Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Dostoyevski Putinin aqressiyasını anlamağa kömək edə bilərmi


V.Putin
V.Putin

Sovet lideri Nikita Xruşşovun nəticəsi Nina Xruşşova yazır: «Rusiya hipotetik mədəniyyətdir. Tarixin çox hissəsini despotlar tərəfindən idarə olunan bizlər reallıqdan çox bədii ədəbiyyatın içində yaşamağa öyrəşmişik». Ancaq Rusiya həyatın özündən də böyük personajlarla dolu ədəbiyyat dünyasındadırsa, onun lideri Vladimir Putin haqda nə demək olar? Klassik rus bədii ədəbiyyatı bu lider və onun aqressiv siyasətinə aydınlıq gətirə bilərmi?

Krımdakı real və ardıcıl siyasi dram bitmək bilmir. «Harvard Political Review» jurnalı yazır ki, Ukraynadakı böhran Yuqoslaviyanın mövcud olduğu vaxtlardan bəri Şərqi Avropanın üzləşdiyi ən qanlı müharibədir. Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in Kremllə apardığı ticarət danışıqlarının kəsilməsi ilə başlayan münaqişə qərbyönlü etirazçılarla yerli hüquq-mühafizə orqanları arasında zorakı toqquşmaya qədər qızışdı. Opportunist Rusiya da vəziyyətdən yararlanıb Krımın içərilərinə yeridi. Ancaq Putin üçün bu addım sadəcə yaranmış qarışıqlığı yatırmaq məqsədi daşımırdı. Bu, həm də milli böyüklük məsələsi idi.

Əsrlərin dramı

Virciniya Universitetindən rus ədəbiyyatı mütəxəssisi Endrü Kaufman iddia edir ki, Ukraynadakı münaqişə təkcə geosiyasi deyil. «Bu, rus qəlbinin dərinliklərində kök salmış, əsrlərlə mövcud olan dramdır», - o deyir. Kaufman-a görə, bu dram XIX əsr rus yazıçıları, xüsusən də Fyodor Dostoyevskinin «rus qəlbi» adlandırdığı məfhuma uyğun gəlir. O deyir ki, həmin bu qəlb imperialist avtoritarizmə tabedir.

Putinin 2014-cü ildəki hərəkətləri ayrıca götürülmüş addımlar deyildi. Bu hərəkətlər yalnız Putinə məxsus da deyildi. O, ölkə vətəndaşlarının 70%-nin dəstəyinə arxalanır. Bəs, bu niyə baş verir? Aqressiv avtokratı başının üzərinə qaldırmış Rusiya cəmiyyəti haqda nə demək olar? Putini həqiqətən anlamaq üçün Fyodor Dostoyevskinin əsərlərinə və burada əks olunan «rus qəlbi»nə üz tutmalıyıq. Bu məfhum Putinin Krım və Rusiyanın şərq qonşuları ilə davranışına işıq salır.

Putinin ölkə daxilindəki avtokratik davranışı və ətrafdakı daha zəif ölkələri gözümçıxdıya salması həm Corc Buş, həm də Barak Obama administrasiyasının maraqlarına zidd idi. Putinin idealı vətənpərvərlik adı ilə öz vətəndaşlarını və qonşu ölkələri daim təzyiq altında saxlayan güclü Rusiyadır. ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 2016-cı ildə prezident seçkiləri ərəfəsində üzə çıxmış haker qalmaqalına münasibət bildirərkən Putini diktator və «yekəxanalığı güclə səhv salan adam» adlandırmışdı.

Əlbəttə, despotizm və aqressiya nə Rusiya, nə də Putin üçün yeni deyil. Bu, əsrlərdən bəri davam edir. Tarixən avtokratiya özünü Rusiyanın böyüklüyü və dünyada söz sahibi olmasına inandıran rus qəlbinin formalaşmasında mühüm rol oynayıb.

F.Dostoyevski
F.Dostoyevski

Ruslar nəyi axtarır

Dostoyevski Rusiyanın panslavyan xristian imperiyasına başçılıq etməklə bağlı ilahi missiyasına inanırdı. «Rusiya slavyanları fəth edəcək və son nəticədə onları özünə cəlb edəcək. Əvvəlcə onlar qarışıqlıq dövründə ona müraciət edəcəklər. Ancaq nəticədə, bir gün onlar geri qayıdıb uşaq etibarı ilə ona sığınacaqlar. Onların hamısı ana yuvasına qayıdacaq», - Dostoyevski «Yazıçının gündəliyi»ndə yazır. Dostoyevskiyə görə, Rusiya bütün slavyan dövlətləri arasında ruhi, mənəvi baxımdan ən çox inkişaf etmiş dövlətdir. Bir-birinə yaxın dövlətlər ailəsinin anası olduğu üçün Rusiya yaxınlıqdakı ölkələri və xalqları özünə hopduracaq. Onun rəhbəri də həmin bu analıq missiyası üçün çalışmalıdır.

Məqalədə daha sonra deyilir ki, Sovet İttifaqının süqutu və onun doğurduğu mənəvi qarışıqlıq rusları bu müzəffər, messian düşüncəyə itələyib. «XX əsrdə Rusiya tarixində baş vermiş bütün fəlakətlərdən, xüsusilə də son 20 ildəkı alçalmadan sonra bir çox adi ruslar millətlər ailəsində öz milli dəyərlərinin - əslində isə üstünlüklərinin – dəlillərini axtarmağa başlayıblar», - Kaufman deyir. Tolstoy da vətənpərvər idi. Ancaq o, hər bir millətin özünəməxsusluğunu, dəyərini və insaniliyini tanıyırdı. Tolstoydan fərqli olaraq, Dostoyevski iddia edirdi ki, Rusiyanın missiyası «böyük ari irqinin bütün tayfalarını birləşdirməkdir». Soyuq müharibənin tozu yatmağa başlayanda ruslar taleyinə yaxın xarici birləşdirib onu idarə etmək missiyası yazılmış millət ideyasına sığındılar.

Putin də məhz bu ideyaya müraciət edib. «Putinin Dostoyevskinin bəzi əsərlərini öz əyalət qubernatorları arasında yayması yaxşı məlumdur», – Harvard Universitetinin ədəbiyyat professoru Uilyam Millz Todd «Harvard Political Review» jurnalına müsahibəsində deyib.

«Putin özünün «silah qardaşları»ndan, yaxud da Ukrayna-Rusiya birliyinin bərpasından danışanda da məhz Dostoyevskinin fikirlərini əks etdirir. Krımı ilhaq edən zaman da öz «rus qəlbi»nin səsinə qulaq asıb. …Putin Dostoyevskinin bir əsr yarım bundan əvvəl yaratdığı fəlsəfi və mənəvi struktura söykənir», – məqalədə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG