Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 13:21

Əfqan futbolçu qızlar Pakistana keçiblər


Futbolçu qızlar Pakistanda
Futbolçu qızlar Pakistanda

Yaşı 14, 16 və 18-dən aşağı futbolçuların sərhədi bütün bədənlərini örtən burqada keçdiyi xəbər verilir

Əfqan futbolçu qızların bir qrupu məşqçiləri və ailə üzvləri ilə birlikdə qonşu Pakistana qaçıblar.

“Bu gün 79-dan çox gənc qadın futbolçunun ailə üzvləri ilə birlikdə Əfqanıstandan təhlükəsiz çıxdığını elan etməkdən şadam”, – Əfqanıstanın qadınlardan ibarət milli komandasının keçmiş kapitanı, Danimarkada yerləşən “Qız Gücü” qeyri-hökumət təşkilatının qurucusu və direktoru Xalidə Popalzay Facebook-da yazıb.

Yaşı 14, 16 və 18-dən aşağı futbolçuların sərhədi bütün bədənlərini örtən burqada keçdiyi xəbər verilir.

Daha 30 futbolçu qız getmək istəyir

Avqustda qadınlardan ibarət milli futbol komandasının onlarla üzvü ailələri ilə birlikdə Avstraliyaya təxliyə olunub. Taliban ötən ay Kabili tutandan sonra onminlərlə əfqan hücum və repressiyadan qorxaraq ölkədən qaçıb.

Pakistanın İnformasiya naziri Favad Çaudri tvitində yazıb ki, futbolçu qızlar sərhədi Əfqanıstan pasportları və Pakistan vizaları ilə keçiblər.

Pakistanın “Sübh” (“Dawn”) qəzeti onlara təcili humanitar vizalar verildiyini yazır.

“Frans Pres” isə daha 30 futbolçu qızın Pakistana keçməyə çalışdığını xəbər verir.

Talibanın 1996-2001-ci illərdəki qəddar idarəçiliyi dövründə qızların məktəbə, qadınların işə, idmana getməsinə icazə verilmirdi.

İslamçı qrup dəyişəcəyini desə də, buna skeptik yanaşma var. Üstəlik, hakimiyyətə gələndən sonra atdığı addımlar da əksini göstərib. Məsələn, qızların oğlanlardan ayrı təhsil alacağı açıqlanıb, qadın idmanı yasaqlanıb.

İranla reyslər bərpa olunur

Bu arada Əfqanıstanla İran arasında daimi kommersiya uçuşları bərpa olunub.

Sentyabrın 15-də İranın Məşhəd şəhərindən çıxan “Mahan Air” təyyarəsi 19 sərnişinlə Kabilə enib. Yarırəsmi “Fars” xəbər agentliyi təyyarənin hazırda sərnişinlərlə Məşhədə qayıtdığını yazır.

Taliban Kabildə qərbin dəstəklədiyi hakimiyyəti devirəndən sonra iki ölkə arasında mütəmadi sərnişin xidmətləri dayanmışdı. İranın mülki aviasiya agentliyi buna təhlükəsizlik məsələlərinin səbəb olduğunu deyirdi.

İranın ikinci böyük aviaşirkəti olan “Mahan Air” əvvəllər Məşhədlə Kabil arasında həftədə iki uçuş həyata keçirirdi.

İranın Əfqanıstanla 945 km-lik sərhədi var. BMT İranda 800 min qeydiyyatlı, 2 milyondan çox sənədsiz əfqanın olduğunu bildirir.

XS
SM
MD
LG