İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi olub.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar. Bundan öncə isə Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb.
Aİ bildirir ki, tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərində irəliyə vacib addımdır. Bu prioritetlər çərçivəsində əməkdaşlığın dörd əsas sahəsi müəyyənləşdirilir:
- Dövlət qurumların gücləndirilməsi və yaxşı idarəçilik. Buraya korrupsiyayla mübarizə, dövlət administrasiyasında islahatlar və cinayətkarlıq və terrorçuluqla mübarizə qabiliyyətinin artırılması daxildir.
- İqtisadi inkişaf və bazar imkanları – buraya iqtisadiyyatın davamlı diversifikasiyası, ÜTT-yə üzvlüyə dəstək, biznes və investisiya mühitlərinin təkmilləşdirilməsi daxildir.
- Qarşılıqlı bağlılıq, enerji səmərələliyi, ətraf mühit və iqlim tədbirləri – enerji bağlılığı üzrə uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizi üzrə proqres bu çərçivədədir, Azərbaycanın ticarət, logistika, nəqliyyat habı qabiliyyətinə dəstəyi də əhatələyir.
- Mobillik, adamlar arasında kontaktlar – bu sahəyə isə təhsilə və insan kapitalına dəstək, Aİ və Azərbaycan vətəndaşlarının görüşməsi və təcrübələrini paylaşması üçün daha çox imkan yaradılması daxildir.
Aİ bildirir ki, bu Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illər ərzində tərəflərin maliyyə əməkdaşlığı üçün normativ baza rolunu oynayacaq.
O da vurğulanır ki, bu prioritetlər vasitəsilə Aİ və Azərbaycan ambisiyalı və hərətərəfli proqrama sadiqliklərini bir daha vurğulamış olurlar. Bu proqram Avropa Qonşuluq Siyasətinin dəyərlərini və prinsiplərini əks etdirir, buraya insan haqlarına, demokratiyaya və hüququn aliliyinə sayqı, vətəndaş cəmiyyəti ilə dialoq daxildir.
Hazırda tərəflər arasında yeni ikitərəfli razılaşma üzrə danışıqlar gedir. Aİ-nin bildirməsinə görə, Tərəfdaşlıq Prioritetlərinin yekunlaşması Aİ-Azərbaycan münasibətlərinin gücləndirilməsi niyyətini aydın ortaya qoyur. Məqsəd Azərbaycan xalqı və Avropa İttifaqından ötrü müsbət nəticələrə nail olmaqdır.
Tərəfdaşlıq Prioritetlərini Aİ və Azərbaycan rəsmən təsdiqləməli, daha sonra qəbul etməlidir.
***
Azərbaycan prezidenti İlham Əliyev bu gün, iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.
Ölkə başçısının rəsmi internet səhifəsi xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyi, İ.Əliyevin münaqişənin hazırkı durumu haqda bilgi verdiyi bildirilir.
Məlumatda deyilir ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.
Söhbət zamanı Azərbaycanda insan haqlarının durumu, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlərin müzakirə olunduğu bildirilir.
Görüşdən sonra Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi olub.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini paraflayıblar.
Sənəddə nələr var
Sənədin birinci bəndində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq, Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.
Sənəddə «Cənub Qaz Dəhlizi» layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.
Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.
Xatırlatma
AB-Azərbaycan münasibətləri 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə başlayıb.
Daha sonra münasibətlər əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində aparılıb. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.
Ötən ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.
Azərbaycanla belə danışıqlar ötən ilin fevralından başlayıb.
Ötən həftə Avropa Parlamenti Azərbaycanla həmin sazişin imzalanması üçün 8 şərt irəli sürüb. Həmin şərtlərdən birində deyilir ki, Azərbaycan - AB müzakirələri yekunlaşdırlmazdan öncə Azərbaycan siyasi məhbusların və vicdan məhbuslarının sərbəst buraxılmasını təmin etməlidir. Əks halda, Avropa Parlamenti sazişi ratifikasiya etməyəcək.