Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Dördüncü proqrama ən azı 17 milyard manat nəzərdə tutulur


“Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək...”

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.

Prezident daha sonraölkədə içməli su təminatı və yol çəkilişindən danışıb.

O, qeyd edib ki, təmirə ehtiyacı olan məktəblər var:

“Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir”.

Prezident vurğulayıb ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir:

“Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb”

İlham Əliyev deyib ki, sahibkarlıqla bağlı siyasət davam etdiriləcək. “Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir …” deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur:

“Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir”

Prezident yekunda vurğulayıb ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrasından ötrü ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur:

“Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir”

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı bu gün, yanvarın 29-da prezident İlham Əliyev fərman verib.

Xatırlatma

Buna qədər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı icra edilib. Birinci proqram 2004-2008, ikincisi 2009-2013, üçüncü isə 2014-2018-ci illəri əhatə edib.

Bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

Orada qeyd edilib ki, «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» çərçivəsində 24.2 milyard manat vəsait sərf olunub.

Bundan əvvəlki proqramlar çərçivəsində də regionlara böyük pullar xərcləndiyi vurğulanırdı. Amma bəzi ekspertlərə görə, vəsaitlərdən heç də səmərəli istifadə edilməyib, onların bir hissəsi korrupsiyanın yemi olub.

XS
SM
MD
LG