16 saylı cəzaçəkmə müəssisəsində aclıq edən jurnalist Əfqan Muxtarlı keçirdiyi aksiyasını dayandırıb.
Bu barədə AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli danışıb.
Onun deməsinə görə, jurnalist səhhətində yaranan problemi və ona edilən müraciətləri nəzərə alaraq bu addımı atıb:
"Əfqan şəkərli diabetdən əziyyət çəkir, üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb. Həmçinin, vəkil ona bu gün, sentyabrın 24-də aclığı dayandırmaq üçün çoxsaylı müraciətlər çatdırıb. Əfqan onları da nəzərə alıb".
Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da bu məlumatı təsdiqləyib.
Penitensiar Xidmət də Nemət Kərimlidən şikayət edib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) vəkil Nemət Kərimli ilə bağlı açıqlama yayıb.
Açıqlamada yazılıb ki, bir sıra informasiya saytlarında məhkum Əfqan Muxtarlının vəkili N.Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman üzərində qanunsuz axtarış aparıldığı və müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətəuyğun olmayan bəyanatı yayılıb.
«Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsinin, Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarının... tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərə, eləcə də onların əşyalarına baxış keçirilə bilər», - PX bildirir.
Açıqlamada yazılıb ki, vəkil N.Kərimli peşə fəaliyyəti ilə bağlı dəfələrlə istər Ə.Muxtarlı, istərsə də hüquqlarını müdafiə etdiyi digər şəxslərlə görüşə gəlib, bu zaman cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına giriş-çıxış qaydaları ilə tanış edilib: «N.Kərimli cəzaçəkmə müəssisələrinə buraxılış qaydalarını və qanunvericiliyin tələblərini bildiyi halda, məhkum Ə.Muxtarlı ilə görüşdən əvvəl və sonra mövcud rejim qaydalarına riayət etməyib, əməkdaşların qanuni tələblərinə tabe olmayıb, süni olaraq münaqişəli vəziyyət yaratmağa çalışıb. Görüşdən sonra öz hərəkətlərinə siyasi don geyindirərək baxış prosedurunu «45-50 dəqiqə girov saxlama» kimi qiymətləndirməyə çalışan N.Kərimli guya qanunsuz hərəkətlərə məruz qaldığını qeyd edərək əməkdaşların onunla davranışını təhrif edilmiş formada öz maraqlarına uyğun ictimailəşdirib».
Açıqlamada habelə iddia olunub ki, bununla N.Kərimli bilərəkdən Penitensiar Xidmətin fəaliyyəti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa cəhd edib, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin tələblərini pozub.
«Bununla əlaqədar Penitensiar Xidmət tərəfindən həmin vəkil barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunub», - açıqlama yazılıb.
Vəkil aclıq aksiyası keçirən Ə.Muxtarlı ilə görüşüb
Bugün, sentyabrın 24-də vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisində saxlanan və aclıq aksiyası keçirən jurnalist Əfqan Muxtarlı ilə görüşüb.
Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkilin sözlərinə görə, Ə.Muxtarlı bazar günü, sentyabrın 22-si səhər saat 8-dən aclıq elan edib və bunu rəsmi şəkildə müəssisənin rəhbərliyinə bildirib: «Aclıqla bağlı Əfqan Muxtarlı digər dustaqlardan ayırmalı idi və ona görə karsa salındı. Saxlanma şəraitindən bir elə narazılığı yoxdur, lakin Əfqan şəkər xəstəsidir və aclıq ona artıq pis təsir edir, səhhətində müəyyən problemlər yaranıb».
Vəkilin vurğulamasına görə, Ə.Muxtarlı ona, yəni N.Kərimliyə qarşı 16 saylı Cəzaçəkmə Müəssisəsində göstərilən təzyiq araşdırılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini söyləyib .
Bundan əvvəl Penitensiar Xidmət Ə.Muxtarlının aclıq aksiyasına başladığını təsdiqləsə də, onun karsa salınması ilə bağlı deyilənləri təkzib etmişdi.
Penitensiar Xidmət: 'Əfqan Muxtarlı karsa salınmayıb'
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan jurnalist Əfqan Muxtarlının cərimə otağına (kars) salınması ilə bağlı yayılan məlumatı təkzib edir.
«16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlı sentyabrın 23-dən aclığa başlayıb, amma onun karsa salınması haqqında yayılan xəbərlər əsassızdır», - qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
M.Sadıqov deyib ki, Ə.Muxtarlı aclıq aksiyası keçirdiyi üçün digər məhbuslardan təcrid edilib. «O, ayrıca bir otaqda və ya tibbi-sanitar hissədə də yerləşdirilə bilər ki, aksiyasını keçirsin. Amma Ə.Muxtarlının cəzalandırılması barədə deyilənlər əsassızdır», - M.Sadıqov bildirib.
Əfqan Muxtarlının ‘kars’a salındığı deyilir
16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının “kars”a (cərimə otağına) salındığı bildirilir
Bu barədə AzadlıqRadiosuna məlumat verən NİDA Vətəndaş Hərəkatının üzvü Samir Əsədlinin sözlərinə görə, Əfqan Muxtarlı şəkərli diabetdən də əziyyət çəkir:
“Əfqan artıq iki gündür qida və dərman qəbul etmir. O, şəkərli diabet xəstəsidir”.
Amma bu məlumatı, hələlik, Penitensiar Xidmətindən dəqiqləşdirmək və deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Penitensiar Xidmət həbsdə olan jurnalist Əfqan Muxtarlıdan aclığa başladığı haqqında məktub alıb.
Bu barədə AzadlıqRadiosuna Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O qeyd edib ki, Ə.Muxtarlıdan onun aclığa başlayacağı ilə bağlı məktub alıblar. Qanunvericiliyin tələbinə uyğun o, başqa məhbuslardan ayrılacaq.
A.Bağırov: «Nemət Kərimli Kollegiyaya müraciət etməyib»
«Vəkil Nemət Kərimli 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqə məruz qalması ilə bağlı Vəkillər Kollegiyasına müraciət etməyib».
«Turan» agentliyinin xəbərinə görə, bunu Kollegiyanın sədri Anar Bağırov bildirib. O əlavə edib ki, buna baxmayaraq, məsələ ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti dərhal ilkin araşdırma aparıb və deyilənlər, hələlik, öz təsdiqini tapmayıb: «Belə olan halda vəkilin öz peşə birliyinə deyil, Facebook vasitəsilə açıq müraciət ünvanlamasının müvəkkilinə müəyyən maraq dairələri tərəfindən diqqət göstərilməsi üçün edilən hərəkət olduğu ehtimal edilir».
A.Bağırov vurğulayıb ki, vəkil üzvü olduğu heç bir siyasi partiyanın əlində alətə çevrilməməlidir: «Vəkil mötəbər olmayan, ara qızışdıran, heç bir sübutla təsdiqlənməyən məsuliyyətsiz bəyanatlar yaymamalı, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun, «Vəkillərin etik davranış qaydaları haqqında» Əsasnamənin tələblərini pozmamalıdır».
Sədr deyib ki, mötəbərliyi və həqiqiliyi təsdiqini tapmayan bəyanatlarla bağlı maraqlı şəxslər Vəkillər Kollegiyasına müraciət edərsə, dərhal intizam icraatı başlanacaq və qanuna müvafiq qaydada hüquqi qiymət veriləcək.
Vəkil N.Kərimli isə bildirib ki, hələ sentyabrın 21-də məsələ ilə bağlı Vəkillər Kollegiyasına məlumat çatdırıb.
Vəkil prokurorluğa şikayət edib
Vəkil Nemət Kərimli bugün, sentyabrın 23-də Sabunçu rayon Prokurorluğuna şikayət edib.
Bu barədə onun özü açıqlama verib. «Sentyabrın 20-də 16 saylı Cəzaçəkmə Müəssisəsində məruz qaldığım zorakılıqla bağlı Bakı şəhərinin Sabunçu rayon Prokurorluğuna ərizə ilə müraciət etmişəm», - o qeyd edib.
Vəkilin sözlərinə görə, ərizəsində məruz qaldığı zorakılığın araşdırılmasını tələb edir. N.Kərimli hadisəyə reaksiyadan asılı olaraq məsələnin məhkəmə perspektivini də nəzərdə tutduğunu bildirir: «Bu məsələdə sonuna kimi getməyi düşünürəm».
N.Kərimli bildirib ki, sentyabrın 21-də Vəkillər Kollegiyasını da baş vermiş hadisə barəsində məlumatlandırıb.
Vəkilin açıqlamasına, hələlik, Sabunçu rayon Prokurorluğu və Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.
Penitensiar Xidmətdən Ə.Muxtarlı açıqlaması
«Dünənə qədər (sentyabrın 22-si nəzərdə tutulur-red.) Əfqan Muxtarlının aclıq aksiyası keçirməsi ilə bağlı heç bir məlumat olmayıb».
Bunu Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov jurnalist Əfqan Muxtarlının 16 saylı Cəzaçəkmə Müəssisəsində sentyabrın 22-dən aclıq aksiyasına başlaması barədə məlumatlara münasibət bildirərkən deyib.
Ə.Muxtarlının adından yayılan açıqlamada aclıq aksiyasına başlamasına səbəb kimi onunla görüşə gələn vəkil Nemət Kərimlinin 16 saylı Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşməsi göstərilib. M.Sadıqov isə cəzaçəkmə müəssisəsində vəkilə əməkdaşların zorakılıq etməsi ilə bağlı açıqlamanın inandırıcı olmadığını söyləyib.
«Söhbət ondan gedir ki, 100-lərlə vəkil müdafiə etdikləri şəxslərə baş çəkmək üçün cəzaçəkmə müəssisəsinə gəlirlər. Onlara qarşı nə zorakılıq olur, nə də məhdudiyyətlər qoyulur. Amma vəkil iddia edirsə belə hal olub, o zaman Penitensiar Xidmətə müraciət etsin və bu məsələ araşdırılsın», -M.Sadıqov bildirib.
Öz növbəsində vəkil Nemət Kərimli də bu məsələ ilə bağlı bugün, sentyabrın 23-də rəsmi qaydada şikayət verəcəyini açıqlayıb.
Əfqan Muxtarlının həbsxanada aclığa başladığı bildirilir
16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının sentyabrın 22-dən aclıq aksiyasına başladığını bildirilir.
Bu barədə məlumatı AzadliqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli verib.
Samir Əsədli Əfqan Muxtarlının aclıq aksiyasına başlamasının səbəbini vəkili Nemət Kərimliyə qanunsuz münasibətlə izah etdiyini deyib:
“Bununla bağlı Əfqan Muxtarlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sentyabrın 20-də vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayır. O, həmçinin, qeyd edib ki, rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qanusuzlugu ilə seçilib, bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olmuş müavini Məmməd İbrahimə qarşı zorakılıq edib. Bəyanatda vurğulanıb ki, onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. Jurnalist habelə tələb edir ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Onun fikrincə, vəkilə qarşı olanlar onun hüquqlarını pozmağa yönəlib. Əfqan Muxtarlı qeyd edib ki, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib...”.
Bu açıqlamaya və orada səslənən fikirlərə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Amma Azərbaycan rəsmiləri bir qayda olaraq bildirirlər ki, cəzaçəkmə müəssisələrində məhkumlar və onların müdafiəçiləri ilə qanun çərçivəsində davranılır.Üstəlik, rəsmilər ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər.
Vəkil Nemət Kərimli sentyabrın 20-də Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində kobud davranışıla üzləşdiyini açıqlamışdı.
" Jurnalist Əfqan Muxtarlı ilə görüşə getdim. Çox gözlətdilər, sonra üzərimdə axtarış aparacaqlarını bildirdilər. Bu qanunsuz olsa da, razılaşdım. Ayaqqabımın içini, corablara qədər axtardılar. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, fikir vermədilər".
Nemət Kərimlinin sözlərinə görə, qərar tələb etdikdən sonra özünü rəis müavini kimi təqdim edən şəxs də axtarışda iştirak edib:
"Mənim qeydlərimi oxumaq istədilər, icazə vermədim. Həmin şəxs müdaxilə etdi və məni rəisin yanına aparmaq istədi, imtina etdim. O isə köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi. “Sən kimsən? sənə göstərərəm, kimə istəsən şikayət et” deyərək qışqıra-qışqıra əlimdəki çantanı zorla aldı, içərisindəkiləri stolun üstünə tökdü, şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar".
Həmin vaxt Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə “ Turan” agentliyinə bildirmişdi ki, məsələdən xəbəri yoxdur:"Vəkil belə bir hadisənin olduğunu iddia edirsə, rəsmi şəkildə Penitensiar Xidmətə müraciət etsin".
Xatırlatma
2018-ci ilin aprelin 23-də Nemət Kərimlinin vəkillik fəaliyyəti bir illiyə dayandırılmışdı. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu qərarı Baş Prokurorluğun təqdimatı ilə vermişdi.
Son illər Azərbaycanda bir sıra vəkillərin fəaliyyəti müvəqqəti, ya da müddətsiz dayandırılıb.Onların bəziləri müxalif siyasətçiləri, müstəqil jurnalistləri müdafiə edən şəxslər olub.Həmin şəxslər bunu əsasən müstəqil vəkillərin sıradan çıxarılması kimi dəyərləndiriblər.
Vəkillər Kollegiyasının rəhbəri isə əksinə onları qanunverciliyin tələblərini pozmaqda günahlandırıb.
Nemət Kərimli 6 il həbs cəzası alan jurnalist Əfqan Muxtarlının vəkilidir.Əfqan Muxtarlı isə qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.O, ittihamları qurama sayır. 2014-cü cü ildən mühacirətə gedən jurnalst Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.O bu məsələdə Gürcüstanın hüquq mühafizə orqanlarını da günahkar sayır.Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsasız olduğunu açıqlamışdı.