Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:56

Deputat: ''Azərbaycanda dindarların hüquqları pozulur' deyəndə mənə gülməli gəlir'


M.İbrahimqızı
M.İbrahimqızı

«Dövlət Departamentinin hesabatı bizim üçün doqma deyil», – hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Məlahət İbrahimqızı ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı tənqidlərə münasibət bildirirkən deyir.

Onun sözlərinə görə, ölkədə insan hüquq və azadlıqları sahəsində hər hansı ciddi problem yoxdur. Deputat sənəddə Azərbaycanda siyasi fəal və dindarlara qarşı sərt cəzalar tətbiq edilməsi haqda fikirləri də rədd edir: ««Dindar» deyəndə kimi nəzərdə tuturlar, başa düşmürəm. Azərbaycanda insanların 99 faizi müsəlmandır, Allaha da, kitaba da inanır. Azərbaycanda barmaqla sayıla biləcək insan ateist ola bilər, əstəğfürullah, Quran, peyğəmbəri iqnor edə bilər. Ona görə «Azərbaycanda dindarların hüquqları pozulur» deyəndə mənə gülməli gəlir. Şükür allaha, eşitməmişəm hansısa axundun, imamın hüququ pozulsun, bütün savadlı, savadsız mollalar da məscidlərdə iştirak edirlər. Bununla bağlı tənqidi qətiyyən qəbul etmirəm».

M.İbrahimqızı ölkədə sərbəst toplaşmaq azadlığının da təmin edildiyini, müxalif qüvvələrin aksiyalar keçirməsinə əngəl olmadığını söyləyir, «istədikləri vaxt aksiya keçirirlər» deyə bildirir.

Deputat Camal Qaşıqçının ölümünün araşdırılmasını misal çəkir

Deputat Dövlət Departamentini Azərbaycana qarşı qərəzli olmaqda, qaralama kampaniyası aparmaqda ittiham edir. Beynəlxalq qurumların hesabatlarına artıq inanmadığını söyləyən M.İbrahimqızı buna səbəb kimi əslən Səudiyyədən olan jurnalist Camal Qaşıqçının ölümünə Qərbin, ABŞ-ın etinasız münasibətini göstərir.

59 yaşlı C.Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyənin Türkiyədəki konsulluğunda öldürülüb. Səudiyyə hökuməti bu qətli bir dəstə əməliyyatçının gerçəkləşdirdiyini, vəliəhd şahzadə Məhəmməd bin Salmanın onda əli olmadığını deyib. Konqresin təkidiylə prezident Tramp Qaşıqçının qətlinin araşdırılmasına göstəriş versə də, hələlik, Ağ ev Konqresə hesabat təqdim etməyib.

«Buna görə də belə dövlətlərdən ədalətli mövqe gözləmirəm... Amerikanın özündə də insan haqları pozulur, Meksikayla sərhəddə divar çəkirlər və ya uşaqları valideynlərdən ayırırlar. Bunun haqqında yazırlar, yazmırlar, məni maraqlandırmır da», – M.İbrahimqızı söyləyir.

A.Hacılı
A.Hacılı

Arif Hacılı: «Etiraz etmək yox, problemləri aradan qaldırmaq lazımdır»

Müsavat Partiyasının başqanı Arif Hacılının qənaətincə, Dövlət Departamentinin hesabatındakı tənqidlərə etiraz etmək yox, orda göstərilən problemləri aradan qaldırmaq lazımdır. O, Azərbaycan hakimiyyətinin ikinci yolu tutmamasına və adıçəkilən qurumun hesabatlarında, bir qayda olaraq, reallığın əksini tapmasına, Azərbaycanda hüquq və azadlıqların ciddi şəkildə pozulmasına təəssüfləndiyini bildirir.

A.Hacılı Azərbaycanda siyasi vəziyyətin həddən artıq ağır olduğunu və getdikcə ağırlaşdığını düşünür: «Ölkədə 150-dək siyasi məhbus var, söz və sərbəst toplaşmaq azadlığı təmin olunmur. Ölkədə normal yerli özünüidarəetmə sistemi yoxdur. Ölkədə real hakimiyyət bölgüsü olmadığı üçün müstəqil məhkəmə yoxdur. Müstəqil məhkəmə olmayan dövlətdə nə insan haqlarının qorunmasından, nə iqtisadiyyatda bərabər imkanların yaranmasından, nə də, ümumiyyətlə, hüquqi dövlətə aid olan nədənsə danışmaq mümkündür. Bu da ABŞ Dövlət Departamentinin hesabatında əksini tapır və çox güman, hökumət də ənənəsinə uyğun olaraq bunu rədd edəcək».

Məhkəmə islahatına münasibət: «Ortada bəyanatlar, yarımçıq addımlar var»

Martın 1-də prezident İlham Əliyev sənət adamları ilə görüşdə bəyan etmişdi ki, ölkədə məhkəmə və hüquq islahatlarının aparılması məqsədilə tapşırıqlar verilib. Sonradan prezident özü və ya rəsmilər bu məsələnin detallarını açıqlamasalar da, hər halda İ.Əliyev belə bir niyyətini bəyan etmiş oldu.

Müsavat Partiyası başqanının qənaətincə, siyasi iradə olarsa, məhkəmə islahatı aparmaq mümkündür. Amma o, hələlik, belə bir iradənin ortaya qoyulmadığını düşünür: «Təəssüf ki, hələlik, bu məsələlərlə bağlı real addımlar atılmır. Bir tərəfdən dəyişikliklərdən, islahat aparılmasından danışılır, ancaq ölkədə ən elementar hüquqlardan olan sərbəst toplaşmaq hüququ təmin edilmir. Müsavat Partiyası ötən həftə Bakının bir neçə mərkəzdən uzaq yerində mitinq keçirilməsi üçün müraciət etsə də, hakimiyyət heç bir əsas göstərmədən, qanunazidd olaraq aksiya keçirilməsinə icazə vermədi. Məhkəmə, hüquq sistemi dəyişdirilməlidir. Müstəqil məhkəmənin olmaması təkcə siyasi fəallara problem yaratmır. Mən dəfələrlə həbsxanada olmuşam və orada yüzlərlə günahsız insanın azadlıqdan məhrum edildiyini görmüşəm».

B.Süleymanlı
B.Süleymanlı

Hüquq müdafiəçisi: «Biz çalışırıq...»

Hüquq müdafiəçisi Bəşir Süleymanlı Dövlət Departamentinin hesabatını ənənəvi hesabatlardan biri kimi dəyərləndirir və orda Azərbaycanda gedən proseslərin əksini tapdığını bildirir. Onun qənaətincə, bəzən həmin hesabatlarda ölkədə baş verən gerçəkliklərin heç də hamısı əks olunmur: «Məsələn, ifadə azadlığı ilə bağlı problem var, jurnalistlərə basqı var, bir neçə sayt bloklanıb. Sosial şəbəkədə fikrini ifadə edənlərə basqılar var. Son vaxtlar siyasət dəyişib. Cinayət işi açmır, sutkalıq həbslər verilir, başqa yollardan istifadə edilir. Biz martda bütün siyasi məhbusların azad edilməsi tələbiylə aksiya keçiririk, bununla da ölkənin adının qara siyahıdan çıxmasına çalışırıq».

Bu günlər sosial şəbəkələrdə bir sıra fəallar «Hamısını azad et!» deviziylə videolar, fotolar paylaşırlar.

Azərbaycan hakimiyyəti beynəlxalq və yerli hüquq müdafiəçilərinin bu cür tənqidləri ilə razılaşmır, ölkədə insan hüquq və azadlıqlarının təmin edildiyini bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG