Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Medvedev: ‘Qərbdəki partnyorlarımız bir balaca qudurublar...’


Dmitri Medvedev (solda) və Stiv Cobs. Kaliforniya, 2010-cu il
Dmitri Medvedev (solda) və Stiv Cobs. Kaliforniya, 2010-cu il

Rusiyanın keçmiş prezidenti və keçmiş baş naziri, habelə hakim Vahid Rusiya partiyasının lideri Dmitri Medvedev hesab edir ki, son illərdə Moskvanın Qərb ölkələri ilə münasibətləri “dramatik şəkildə pisləşib” və indi bu münasibətlər Soyuq müharibə illərində olduğundan daha pisdir.

Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini postunu tutan Medvedev iyunun 1-də Kommersant qəzetinə verdiyi müsahibədə bildirib ki, hamı Rusiya ilə Qərb arasındakı “konfrontasiyadan yorulub”.

Amma Medvdev hesab etdiyini deyib ki, “bu yayı tarıma çəkən Rusiya olmayıb”.

Keçmiş prezident və keçmiş baş nazirin sözlərinə görə, hətta Krımın Rusiyanın tərkibinə qatılmasına verdiyi reaksiyada da Qərb “daha incə, daha ağıllı” hərəkət edə bilərdi, amma hər şeyi “yandırıb kül etmək” yolunu seçdi.

Medvedev eyni zamanda etiraf edib:

“Mən demək istəmirəm ki, təqsir həmişə bir tərəfdə olub və yaxud biz aydan arı, sudan duruyuq”.

AzadlıqRadiosunun Rus xidməti yada salır ki, prezident Vladimir Putin Qərblə qarşıdurmadan danışarkən məhz bu ifadəni işlətmişdi.

Medvedev hazırkı vəziyyəti 1960-1980-ci illərlə müqayisə edib və deyib ki, onda da Sovet İttifaqı ilə Qərb arasında qarşıdurma vardı, amma kompromislər tapmaq mümkün idi:

“Təəssüf ki, bizim Qərbdəki partnyorlarımız, xüsusilə də Varşava müqaviləsinin dağılmasından sonra, bir balaca qudurublar...”

Xruşşova, Brejnevə sanksiyalar qoyulmurdu...

Onun sözlərinə görə, Soyuq müharibə illərində Qərb, sovet liderləri Nikita Xruşşova, Leonid Brejnevə, Siyasi Büro üzvlərinə və ya Ali Sovetin rəhbərlərinə fərdi sanksiyalar qoymurdu, amma indi Rusiya liderlərinə sanksiyalar qoyulur və beləliklə də kommunikasiya kanalları qırılır.

Avropa İttifaqı ölkələri və ABŞ Rusiyanın güc strukturlarının bəzi rəhbərlərinə sanksiyalar elan edib. Habelə Rusiyanın dövlət şirkətlərinin rəhbərlərinə də sanksiyalar qoyulub.

Bununla belə, nə Medvedevin özü, nə Putin, nə də hökumət və parlament başçıları sanksiya siyahılarına salınmayıblar.

Medvedevin fikrincə, Qərb Rusiyanı “ölməkdə olan ölkə” hesab edir və buna görə də onun rəyini SSRİ-nin rəyini nəzərə aldığı kimi nəzərə almır:

“Bu vəziyyət nə qədər davam edə bilər? Gəlin açıq danışaq: bunu heç kim bilmir”.

Amma buna baxmayaraq Medvedev ümid etdiyini bildirib ki, Qərblə əməkdaşlıq bərpa oluna bilər.

O deyib ki, məsələn koronavirusla mübarizə bu əməkdaşlığın bünövrəsi ola bilərdi.

Navalnı etirazları pandemiyaya görə dağıdılıb?

Medvedev ötən qış Aleksey Navalnıya dəstək aksiyalarının dağıdılmasını da koronavirus pandemiyası ilə əsaslandırıb:

“Pandemiya heç hara çıxıb getməyib. Dövlət kütləvi tədbirlər keçirilməsinə icazə verərkən və ya verməyərkən bunu nəzərə almalıdır”.

Ölkədə vəziyyət barədə danışarkən Medvedev bunu 1990-cı illərlə müqayisə edib. O deyib ki, həmin illərlə müqayisədə “indi vəziyyət hətta pandemiyaya da baxmayaraq sadəcə olaraq yaxşıdır, stabildir”.

Medvedev Dövlət Duması seçkiləri üçün Vahid Rusiya partiyasının siyahısına başçılıq edib-etməyəcəyi barədə sualın cavabından yayınıb.

O deyib ki, bu barədə qərarı partiyanın qurultayı verəcək.

Rusiya mediası bu siyahıya Vladimir Putinin özünün başçılıq edəcəyi barədə ehtimallar irəli sürür.

Medvedev 2008-2012-ci illərdə Rusiyanın prezidenti olub və daha sonra postunu Vladimir Putinə təhvil verib.

O 2020-ci ildə baş nazir postundan istefaya getsə də, Vahid Rusiya partiyasının sədri vəzifəsində qalıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG