Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Səhra Kərimi dünyadan mədət umur


Səhra Kərimi
Səhra Kərimi

"Taliban"ın hakimiyyəti ələ keçirməsi səbəbindən ölkəsini tərk etməli olan əfqanıstanlı qadın kinorejissorlar dünyanı baş qaldıran yeni böhran zamanı əfqan xalqını unutmamağa çağırırlar.

Əfqanıstanın seçilmiş legitim hökuməti ölkəni tərk edərək insanları çətin vəziyyətdə qoyub. Bunun dərhal ardınca, avqustun 15-də "Taliban" ölkə paytaxtı Kabili və hakimiyyəti ələ keçirib.

Əfqan qadın kinorejissorlar Venesiya Film Festivalının panel müzakirəsində çıxış edərək mədəniyyəti olmayan ölkənin son nəticədə öz kimliyini itirəcəyini deyiblər. Rejissor Səhra Kərimi çıxışı zamanı emosiyalarını saxlaya bilməyib.

22 film...

Hindistanın sağ meylli "Republic TV" kanalı bildirir ki, Əfqanıstan Kino Təşkilatının ilk qadın prezidenti olan Səhra Kərimi "Taliban"ın ölkədə hakimiyyəti ələ keçirməsinin ciddi təsirlərindən danışıb. O bildirib ki, çəkilişdən öncəki və sonrakı mərhələdə olan bir çox filmə və kino emalatxanalarına qadağa qoyulub. Bu isə böyük itkilərə yol açıb. O, həmçinin hazırda "Taliban"ın əlinə keçmiş kino arxivlərinin adlarını çəkib. "Sənətkarları, rejissorları olmayan bir ölkəni təsəvvürünüzə gətirin. Onlar öz kimliklərini necə müdafiə edə bilərlər?", – o deyib.

"Taliban" Əfqanıstan üzərində nəzarəti ələ keçirəndə rejissor həmkarlarının düşdüyü çətin vəziyyət haqqında açıq məktub yazmışdı. O, Kabilin təslim olmasından dərhal sonra ölkədən qaça bilib. "Taliban" hakimiyyəti ələ keçirəndə əfqan kino sənayesinin əlində müxtəlif istehsal mərhələlərində olan 22 film var idi.

"Dünya sakit durub"

Səhra Kəriminin Twitter hesabında paylaşdığı açıq məktubda deyilir: "Dünyanın bütün kino ictimaiyyətlərinə və film, kinonu sevənlərə! Mənim adım Səhra Kərimidir. Mən kinorejissor və yeganə dövlət kino şirkəti olan, 1968-ci ildə təsis edilmiş "Əfqan Film"in hazırkı baş direktoruyam. Mən sizə ürəkağrısı ilə yazıram və mənim gözəl xalqımı, xüsusilə kinorejissorları "Taliban"dan qorumaq üçün mənə qoşulacağınıza dərin ümid bəsləyirəm. Son bir neçə həftə ərzində "Taliban" bir çox əyalətə nəzarəti ələ keçirib. Onlar insanlarımızı qırğına məruz qoyub. Çox sayda uşağı oğurlayıb, qız uşaqlarını gəlin kimi öz kişilərinə satıb. Bir qadını geyiminə görə qətlə yetirib, bir qadının gözlərini çıxarıb. Sevimli komediyaçımızdan birini işgəncələrə məruz qoyaraq öldürüb. Tarixçi şairlərimizdən birini, hökumətin mədəniyyət və mətbuat müdirini, hökumətlə bağlı olan insanları qətlə yetirib. Bir neçə insanımızı ictimaiyyətin qarşısında asıb, yüz minlərlə ailəni yurd-yuvasından didərgin salıblar. Bu ailələr o əyalətlərdən qaçandan sonra Kabildəki düşərgələrə yerləşiblər və antisanitariya şəraitində yaşayırlar. Bu, humanitar böhrandır. Ancaq dünya sakit durub. Biz bu sükuta öyrəşsək də, bilirik ki, bu ədalətsizdir".

O özünün başqa bir tvitində belə yazır: ""Taliban" Kabili mühasirəyə alıb. Mən pul götürmək üçün banka getmişdim. Onlar bankı bağlayıb evakuasiya olundular. Hələ də bunun baş verdiyinə inana bilmirəm. Lütfən, bizim üçün dua edin. Mən bir daha çağırış edirəm: Ey bu böyük dünyanın insanları, lütfən sakit qalmayın, onlar bizi öldürməyə gəlirlər".

Başına gələnlərdən film çəkəcək

36-yaşlı Kərimi sentyabrın 9-u başlamış Toronto Beynəlxalq Film Festivalında virtual çıxışı zamanı fəaliyyətini davam etdirməyə icazə veriləcəyi halda, hər an ölkəsinə qayıtmaq istədiyini deyib. Britaniyanın "The Independent" qəzeti yazır ki, o, Əfqanıstanı Slovakiya kino və televiziya akademiyasının köməyi ilə tərk edə bilib. "The Independent" yazır ki, Kərimi Kabildən qaçan zaman başına gələnləri bədii filmə çevirməyə planlaşdırır.

O, daha sonra ölkənin "Taliban"dan əvvəlki hakimiyyətini mədəniyyət və kinoya diqqət ayırmamaqda ittiham edib. O deyib ki, əgər bu dövrdə kinoya dəstək verilsəydi, ölkənin xalqı fərqli olardı. Onun sözlərinə görə, bütün bu dövr ərzində hökumət Əfqanıstanda bircə dənə də olsun kinoteatr tikməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG