Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin həmvətənlərini Rusiyada keçirilən əhali siyahıyaalınmasında özlərini tatar yazdırmağa çağırıb.
Onun sözlərinə görə, bu məsələnin tatarlar üçün xüsusi əhəmiyyəti var, çünki onlar Rusiyanın müxtəlif bölgələrində yaşayırlar.
Muxametşin tatarlara müraciətlə deyib ki, “tatarların Rusiyada sayca ikinci millət olaraq qalması sizdən, məndən, hamımızdan asılıdır”.
Farid Muxametşin bildirib ki, onun uşaqlığı Aktaş kəndində keçib. O burada rus məktəbində oxuyub və həyətda rus uşaqları ilə oynayıb.
O deyib ki, tatar dilini sonradan Tatarıstan Dövlət Şurasının sədri seçiləndə məqsədyönlü şəkildə öyrənib:
"Öz həyat təcrübəmdən nəticə çıxararaq bir şeyi deyə bilərəm: harda yaşamağımızdan, hansı dillərdə danışmağımızdan asılı olmayaraq, bizim damarımızda tatar qanı axır, genlərimizdə yaddaşımız həkk olunub. Əzizi həmvətənlər, mən sizi siyahıyaalma zamanı özünüzü tatar yazdırmağa çağırıram. Xalqımızın gələcəyi bizim əllərimizdədir”.
Tatarıstan Rusiya Federasiyasındakı yeganə respublikadır ki, onun başçısı prezident tituluna malikdir.
Qalan respublikaların rəhbərləri sadəcə olaraq “başçı” adlanır.
Tatarıstanın xüsusi imtiyazı
Tatarıstan hakimiyyət orqanlarının xüsusi statusu 1994-cü il tarixli müqavilə ilə təsbit edilib.
2017-ci ildə bu sənədin vaxtı bitib və federal orqanlar müqavilənin müddətini uzatmayıb.
Lakin hətta buna da baxmayaraq Tatarıstanda “prezident” titulu saxlanır. 2020-ci ildə Rustam Minnixanov Tatarıstanın prezidenti seçilib.
Amma 2021-ci ilin sentyabrında Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində federasiyanın bütün subyektlərinin rəhbərləri üçün vahid bir titul – “başçı” titulu nəzərdə tutulur.
Oktyabrın 25-də Tatarıstan Dövlət Şurasının deputatları bu qanun layihəsinin əleyhinə səs veriblər.
Dövlət Şurasının dövlət quruculuğu komitəsinin sədri Albert Xabibullin deyib ki, Rusiya deputatları Pavel Kraşennikov və Andrtey Klişas tərəfindən təqdim olunmuş qanun layihəsinin bir sıra müddəaları bir demokratik dövlət kimi Rusiya Federasiyasının Konstitusiyasına ziddir.
Belə müddəalardan biri də region başçılarının vəzifə adının eyniləşdirilməsinə aiddir.
Tatarıstan parlamentinin Rusiya Dumasına təqdim olunmuş qanun layihəsindən imtinası onun qəbul olunmasına çətin ki, mane olsun.
Beləki federasiya subyektlərinin veto hüququ yoxdur.