Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Dizaynda nə daha vacibdir: tarixçə, yoxsa gözəllik?


Mənzil dizaynı
Mənzil dizaynı

The Independent

Estetikada çox vaxt «sənət sənət üçündür» ifadəsi işlədilir. Bu ifadədə hər hansı sənət əsəri, bina, yaxud ev əşyası yaradarkən gözəlliyin önə çəkilməsi nəzərdə tutulur. İfadənin özü XIX əsr fransız fəlsəfəsindən götürülüb. Bu fəlsəfəyə görə, fiziki cisimlərin hazırlanması hansısa əxlaqi və ya funksional məqsəd daşımamalıdır və yalnız bu halda onlar gerçək sənət əsəri sayıla bilər. Başqa sözlə, əşya, sadəcə, gözəl cisim kimi, özü-özlüyündə tamdır.

Bu düşüncə özəlliklə Viktorian dövrü istehlakçıları arasında yayılmışdı. Bəs bugünkü dizayn və interyer bazarında yalnız gözəlliyə güvənməklə satışı nə dərəcədə uğurlu etmək olar?

«Dizaynerlər arasında ziddiyyət var»

Dizayn məhsulları bazarı çoxsaylı tarixçələr - hekayələrlə iç-içə fəaliyyət göstərir; hər hansı hekayənin irəli çəkilməsi alıcını məhsulu almağa meylləndirir. Londonda yerləşən «Elicyon» interyer dizayn şirkətinin təsisçisi Charu Gandhi deyir ki, əşyanın gözəlliyinin əhəmiyyətinə qəlbdən inanan, ancaq həm də dizaynda hekayənin zərurətini qəbul edən dizaynerlər arasında ziddiyyət var. Onun sözlərinə görə, gözəllik hekayəsiz, yaxud məqsədsiz mövcud ola bilsə də, bu, bəzən belə olmur.

O deyir ki, bir şey müstəsna dərəcədə gözəldirsə, onun arxasında hər hansı birbaşa məqsəd, yaxud hekayənin dayanmasına ehtiyac qalmır: «Ancaq çox vaxt hekayə yekun dizayn üçün vacibdir, «niyəsi və necəsi» son məhsulun alınmasında xüsusi rol oynayır.

Gandhi-nin sözlərinə görə, hazırda ən üzdə olan istehsalçı və satıcıların təklif etdiyi lüks əşyaların arxasındakı hekayələr «dəqiqliyə, dəyərliliyə, nadirliyə, ustalığa, özgünlük və ənənəyə» dayanır.

Britaniyanın naxışları əllə çəkilən divar kağızları istehsal edən «Fromental» şirkətini misal göstərmək olar.

«Hekayə «Fromental»ın ürəyidir»

«Hekayə «Fromental»ın ürəyidir. Kolleksiyamızın hər bəzəyinin öz hekayəsi var. Biz bilərəkdən müxtəlif dövr və mədəniyyətlərdən elementlər seçir, yeni səhifə yaratmaq üçün onları kombinə edirik. Dizaynın dəyərini hekayənin artırdığına inanırıq. Sənətkarlarımız bu hekayəni vizuallaşdırır və istehsal prosesində çox vaxt yeni üsullar yaradır…», - «Fromental»ın həmtəsisçisi və dizayn direktoru Lizzie Deshayes-in sözləridir.

Bu düşüncə bütün dizayn kateqoriyalarında mövcuddur. Mətbəx dizaynında onu daha çox görmək olur.

Mətbəx dizaynı ilə məşğul olan bir şirkətin dizayn direktoru Tom Howley deyir ki, təkcə dəbdə olan rənglərin seçilməsi yox, onların adlandırılması da vacib və vaxt aparan işdir: «Rəngə botanik ad qoyulmayanda mavi mətbəx şkafı, sadəcə, mavi mətbəx şkafıdır…».

Bəzən istehlakçını «ovlamaq» üçün səyahət mövzusuna üz tutulur. «Andrew Martin» şirkətinin parça, divar kağızı və mebel kolleksiyaları da bu qəbildəndir. Şirkətin «Gobi», «Expedition» adlı kolleksiyaları var.

«Asiyakökənli kilim zolaqları…»

Brendin dizayn direktoru David Harris deyir: «Səyahət nəsli meydana gələndən bəri zəngin tarixli xarici tekstilə çıxış və maraq da çoxalıb. İnsanlar enerji verən və unikallıq təsiri bağışlayan parçalara üstünlük verirlər. Bu gün Britaniya interyerlərində Asiyadangəlmə kilim zolaqlarını, Afrikanın həndəsi motivlərini, Meksikanın naxışlarını görə bilərsiniz. Hər birinin də rəngarəng hekayəsi var».

Belə görünür ki, lüks dizayn bazarında təkcə gözəllik yetərli deyil. Günümüzdə «hekayəli» dizaynın statusu yüksəkdir. Ev dizaynı sahəsində gözəllik və hekayə bir-biri ilə sıx bağlıdır. İndinin istehlakçısı məhsulu almazdan öncə onların hər ikisini görmək istəyir. Gözəllik naminə gözəllik incəsənətdə daim öz yerini saxlayacaq, ancaq hekayə əsl gözəlliyə pul xərcləməyimiz baxımından çox önəmlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG