Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 05:43

Dünya Səhiyyə Təşkilatı Avropada virusun yayılma sürətindən narahatdır


İspaniyada məktəblərin açılmasının ilk günü
İspaniyada məktəblərin açılmasının ilk günü

Dünya Səhiyyə Təşkilatı (DST) Avropa boyunca koronavirusun “yoluxuculuq əmsalından” və dünya ölkələrinin karantin müddətini qısaltmasından narahatlığını bildirib.

DST-nin Avropa üzrə regional direktoru Hans Kluge sentyabrın 17-də deyib ki, bu ay ərzində koronavirusun yayılma sürəti hamı üçün “həyəcan təbili” olmalıdır.

DST-nin Avropa regionuna daxil 53 ölkəsində indiyədək COVID-19-a 5 milyon yoluxma və bununla bağlı 227 min ölüm qeydə alınıb.

Hazırda Avropa ölkələrində hər gün 40 minlə 50 min arasında yoluxma qeydə alınır. Bu təxminən yoluxmaların pik nöqtəsinə çatdığı 1 aprel göstəricilərinə uyğundur.

Sentyabrın 11-də Avropa İttifaqı üzrə birgünlük rekord yoluxma qeydə alınıb. Həmin gün koronavirusa 54 min yeni yoluxma olub.

Bütün dünyada COVID-19-a 30 milyon yoluxma, 939 min ölüm qeydə alınıb.

DST bildirib ki, onun koronavirusa yoluxma qarşısında kövrək olan insanlar üçün 14 günlük karantin müddəti barədə qaydası dəyişməz qalır.

DST karantin müddətinin 7 günə endirilməsinə qarşıdır

Kluge deyib ki, karantin müddətinin hətta azacıq qısaldılması virusun yayılmasının sürətlənməsində əhəmiyyətli rol oynaya bilər.

DST-nin Avropa üzrə fövqəladə hallar direktoru Catherine Smallwood deyib ki, 14 günlük karantin müddəti koronavirusun inkubasiya dövrü əsasında müəyyən edilib.

Ötən həftə Fransa koronavirusa potensial baxımdan yoluxa biləcək insanlar üçün karantin müddətini 14 gündən 7 günə endirib.

Portuqaliya və Xorvatiya da karantin müddətinin azaldılmasını nəzərdən keçirir.

Sentyabrın 16-da BMT-nin baş katibi Antonio Guterres deyib ki, COVID-19 pandemiyası nəzarətdən kənarda qalır və dünya bu virusdan 1 milyon ölüm həddinə yaxınlaşmaqdadır.

Guterres deyib ki, koronavirus pandemiyası dünya təhlükəsizliyinə 1 nömrəli hədə olaraq qalır.

O dünya ölkələrini virusa qalib gəlmək üçün birgə hərəkət etməyə çağırıb.

Guterres əlavə edib ki, təkcə vaksin bu böhranın çözülməsinə kömək edə bilməz.

XS
SM
MD
LG