bu il 90 mindən artıq adam müharibə bölgələrini tərk edib

Bu insanlar İŞİD və taliblərdən qaçıblar, həyatları təhlükədədir. Buna görə onların görüntüsünü çəkmək və ya onlarla danışmaq olmaz.

BMT-nin məlumatına görə, Əfqanıstanda məcburi köçkünlərin sayı 1.2 milyondan çoxdur. Təkcə bu il 90 mindən artıq adam müharibə bölgələrini tərk edib. Bu ərazilərdə həyat onsuz da ağırdır: su yoxdur, sakinlər dağlardan qarı yığaraq quyularda saxlayır, 9 ay bu qar ərintisini içirlər. Elektriksə günəş batareyaları sayəsində mövcuddur.

XAYRATON, ÖZBƏKİSTAN SƏRHƏDİ

Orta Asiyadan gələn mallar bütün Əfqanıstana bu çay limanından daşınır. Orta Asiyanı İran körfəzi ilə birləşdirən dəmiryol buradan keçəcək.

Amudərya çayının üzərindəki körpüdən sovet qoşunları da keçib, NATO qoşunları da.

«Bu limandan qaz, neft, ərzaq, metal idxal edirik. Əfqanıstandan Orta Asiyaya kişmiş, naringi, kartof, soğan gedir», – sərhəd zastavasının rəisi Abdul Nahim Kadiri deyir.

Ancaq Əfqanıstandan Orta Asiyaya təkcə kişmiş və kartof getmir. Ölkənin şimalı, Əfqanıstandan gələn narkotrafikin keçdiyi «şimal dəhlizi»nə daxildir. Dünyada istehlak olunan tiryəkin 2/3-si burada hazırlanır.

«Xayratondan narkotrafik gəlmir. Bu əraziyə 100% nəzarət edirik. Hamını ciddi yoxlayırıq. Xüsusi öyrədilmiş itlərimiz var. Bu vaxta qədər körpüdən heç kim narkotik keçirməyib», –deyə sərhədçilərin rəisi iddia edir.

CƏLALABAD, NANQARHAR ƏYALƏTİ

Kabilin qərbində yerləşən Nanqarhar əyalətində durum şimaldakından xeyli mürəkkəbdir. Amerikalılar özlərinin ən güclü bombasını (MOAB) məhz bu əraziyə atıblar. Jurnalistlərə deyilib ki, əyalətin paytaxtı Cəlalabadda İŞİD və «Taliban» agentləri işləyir. Buna görə jurnalistlər yolda dayana bilməzdilər, çünki onları girov götürə bilərdilər.

Əfqanıstanın ikinci ən böyük şəhəri və iri ticarət mərkəzi olan Cəlalabad Pakistan sərhədindən 40 kilometr aralı yerləşir. Sərhədin hər iki tərəfində qızğın ticarət gedir.

Nanqarhar Universitetində 15 minədək tələbə oxuyur. Onlardan yalnız 2 mini qızlardır
Nanqarhar Universitetində 15 minədək tələbə oxuyur. Onlardan yalnız 2 mini qızlardır

Ancaq Cəlalabad təkcə ticarətə görə tanınmır. «Taliban»ın hakimiyyəti dövründə «Əl-Qaidə» terror təşkilatının rəhbəri Osama Ben Laden məhz burada yaşayırdı.

Əfqanıstanın ikinci ən böyük universiteti olan Nanqarhar Universitetində müxtəlif əyalətlərdən 15 minədək tələbə oxuyur. Onlardan yalnız 2 mini qızlardır. Qızların hamısı İngilis dili və ədəbiyyatı fakültəsində oxuyur və oğlanlarla eyni qrupda təhsil almaq istəmirlər.

«Əfqanıstanda durum belədir ki, mühazirədə oğlanlar olanda biz dərsdə fəal iştirak edə bilmirik... Dərsdə oğlanlar olanda narahat oluruq. Bizə elə gəlir ki, onlar bizə nəsə deyə, yaxud bizi qınaya bilərlər. Onlar bizə heç nə demirlər, biz özümüz qorxuruq», – tələbə qızlardan biri söyləyir.

Ərazidə İŞİD, yaxud «Taliban» uğur qazansa, bu qızların gələcəyi olmayacaq.

«İŞİD gəlsə, bizim də aqibətimiz hamı kimi olacaq. Bizi sadəcə öldürəcəklər», – tələbə qız deyir.

İŞİD və «Taliban» sıralarına universitetlərdən də adamlar cəlb edilir. İki il öncə Nanqarhar Universitetinin tələbələri «Taliban» və İŞİD-ə dəstək aksiyasına çıxmışdılar. Çoxları hesab edir ki, Nanqarhar Universiteti bu terrorçu təşkilatlar üçün adamlar yetişdirir.

«Biz yalnız imamlar və islam hüququnun tətbiqi yolu ilə sülhə nail ola bilərik. Mədəniyyətimiz islam üzərində qurulub və öz dinimizi sevirik», – tələbələrdən biri deyir.

«Hər şeyi görürük: «Taliban» islama qarşı olanlarla vuruşur. Ancaq hökumət də hər şeyi düz eləmir. Məsələn, qanun və cəza yalnız sadə insanlar üçündür. Yüksək vəzifə tutanlar üçünsə qanun yoxdur», – digər tələbə əlavə edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG