Rusiya Dövlət Dumasının Tatarıstandan olan və hakim Vahid Rusiya partiyasını təmsil edən altı deputatı hakimiyyətin vahid sistemi haqqında qanunun əleyhinə səs verib.
Buna baxmayaraq elə birinci oxunuşda qəbul edilmiş bu qanun qubernatorların iki müddətdən artıq vəzifədə qala bilməməsinə dair məhdudiyyəti ləğv edir.
Sənəd eyni zamanda federasiya subyektlərinin başçılarının “prezident” titulu daşımasını qadağan edir.
Qanun Rusiya prezidentinə federasiya subyektlərinin başçılarını vəzifələrindən çıxarmaq səlahiyyəti tanıyır.
Bundan əvvəl bu qanunu Tatarıstan Dövlət Şurasının deputatları yekdilliklə dəstəkləməmişdilər.
Tatarıstan, başçısı prezident titulu daşıyan yeganə federasiya subyektidir.
Tatarıstanda prezident titulu 1991-ci ildə SSRİ dağılarkən yerli hakimiyyət tərəfindən təsis edilib.
Həmin il Tatarıstan özünün suverenliyini bəyan etmişdi. Bundan başqa Rusiya Federasiyası və Tatarıstan Respublikası arasında müqavilə imzalanmışdı.
Subyektlərin səlahiyyətləri məhdudlaşdırılır
Lakin bu müqavilənin müddəti başa çatdıqdan sonra Moskva onu təzələməyib.
Buna baxmayaraq Tatarıstan bir sıra suveren hüquqlarını – o cümlədən başçısının prezident titulunu saxlayır.
İcra hakimiyyətinin vahid sistemi haqqında qanun layihəsini Dumanın dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov və senator Andrey Klişas təklif etmişdi.
Yeni qanun federal hakimiyyətin səlahiyyətlərini xeyli genişləndirir və ona yerli nazirlərin və başqa vəzifəli şəxslərin təyin olunmasında iştirak hüququ verir.
Bundan başqa maliyyə, təhsil, səhiyyə və mənzil tikintisi məsələlərində də yerli hakimiyyətlərin səlahiyyətləri məhdudlaşdırılır.
Ona qarşı ayrı-ayrı deputatların çıxmasına baxmayaraq, bu qanunun artıq dekabr ayında qəbul olunacağı və 2022-ci ilin 1 iyunundan qüvvəyə minəcəyi gözlənilir.