Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

Ödəmə terminalı ilə 'Azərişıq' arasında 1.7 milyon manatlıq qalmaqal


“Easy Pay” terminalları iki ilə yaxındır fəaliyyət göstərmir. Burada insanlar kommunal, bank və başqa ödənişləri aparırdılar.

Şirkətin təsisçisi – dəmir barmaqlıqlar arxasında olan Pərviz Əliyev 1.8 milyon manata yaxın yeyintidə suçlanır.

O, “Azərişıq”ın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işinin materiallarından belə məlum olur ki, “Easy Pay” vasitəsiylə vətəndaşların ödədiyi təxminən 1 milyon 750 min manat işıqpulunu şirkət “Azərişıq”ın hesabına köçürməyib.

Pərviz Əliyevə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

“Belə deyil, illərin borcudur”

Əliyev “Azərişıq”a borclu olduqlarını təsdiqləsə də, sözügedən pulun yeyilməsi haqda deyilənlərlə razılaşmır:

“Heç bir yeyintidən söhbət gedə bilməz. Bizdə bütün şirkət və banklarla hesablaşmalar, ödəmələr aylıq olurdu. Elə deyildi ki, abonent ödəniş eləyincə, biz dərhal şirkətin balansına köçürək. Danışıq aparılır, kim pulu təcili tələb edirdisə, sıralama üzrə, onlara daha əvvəl ödənilirdi. “Azərişıq”a 2 milyon yarım borc olan aylar da olub. Ödəyə-ödəyə 1.7 milyona salmışıq. İttihamda yazılıb ki, guya 2019-cu ilin mart-aprel aylarında bu qədər yeyinti olub, - belə deyil. İllərin borcudur...”

Şirkət təsisçisinin sözlərinə görə, haqsız rəqabət və üzləşdikləri ədalətsiz münasibət ucbatından xərcləri artmışdı.

O deyir ki, bəzi şirkətlər onlara çatası faizləri ödəmirdi. Bu üzdən gəlirləri xərclərini ödəmir və nəticədə, ziyanla işləyirdilər, kəsirlər yaranırdı. Onun sözlərinə görə, “Azərişıq” kimi bəzi şirkətlərə də borclar bunun nəticəsində yaranmışdı.

Pərviz Əliyev təsisçisi olduğu “Easy Pay” şirkətinin ödəmə terminallarında ən çox ödəniş olunan şirkətlərin adlarını da çəkib. Onun dediyinə görə, “KapitalBank”, “Azərişıq”, “Azərcell” kimi şirkətlərə ödənişlər daha çox olurdu.

Başqa şirkətlərə də borcu var

“Azərişıq” bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Bu qurum Pərviz Əliyevə qarşı mülki iddia qaldıraraq, mənimsənildiyi iddia olunan 1 milyon 750 milyon manatın ödənilməsini tələb edir.

“EasyPay” şirkəti 2019-cu ilin noyabrında müflis elan edilib. Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qərar çıxarılıb.

Bakıda və ölkənin regionlarında ödəniş terminalları şəbəkəsi olan “EasyPay”in “Azərişıq”la yanaşı, başqa şirkətlərə də borc öhdəliyi var. Şirkətlə “BTB Bank” arasında da buna görə məhkəmə çəkişməsi gedib.

Təsisçi Pərviz Əliyev məhkəməsində onu da bildirib ki, onun həbsindən sonra şirkətin bank hesabının üzərinə həbs qoyulub. Hesabda təxminən 400 min manat vəsait var. Şirkətin borcu bundan xeyli çoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG