Oktyabrın 31-də Dünya Bankı “Doing Business 2018. İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatını açıqlayıb. Sayca 15-ci olan bu illik hesabatda dünyada biznes fəaliyyətini gücləndirən, yaxud onu məhdudlaşdıran qaydalar dəyərləndirilir.
Bu hesabatda Əfqanıstandan tutmuş Zimbabveyə qədər 190 ölkədə biznesin tənzimlənməsi qaydaları, mülkiyyət hüququnun qorunmasına dair indikatorlar təqdim olunur.
Siyahıda birinci yeri 86,55 balla Yeni Zelandiya tutur.
AZƏRBAYCAN
Hesabatda Azərbaycan 57, Gürcüstan 9, Ermənistan 47, Rusiya 35, İran 124-cü yerdədir.
Ötən illə müqayisədə Azərbaycanın irəlilədiyi görünür. Ötən il Azərbaycan 190 ölkə içində 65-ci yeri tutmuş, bir il öncəyə baxanda 4 pillə geriləmişdi.
Azərbaycanda biznes qurmağın asanlığı 70,19 balla dəyərləndirilib. Müqayisə üçün, Gürcüstanın balı 82,04-dür.
Gerçəkləşdirdiyi beş islahatla Özbəkistan islahat sayına görə regionda lider ölkə sayılıb. Ondan sonra Litva və Azərbaycan gəlir, hərəsi 4 islahat aparıb.
Bundan başqa, Azərbaycan, Cibuti və Myanmanın kredit tarixçələri qanunvericiliyini təkmilləşdirdiyi bildirilir ki, bu da gələcəkdə yeni kredit bürolarının yaradılmasına imkan verəcək.
Hesabatda Azərbaycanın adı korporativ şəffaflıq qaydalarında dair qanunvericilik qəbul etmiş 13 ölkə arasında da çəkilir.
Qeyd olunur ki, Azərbaycanda kreditorlara əlavə təminat verən qanunvericilik dəyişiklikləri qəbul edilib. Kreditorlara debitorun maliyyə durumuyla bağlı istənilən vaxt informasiya almaq hüququ verilir.
*** Buna da bax: AvroMed şirkətinin “pulyuyan maşından” milyonlarla dollar aldığı güman edilir
İSLAHATLAR
Ölkənin həyata keçirdiyi 4 islahat bunlardır:
- Kreditin əldə olunması - Kredit bürolarının yaradılmasına imkan verən qanun qəbul etməklə Azərbaycan kredit informasiyasına çıxışı təkmilləşdirib;
- Minoritar investorların qorunmasıyla bağlı tədbirlər görülüb – səhmdarların korporativ qərarların verilməsində hüquqları və rolu artırılıb, sahibkarlıq, nəzarət sktrukturları dəqiqləşdirilib, daha geniş korporativ şəffaflıq tələb olunur;
- Kontraktların icrası asanlaşdırılıb, istifadəçilərin məhkəmə xərclərini elektron qaydada ödəməsinə imkan verən sistem tətbiq olunub;
- Müflisliyin tənzimlənməsi prosesi asanlaşdırılıb, bu prosedurlar kreditorlara daha əlçatan edilib, onlara prosedurlarda daha geniş iştiraka icazə verilir və sairə.
*** Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]
Qeyd edək ki, “Doing Business” hesabatı Azərbaycan hökumətinin ən çox istinad etdiyi hesabatlardadındır. Ancaq müstəqil iqtisadçılar, adətən, bu hesabatın hazırlanması prosesinə şübhəylə yanaşır, daha çox hökumətyönlü ekspertlərlə müzakirələr aparıldığını bildirirlər. Onlar ölkədə iqtisadi mühitdəki problemlərin həllindən ötrü köklü islahatları, monopoliyanın ləğvini, rəqabət mühitinin yaradılmasını vacib sayırlar.
Elə builki hesabatda da sənədin hazırlanmasında köməyə görə təşəkkür bildirilən şəxslər siyahısında müxtəlif nazirliklərin, məhkəmələrin, böyük şirkət təmsilçilərinin adlarına rast gəlinir.
Hesabata reaksiyalar gün ərzində saytımıza yerləşdiriləcək.
HESABAT NECƏ HAZIRLANIR
“Doing Business” biznes qurmağın 11 sahəsiylə bağlı qaydaları ölçür – biznesə başlamaq, tikintiyə icazə almaq, elektriklə təmin olunmaq, mülkiyyəti qeydiyyata almaq, kredit almaq, minoritar investorların qorunması, vergilərin ödənməsi, sərhədlərarası ticarət, kontraktların qüvvəyə minməsi, müflisləşmənin həlli. Bu hesabatda adətən əmək bazarındakı qaydalar da öyrənilir, amma bu ilin reytinqinə salınmayıb.
Ötən ilin iyunundan bu ilin iyununadək olan dövrü əhatələyən hesabatda qeyd olunur ki, 119 ölkədə sahibkarlar üçün yerli qanunvericilikdə təkmilləşmələr qeydə alınıb. Dəyərləndirilən 190 ölkədə 264 biznes islahatı sənədləşdirilib.
İqtisadiyyatda təkmilləşmə qeydə alınan ölkələr içində Kosovo, Hindistan, Özbəkistan da var.