Keçid linkləri

2026, 21 Fevral, şənbə, Bakı vaxtı 02:11

ABŞ Ali Məhkəməsi Trampın digər ölkələrə qarşı tariflərini qanunsuz saydı

Prezident Donald Tramp tariflərlə bağlı çıxışı zamanı cədvəli nümayiş etdirir.
Prezident Donald Tramp tariflərlə bağlı çıxışı zamanı cədvəli nümayiş etdirir.

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın digər ölkələrə qarşı tariflərini, əsasən, qanunsuz sayıb. Buraya bütün ölkələrdən idxala qarşılıqlı rüsumlar, Kanada, Meksika və Çindən gətirilən mallara 25 faizlik tariflər daxildir. Xəbəri "The Wall Street Journal" yayıb.

Məhkəmənin qərarında deyilir ki, Tramp 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad edərkən öz səlahiyyətlərini aşıb. "Konqres prezidentə tariflər tətbiq etmək üçün xüsusi və fövqəladə səlahiyyət vermək istəsəydi, bunu açıq şəkildə edərdi", – qərarda belə deyilir.

"The Wall Street Journal" yazır ki, Trampın ikinci prezidentlik müddətində ilk dəfədir Ali Məhkəmə onun siyasi qərarlarından birini qətiyyətlə ləğv edir. Digər sahələrdə məhkəmənin mühafizəkar çoxluğu Trampa geniş səlahiyyətlər tanıyıb.

Qərar digər qanunlar əsasında polad və alüminiuma tətbiq olunan tariflərə aid deyil.

Ləğv edilən rüsumların 10 il ərzində təxminən trilyon yarım dollar gəlir gətirəcəyi gözlənilirdi.

Qərarda deyilir ki, artıq bu rüsumları ödəmiş şirkətlər Maliyyə Nazirliyindən vəsaitlərin geri tələb edə bilərlər. Yüzlərlə şirkətin belə iddialar qaldırdığı bildirilir.

Tramp bəzi tarifləri digər hüquqi mexanizmlər vasitəsilə yenidən tətbiq edə bilər, amma bu, daha çox vaxt aparacaq.

Prezident 2025-ci ilin fevralında Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumlar qoyub. O, qərarını ABŞ sərhədlərindən fentanil və digər qanunsuz narkotiklərin keçməsinin qarşısının alınması tədbirlərinin yetərsizliyi ilə əsaslandırıb.

Apreldə Tramp, demək olar ki, bütün ölkələrdən idxala 10 faizlik ümumi rüsum tətbiq edib.

Tariflər məhkəmə prosesi boyunca qüvvədə idi.

XS
SM
MD
LG