Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Leyla Mustafayeva: Əfqanın azadlığa çıxacağını gözləmirdik


Afghan mukhtarly protests in Georgia
Afghan mukhtarly protests in Georgia

Həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı Ieyla Mustafayeva deyir ki, onlar Əfqanın azadlığa çıxacağını gözləmirdilər. Ona görə də dünənki əfv sərəncamı onlar üçün gözlənilməz olmayıb:

“Əfqan ölkənin birinci ailəsinin biznesləri haqda araşdırmaların müəllifidir. Görünür, birinci ailə onların biznes maraqlarına toxunan insanları “bağışlamır”. Əfv sərəncamı ilə azı 50 siyasi məhbus çıxıb. Ama elə təkcə Gəncə hadisələrinə görə 50-dən çox adam həbs olunub. Yəni, boşalan yerlər dolur. Bu da onu göstərir ki, hökumətin siyasi məhbus məsələsini birdəfəlik həll etmək iradəsi yoxdur”,Leyla Mustafayeva deyir.

Leyla Mustafayeva Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyasında 31 may, 2017.
Leyla Mustafayeva Gürcüstanda Əfqan Muxtarlıya dəstək aksiyasında 31 may, 2017.

​O qeyd edib ki, martın 16-da Əfqanla telefonla danışıb. Əfqan bütün azadlığa qovuşan siyasi məhbuslara, özəlliklə də, Qiyas İbrahim, Bayram Məmmədov və İlkin Rüstəmzadəyə görə çox sevinib.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib. Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ümümilikdə 431 nəfərə şamil edilir.

Həmin şəxslərin arasında siyasi məhbus sayılan bir sıra şəxslərin də adı var. Bunlar Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, keçmiş səhiyyə naziri Əli İnsanov, “Nida” Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, eləcə də gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovdur. Habelə, bu siyahıya AXCP sədrinin müavini Əli Kərimlinin qaynı E. Seyidov, Müsavat Partiyasının üzvü Əlikram Xurşidov, keçmiş müstəntiq Rüfət Səfərov və jurnalist Fikrət Fərəməzoğlu daxildir.

Buna da bax: İlkin Rüstəmzadə :'Mən bu hakimiyyətdən heç nə gözləmirdim'

Xatırlatma

Azərbaycanda buna qədər sonuncu əfv sərəncamı keçən il mayın 24-də 28 May - Respublika Günü ərəfəsində imzalanıb.

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan həmin sərəncam 634 şəxsə şamil edilmişdi. Onlardan isə yalnız 12 nəfər siyasi məhbus siyahılarında yer alırdı.

Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda hazırda 130 civarında siyasi məhbus var.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Tam siyahı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG