Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:38

Azərbaycanda biznes qurmaq asanlaşıbmı? [şərhlər]


"Doing Business 2018" loqo
"Doing Business 2018" loqo

Dünya Bankının açıqladığı “Doing Business 2018. İş yerlərinin yaradılması məqsədilə islahatlar” adlı hesabatda Azərbaycan 190 ölkə arasında 57-ci yerdədir.

Ölkə ötən illə müqayisədə bir neçə pillə irəliləsə belə, qonşuları Gürcüstan, Rusiya, Ermənistandan geridədir. Gürcüstan 9, Ermənistan 47, Rusiya 35 yerdədir.

“Əgər qəbul edilmiş qanunların tətbiqi yoxdursa, bu islahat deyil ki...”

O ki qaldı sözügedən hesabatda hökumətin apardığı 4 islahatın qeyd edilməsinə, məsələn, kreditin əldə olunması, minoritar səhmdarların korporativ idarəetmədə rollarının artırılmasına və s. haqda deyilənlərə, keçmiş deputat, işadamı Nazim Bəydəmirli bununla razılaşmır:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Buna da bax: Azərbaycan 'Doing Business' hesabatında irəliləyib

“Kredit büroları ilə bağlı qanun əslində, çox illər bundan əvvəl qəbul olunmuşdu, indi sadəcə ASAN-xidmətdən arayış almaq "asanlaşdırılıb". Ancaq sahibkarlar ucuz kreditlərə çıxış əldə ediblərmi? Minoritar investorlarla bağlı - özəlləşdirmədən sonra yaranan minlərlə müəssisələrdə 100 minlərlə minoritar səhmdarlar dividend ala bilirlərmi? Əsas səhmdarlara dövlət orqanları və məhkəmələr təsir edə bilirlərmi? Özüm şahidəm ki, bu, ancaq kağız üzərindədir. Müflisləşmə ilə bağlı – fiziki şəxslərin müflisliyi tətbiq olunmur, kreditor təşkilatları yenə borcluları əzməkdə davam edir. Ancaq "Standart bank" kimi təşkilatlar əmanətçilərə pul ödəməsin deyə, bir günə məhkəmə müflisləşmə haqqında qərar verə bilir. Ümumiləşdirilmiş qaydada desək, əmanətçiyə, borclu vətəndaşa zülm edilir, banklara yaşıl işıq yandırılır. Kontraktların icrası, istifadəçilərin məhkəmə xərclərini elektron qaydada ödəməsinə imkan verən sistemin tətbiqinə gəlincə, bunun nə olduğunu hüquqşünaslar və iqtisadçılar yaxşı bilir, elektron qaydada ödədiyini kağız üzərinə çap edib, həmin bankda təsdiq edib məhkəmələrə verməsən, sübut edə bilmirsən, qəbz olmadığına görə iddialar hələ də məhkəmələrdən geri qaytarılır.. Əgər qəbul edilmiş qanunların tətbiqi yoxdursa, bu islahat deyil ki...”

“Azərbaycanda bəzi rəsmi qurumlar prosesi sabotaj etməyə çalışırlar”

Buna da bax: Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya hesabat dərc edib

Hesabat ənənəvi reaksiya ilə üzləşib. Bakıda yerli ekspertlər “Doing Business”-in ortaya qoyduğu nəticələrə hər zaman şübhəylə yanaşırlar. İqtisadçı Rəşad Həsənova görə, buna səbəb indeksin metodologiyasında problemlərin olmasıdır. O, “Doing Business”-in rəsmi sənədlər əsasında hazırlandığını, bu zaman alternativ fikirlərə yer verilmədiyini bildirir.

Rəşad Həsənovun sözlərinə görə, sənəd üzərində qiymətləndirmə apararkən Azərbaycanda həqiqətən də son 3 ildə “əhəmiyyətli hadisələr” baş verib, məsələn, maliyyə-bank sektorunda qərarlar qəbul edilib, “Doing Business”in də önəm verdiyi tikinti sektorunda elektrik şəbəkəsinə qoşulma prosedurları “dəfələrlə sadələşdirilib” və ya eləcə də sahibkar yoxlamalarının məhdudlaşdırılması ilə bağlı verilən möhlət daha 4 il uzadılıb.

Azerbaijan. Baku. Expert Rashad Hasanov
Azerbaijan. Baku. Expert Rashad Hasanov

“Bundan başqa, ötən ilin dekabrında ölkə iqtisadiyyatının bütün sahələrini əhatələyəcək sənəd – strateji yol xəritələri imzalandı. Bu istiqamətdə hökumət artıq hərəkətə keçib. Yəni rəsmi səviyyədə islahatların aparıldığını deyə bilərik. Ancaq iqtisadiyyatın bu islahatlardan real olaraq yararlanması aşağıdır. Azərbaycanda bəzi rəsmi qurumlar bu islahatlarla razılaşmırlar, prosesi sabotaj etməyə çalışırlar və ya öhdəliklərini yerinə yetirə bilmirlər. Məsələn, strateji yol xəritələrinin icrasının qiymətləndirilməsi zamanı aydın oldu ki, üç dövlət qurumu bu xəritələrdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyib. Yəni real olaraq iqtisadi subyektlərin sənəd üzərində, hüquqi baxımdan həyata keçirilən islahat konsepsiyasından yararlanması çox aşağıdır. Ancaq bütün bunlar “Doing Business” indeksinə sirayət etmədiyindən sənəddəki göstəricilər yüksək olur və haqlı olaraq narazılıqlara yol açır”, – Rəşad Həsənov deyir.

Buna da bax: Azərbaycan 'Doing Business-2017'də geriləyib

Nazim Bəydəmirli: “... bəs digər 570 min haradadır?”

İşadamı, keçmiş deputat Nazim Bəydəmirli Azərbaycanın adının “Doing Business” və İqtisadiyyatın Rəqabətliliyi kimi Dünya Bankının hesabatlarında yüksək yerdə göstərilməsini belə izah edir:

“Biznesin qeydiyyatı ilə həmçinin müxtəlif qanunların qəbul olunması ilə bağlı hələ də islahat aparılmalı sahələr mövcuddur. Ölkənin valyuta ehtiyatı yüksəkdir, başqa ölkələrlə müqayisədə ÜDM-i xarici borca nisbətən azdır və s. Ancaq çox təəssüf edirəm ki, biznesə başlayandan sonra sahibkarlığın inkişafı, icazələrin alınması, kreditlərə əlçatanlıqla bağlı, mülkiyyət hüququnun qorunması, kölgə iqtisadiyyatı ilə bağlı bəzi məsələlərin həllində hələ də qonşu ölkələrdən çox geridə qalırıq. O baxımdan “Doing Business”in açıqladığı 4 istiqamətdə aparılmış islahatlara çox da sevinmək lazım deyil”.

Buna da bax: Postsovet ölkələrində biznes mühiti yaxşılaşır

O, sənəddə deyilənlərin gerçəyi əks etdirmədiyini sübut etmək üçün oktyabrın 31-də açıqlanan bir rəqəmə diqqət çəkir. Rəsmi statistikaya görə, vergi ödəyicilərinin cəmi 0,8 faizi ölkənin vergi gəlirlərinin 90 faizini təşkil edir. Nazim Bəydəmirli deyir ki, yerdə qalan 570 mindən çox fiziki və hüquqi şəxslərin ödədikləri isə vergi gəlirlərinin 10 faizini belə təşkil etmir. Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycanda klassik iqtisadi düşüncəyə uyğun olaraq ÜDM-in formalaşmasında çox az qurum iştirak edir və bu, bir daha sübut edir ki, “ölkə iqtisadiyyatında böyük monopoliya var, Azərbaycan iqtisadiyyatı şaxələnməyib və sahibkarlıq mühitini əlverişli saymaq olmaz. “Cəmi 459 iri vergi ödəyicisi büdcənin vergidən gələn payının 90 faizini təşkil edirsə, bəs digər 570 min haradadır?”, – iqtisadçı sual edir.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesabatla tanış olmadığı üçün onu şərh edə bilməyəcəyini söyləyib.

Ancaq deputat iqtisadçıların Azərbaycanda “islahatlar sənəd üzərində aparılır” fikri ilə razılaşmayıb. O Azadlıqradiosu-na hökumətin apardığı islahatların artıq bəhrə verdiyini bildirib.

“Mən bunu deyə bilmərəm. İslahatların müəyyən bəhrəsi var. Müəyyən hissəsi öz bəhrəsini verir. Məsələn, bu özünü kənd təsərrüfatının inkişafında büruzə verir. Hələlik o sahədə ciddi islahatlar getdiyini müşahidə edirəm. Kənd təsərrüfatı ilə bağlı ixrac artıb. Ona görə də islahatların kağız üzərində qalması barədə deyilən fikrilərlə razılaşmıram”, - deputat deyib.

Buna da bax: Zeynəb Xanlarova: ‘Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım...’

AzadlıqRadiosu gün ərzində bu tənqidlərə hökumətdən və ya parlament üzvlərindən rəy almağa çalışsa da, bu mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG