Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:30

Taliban Qəndəharı da tutdu


Qəndəharda əfqan əsgəri, 12 avqust, 2021-ci il
Qəndəharda əfqan əsgəri, 12 avqust, 2021-ci il

BMT xəbərdarlıq edib ki, Talibanın paytaxta yaxınlaşmasının “dinc sakinlərə fəlakətli təsiri” ola bilər

Taliban Əfqanıstanın ikinci böyük şəhəri olan Qəndəharı ələ keçirib. Məlumatı yerli rəsmilər avqustun 13-də təsdiqləyiblər. Bu, silahlı qruplaşma yeni hücuma başlayandan onun ən böyük qələbəsi sayılır.

“Ötən gecə ağır toqquşmalardan sonra Taliban Qəndəhar şəhərini nəzarətə alıb”, – yerli hökumət rəsmisi “Reuters”ə deyib.

Amma hökumət qüvvələri hələ də Qəndəhar aeoroportuna nəzarət edirlər. Burada ABŞ ordusunun Əfqanıstanda ikinci böyük bazası yerləşirdi.

Səfirliklər əməkdaşlarını çıxarırlar

Taliban silahlıları Helmand vilayətinin paytaxtı Ləşqərgah şəhərini də tutmaq üzrədirlər. İki regional deputatın “dpa”ya deməsinə görə, silahlılar şəhər valisinin ofisini ələ keçiriblər.

Qəndəharın və üçüncü böyük şəhər Heratın tutulması maydan bəri Talibanın ən böyük qələbələridir. Mayda ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələr çıxmağa başlayınca Taliban da ölkəboyunca əməliyyatlara start verib.

Taliban sürətlə irəlilədiyindən ABŞ ordusu səfirlik əməkdaşlarını çıxarmaq üçün 48 saat ərzində 3 minədək əlavə əsgər göndərəcəyini bildirib.

Britaniya isə vətəndaşlarının çıxmasını təşkil etməyə 600-dək hərbçi göndərəcək. Digər səfirliklər və humanitar təşkilatlar da əməkdaşlarını çıxarmağa başladıqlarını bildiriblər.

Taliban avqustun 12-də Kabildən 150 km cənub-qərbdə yerləşən Qəzni şəhərini də tutub.

Hökumətsə şimalda Məzari-Şərifə, şərqdə Pakistanla sərhədə yaxın Cəlalabada, eləcə də paytaxt Kabilə nəzarət edir.

BMT bəyanat hazırlayır

BMT xəbərdarlıq edib ki, Talibanın paytaxta yaxınlaşmasının “dinc sakinlərə fəlakətli təsiri” ola bilər. Döyüşləri dayandırmağı hədəfləyən danışıqlara da ümid azalıb.

Ötən il ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası əldə olunmuş razılaşmada silahlılar sülhü müzakirə etmək öhdəliyi götürüblər. Amma danışıqların indiyədək nəticəsi olmayıb.

Bu həftə Qətərə yığışmış beynəlxalq elçilər sülh prosesini sürətləndirməyə çağırıblar.

BMT-nin Təhlükəsizlik Şurası isə bəyanat hazırlayır. Taliban hücumlarının pislənəcəyi, sanksiyalarla təhdid olunacağı, Əfqanıstan İslam Əmirliyinin tanınmayacağının bəyan ediləcəyi gözlənir. Bunu “Reuters”ə diplomatlar deyiblər.

XS
SM
MD
LG