Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 19:37

D.Trump yazdığı tvitləri silə bilməyəcək


D.Trump

Birləşmiş Ştatların Milli Arxivlər və Sənədləşmə İdarəsi (National Archives and Records Administration) Ağ Evə prezident Donald Trump-ın Twitter sosial şəbəkəsində yaydığı bütün məlumatları, o cümlədən pozulmuş və düzəldilmiş tvitləri qoruyub saxlamağı tövsiyə edib. Öz növbəsində Ağ Ev bu tövsiyə ilə razılaşıb.

«Amerikanın Səsi» xəbər verir ki, ötən həftə Milli Arxivlər və Sənədləşmə İdarəsinin rəhbəri David S. Ferriero Demokratlar Partiyasından iki senatora məktub yazıb. Məktubda bildirilir ki, Ağ Ev onu (Ferriero-nu) prezident Donald Trump-ın Twitter-dəki bütün paylaşımlarını qoruyub saxladığına əmin edib.

OBAMA-NIN BÜTÜN TVİTLƏRİ SAXLANIRDI

Bildirilir ki, Prezident Sənədləri Aktına görə, bu bilgilərin tarix üçün qoruyub saxlanması vacibdir. Buna görə Milli Arxivlər və Sənədləşmə İdarəsinin nümayəndələri Ağ Evlə əlaqə saxlayıblar. Ancaq David S.Ferriero idarəsinin bu tələbin icrasıyla bağlı Ağ Evə nə vaxt müraciət etdiyini bildirməyib. Hərçənd, ölkənin baş arxivariusunun senatorlar Claire McCuskill və Tom Carper-ə yazdığı məktubda deyilir ki, Milli Arxivlərin əməkdaşları bu məsələ ilə bağlı fevralın 2-də Ağ Evdə brifinq keçiriblər.

Bununla yanaşı, martın 30-da yazılmış bu məktubda Ağ Evin prezident Donald Trump-ın tvitlərini hansı üsulla qoruyub saxladığına aydınlıq gətirilmir.

Ağ Ev
Ağ Ev

Ağ Evin bundan öncəki administrasiyası prezident Barack Obama-nın bütün tvitlərini avtomatik saxlayan sistemdən yararlanırdı.

Martın əvvəlində senatorlar McCuskill və Carper D.Trump-ın tvitləri barədə məsələ qaldırıblar. Onlar bu addımı Trump-ın paylaşdığı tvitləri bir neçə dəfə düzəltməsindən və silməsindən sonra atıblar. Bundan öncə də hər iki senator Ağ Ev müşaviri Don McGahn-a məktubunda Trump-ın Twitter paylaşımları ilə bağlı narahatlıq bildiriblər.

YAZIŞMALAR SAXLANMALIDIR

Bundan öncə yayılmış məlumatda deyilirdi ki, prezident administrasiyası məlumatların mətbuata sızmasından narahat olaraq, Ağ Evin bəzi əməkdaşlarına yazışmaları saxlamayan poçt və smartfon əlavələrindən yararlanmamaq əmri verib. Senatorlar Milli Arxivlər və Sənədləşmə İdarəsindən bu məsələ ilə də bağlı məlumat tələb ediblər.

David S.Ferriero senatorlara bildirib ki, mətbuatda yazılanlardan xəbəri var. Ancaq o qeyd edib ki, Ağ Ev əməkdaşlarının belə əlavələrdən istifadəsini yasaqlayan qayda var.

Ferriero-nun sözlərinə görə, onda hökumət işçilərinə işgüzar yazışmalar üçün elektron poçtdan yararlanmamağa dair təlimat verilməsi haqda məlumat yoxdur.

ABŞ prezidenti Donald Trump, demək olar, hər gün Twitter-dəki rəsmi və şəxsi səhifələrində məlumatlar paylaşır. KİV-lər, prezidentin siyasi tərəfdarları və əleyhdarları onun seçkilərdə qələbə qazandığı gündən, xüsusən də andiçmə mərasimindən bəri hər iki hesaba çox ciddi nəzarət edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG