Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Z.Əlizadə: 'Avropa İttifaqı realist siyasət yürütməyə çalışır'


Z.Əlizadə
Z.Əlizadə

İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa Birliyi arasında «Tərəfdaşlıq prioritetləri» sənədi paraflanlanıb.

Avropa Birliyi bildirir ki, Azərbaycanla tərəfdaşlıq prioritetləri üzrə danışıqlar bitib. Bu prioritetlər yaxşı idarəçilik, iqtisadi inkişaf, korrupsiya ilə mübarizə və sairədir. İkitərəfli əməkdaşlıqda insan haqları və demokratiyanın da adı çəkilir, ancaq arxa plana atılmış kimi görünür. Qurum Azərbaycanla tərəfdaşlıqda demokratiyanı dəfn etdimi?

«Aİ-Azərbaycan münasibətlərində insan hüquqları məsələsini dəfn edilmiş və ya arxa plana keçirilmiş hesab etmək olmaz. Hazırki vəziyyətdə Avropa İttifaqı realist siyasət yürütməyə çalışır».

Bunu politoloq Zərdüşt Əlizadə bildirib. Onun fikrincə, Aİ-də Azərbaycan hökumətinin insan hüquqlarına münasibətini yaxşı bilirlər.

«Bakı insan hüquqlarına yad bir şey kimi baxır, təhlükəli mövzu hesab edir. Aİ bunu dərk edərək Bakı ilə münasibətlər qurur, hələlik alternativ siyasət qurmaq imkanı yoxdur», -Z.Əlizadə vurğulayıb.

O, eyni zamanda, hesab edir ki, Aİ Azərbaycanda insan hüquqları uğrunda mübarizəni dəstəkləməyə çalışır, amma bunun üçün təkcə Aİ-nin istəyi azdır.

A.Hacılı
A.Hacılı

Arif Hacılı: «Bu, AB-nin normalarına zidd davranışdır»

Müsavat Partiyası başqanı Arif Hacılı Avropa Birliyi ilə sənəd imzalanmasını təqdir etsə də, insan haqları və demokratiya məsələsinin prioritet istiqamətlərdən çıxarmasını məqbul saymır.

«Bu, Avropa Birliyinin öz prioritetlərindən imtina etməsi anlamına gəlir. Bu, enerji məsələsinin prioritet olması deməkdir. Bu, həm də Avropa Birliyinin öz normalarına zidd davranışıdır», - partiya başqanı bildirir.

F.Quliyev
F.Quliyev

Deputat: «İnsan haqları məsələsi indiki reallıqlardan irəli gələrək prioritet sayılmır»

«Bu sənəd Avropa Birliyi ilə Azərbaycan arasında strateji maraqlar nəzərə alınaraq qəbul edilib». Deputat Fərəc Quliyev «Tərəfdaşlıq prioritetləri» sənədi haqda deyir. Onun sözlərinə görə, Azərbaycanın güc mərkəzlərinin çəkişmə nöqtəsində yerləşməsi, müxtəlif təzyiqlər, bölgədəki bəzi dövlətlərin Azərbaycanı öz orbitinə daxil etmək istəməsi də burada öz rolunu oynayıb.

F.Quliyevin qənaətincə, sənəd hazırlanarkən daha qlobal maraqlar nəzərə alınıb, odur ki, tərəflər əməkdaşlıq məsələsində bəhanələrə «yox» deyərək, daha rahat tərəfdaşlığa üstünlük veriblər.

Ancaq deputat da hesab edir ki, bu, insan haqları məsələsini arxa plana keçirmir, sadəcə, indiki reallıqlardan irəli gələrək prioritet istiqamət sayılmır.

E.Namazov
E.Namazov

E.Namazov: «Yaxşı olardı ki, insan haqları da prioritetlər sırasında olsun»

​Politoloq Eldar Namazov deyir ki, Avropa Birliyi ilə Azərbaycan arasında paraflanmış sənəd bugünkü reallıqlara uyğundur, tərəflər arasında mövcud durumu əks etdirir. Onun sözlərinə görə, prioritetlər sırasında olan 4 məsələnin hər biri əhəmiyyətlidir: «Elə yaxşı idarəçilik, şəffaflıq uğrunda və ya və korrupsiyaya qarşı mübarizə prioritetini götürək. Bu, Azərbaycan vətəndaş cəmiyyətinin hökumət qarşısında neçə illərdir qaldırdığı məsələdir».

İnsan haqları ilə bağlı məsələnin prioritetlər sırasında olmamasına gəlincə, E.Namazov deyir ki, bu məsələdə tərəflər arasında kompromis əldə edilib, yəni nə qədər mümkündürsə, o qədər bu məsələ ilə məşğul ola bilirlər: «Yaxşı olardı ki, insan haqları da prioritetlər sırasında olsun. Görünür, bu da zaman istəyir, amma bu məsələ ayrıca olaraq sənəddə vurğulanır. Ona görə də «arxa plana keçdi» sayılmaz».

Politoloqun fikrincə, bu məsələ birdəfəlik qapanmayıb, sadəcə, tərəflər arasında vəziyyətin real durumuna uyğunlaşdırılıb: «Bu məsələ AB-nin prinsipidir, odur ki, bundan heç zaman imtina edə bilməz. Sadəcə, sənəd bugünkü reallığı əks etdirdiyi üçün bu məsələ də həmin reallığa uyğun əksini tapıb».

Azərbaycan Avropa Birliyindən nə öyrənsin?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Xatırlatma

AB-Azərbaycan münasibətləri 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə başlayıb.

Daha sonra münasibətlər əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində aparılıb. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb. Ötən ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb, Azərbaycanla belə danışıqlar ötən ilin fevralından başlayıb.

Ötən həftə Avropa Parlamenti Azərbaycanla həmin sazişin imzalanması üçün 8 şərt irəli sürüb. Həmin şərtlərdən birində deyilir ki, Azərbaycan - AB müzakirələri yekunlaşdırılmazdan öncə Azərbaycan siyasi məhbusların və vicdan məhbuslarının sərbəst buraxılmasını təmin etməlidir. Əks halda, Avropa Parlamenti sazişi ratifikasiya etməyəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG