Vətəndaş cəmiyyətinin bir qrup fəalı 2015-ci ildә Nardaran hadisәlәri zamanı hәbs olmuş Əbülfəz Bünyadovun həbsdən azad edilməsi üçün kampaniyaya başlayıb və internetdә yayılan petisiya üçün imza toplanılır.
Bünyadov Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı yaralanıb və iflic vəziyyətinə düşüb. 2018-ci il iyulun 11-də məhkəmə qәrarı ilә Bünyadov 15 il azadlıqdan məhrum edilib. Bunun 3 ilini o, Qobustan qapalı hәbsxanasında keçirmәlidir.
Yaxınları Əbülfəz Bünyadovun vәziyyәtinin kәskin pislәşdiyini, mәdә-bağırsaq problemi yarandığını bildirirlər. Məhbus Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılır, hərəkt qabiliyyətini itirdiyindən ona digər məhbuslar qulluq edirlər.
Siyasi fəallar Bünyadovun anası Xeyriyyə Bünyadovanın prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciətini dəstəkləməyə çağırırlar. Məhbusun anası ölkə rəhbərliyini oğlunun ağır vəziyyətini, ailənin durumunu nəzərə alaraq azadlığa buraxılmasına yardım göstərməyə çağırır.
Xatırlatma
Ə.Bünyadov Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.
2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib.
Bu il iyunun 12-də Ali Məhkəmə onun sərbəst buraxmaqdan imtina edib.
«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.
Nardaran məhbuslarının bir hissəsi prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.