Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 23:33

Edvard Munch-un 'Haray'ına insan nəfəsinin təsiri


Edvard Munch. "Haray"
Edvard Munch. "Haray"

Muzeylərə tez-tez baş çəkən insanlar aylarla evdə qalandan sonra nəhayət ki, yenidən sevimli məkanlarına gedə biləcəkləri günləri səbirsizliklə gözləyirlər. Artıq Avropanın bəzi yerlərində muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır.

Ancaq məlum olub ki, Oslodakı Edvard Munk Muzeyində saxlanan çox məşhur bir rəsmin gələcəkdə əlavə qorunmaya ehtiyacı olacaq. "The Guardian" yazır ki, Edvard Munch-un əfsanəvi "Haray" əsərinin vəziyyəti pisləşib. Mütəxəssislər bunu rəssamın xüsusi növ boyadan istifadə etməsi ilə əlaqələndirirlər. Bu səbəbdən ziyarətçilər yenidən muzeyə gəlib əsəri görmək imkanı əldə edən zaman məsafə saxlamalı olacaqlar.

Çox da keyfiyyətli olmayan boya

Muzeyin konservasiya departamentində çalışan mütəxəssislər uzun müddət rəsmin üzərindəki rənglərin get-gedə solmasının səbəbini anlamağa çalışıblar.

İtaliyanın Milli Tədqiqat Şurasının rəhbərlik etdiyi beynəlxalq alimlər konsorsiumu Munk Muzeyi ilə birlikdə apardığı araşdırmanın nəticələrini "Science Advances" jurnalında dərc edib.

Sən demə, rəssam 1910-cu ildə bu rəsmi çəkərkən o qədər də keyfiyyətli olmayan boyadan istifadə edib. Yeri gəlmişkən, bu, "Haray"ın dörd versiyasından biridir. Rəssamın bu əsər üçün seçdiyi kadmium sulfat sarı piqmentinin təmiz olmadığı müəyyən edilib. Bu isə o deməkdir ki, hazırda əsər rütubətin təsirindən pullanıb zədələnə bilər. İnsanların nəfəs alarkən yaratdıqları cüzi rütubət belə əsərin korlanmasına səbəb ola bilər. Munk Muzeyi öz yeni məkanına köçəndən sonra "Haray"ın bu həssas vəziyyətini nəzərə alaraq əsərin yerləşdiyi mühitin tənzimlənməsinə xüsusi diqqət ayırmalıdır. Əks halda, əsərin vəziyyəti daha da pisləşə bilər.

"Məlum olur ki, rəssam təmiz kadmium sulfiddən istifadə etməli olduğu halda, eyni zamanda onun tam təmiz olmayan, tərkibində xlor birləşmələri olan versiyasını da işlədib. Bunun bilərəkdən edildiyini düşünmürəm. Mənə elə gəlir ki, o, sadəcə, çox da yüksək keyfiyyətli olmayan boya alıb. Söhbət 1910-cu ildən gedir. O zaman kimyəvi piqment istehsal edən kimya sənayesi var idi, ancaq bugünkü keyfiyyətə nəzarət imkanları olmaya bilərdi", - Antverpen Universitetinin professoru Koen Janssens "The Guardian"a deyib.

Rütubətin təsisi

Munch-un əsərin intensiv, burulğanı xatırladan günəşin batması mənzərəsini, gölü və hamımızın tanıdığı əfsanəvi personajı yaratmaq üçün istifadə etdiyi sarı piqment artıq illərdir ki, pul-pul olur və solur. Üstəlik, əsər 2004-cü ildə "Madonna" əsərinin bir versiyası ilə birlikdə muzeydən oğurlanıb. Bu zaman onun vəziyyəti daha da pisləşib. Hər iki əsər 2006-cı ildə bərpa olunub. O zamandan bəri "Haray"ın 1910-cu ildə çəkilən versiyası, əsasən, işıq və temperaturuna nəzarət olunan xüsusi qoruma məkanında, insanların gözündən uzaqda saxlanıb.

Araşdırma zamanı mütəxəssislər əsəri ultrabənövşəyi işığın təsirinə məruz qoyaraq onun zədələndiyi yerləri dəqiq müəyyən etməyə çalışıblar. Məlum olub ki, rütubətin əsərin vəziyyətinə mənfi təsiri işığın təsirindən daha güclüdür.

"Siz muzeydə nisbi rütubətlə işləməyə başlamalı, yaxud da ziyarətçiləri rəsmdən … təcrid etməlisiniz. Bu elə formada olmalıdır ki, insanlar onu görüb dəyərləndirə bilsinlər, ancaq onların nəfəsi rəsmin səthi ilə təmas etməsin. İnsanlar nəfəs alarkən rütubət yaradır, ətrafa xlor birləşmələri yayırlar. Bu səbəbdən əsərlərin yaxınlıqdan keçənlərin nəfəslərinə çox yaxın olması o qədər də yaxşı deyil", – Koen Janssens deyib.

Munk Muzeyi tezliklə Oslo opera binasının yaxınlığındakı yeni məkanda öz qapılarını ziyarətçilərin üzünə açacaq. Hamının gözlədiyi bu böyük hadisə bu ilin payızında baş tutmalıdır.

XS
SM
MD
LG