Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:39

Bir butulka arağa 1.3 milyon dolları kim verir


«Russo-Baltique» arağı

Danimarka polisi yanvarın 2-də, erkən saatlarda Kopenhagendəki «Cafe 33» kafesindən dəyəri 1.3 milyon dollar olan bir şüşə «Russo-Baltique» arağının oğurlandığını bildirib. Kafe özünün 1200-şüşəlik bahalı araq kolleksiyasını açıq məkanda yerləşdiribmiş. Bu oğurluq hadisəsi bütün dünyanın diqqətini keçmiş sovet respublikalarında zəngin həyat yaşayanların dəbdəbəli həyata xərclədiyi böyük pullara yönəldib.

Kameralara düşmüş görüntülərdə oğrunun qaranlıqda fənərin köməyi ilə kolleksiyanın rəfləri arasında araq şüşəsini seçib götürdüyü əks olunub. Həmin araq şüşəsi bütün bardan oğurlanmış yeganə əşyadır.

Müstəntiqlər hələ də oğrunun «Cafe 33»ə basqın etdiyini, yaxud açarla daxil olduğunu araşdırırlar.

Hər şeydən əvvəl, bir şüşə arağın qiyməti niyə 1.3 milyon dollardır və onu bu əcaib qiymətə kim alır?

««Lüks» çox adi sözdür»

«Cafe 33»ün sahibi Brian Ingberg Danimarkanın TV2 kanalına deyib ki, kafe həmin araq şüşəsini Riqadakı özəl «Dartz Motor» şirkətindən borc götürüb. Həmin şirkətsə Latviyada doğulmuş işadamı Leonard Yankelovich tərəfindən təsis edilib.

«Dartz» 2008-ci ildə məhdud sayda bahalı araq şüşələri istehsal edib. Şirkət hazırda, əsasən, keçmiş sovet respublikalarının ultrazəngin adamları üçün dünyanın ən bahalı zirehli maşınlarını hazırlayır. Ancaq onun müştəriləri arasında Yaxın Şərqin neftlə zəngin ölkələrinin əsilzadələri də var.

Yankelovich 2015-ci ildə BBC-yə demişdi ki, «lüks» «Dartz» maşınlarını, yaxud «Russo-Baltique» araqlarını təsvir etmək üçün «çox adi» sözdür, çünki «lüksü supermarketdən də ala bilərsiniz». O, şirkətinin məhsullarına «sərvət» sözünün şamil edilməsinə üstünlük verdiyini demişdi. Həqiqətən də, bu məhsullar keçmiş SSRİ-nin ən zəngin insanlarının sanballı pullarına hesablanıb.

«Dartz»ın bu bazarda satdığı, hər müştəri üçün özəl yığılmış zirehli SUV tipli avtomobillərin qiyməti 1.5 milyon dollardan başlayır.

«Russo-Balt» avtomobili
«Russo-Balt» avtomobili

Avtomobilin ön hissəsi formasında

Hollivudun bir neçə rejissoru «Dartz» avtomobillərini öz filmlərində sərgiləyib. Məsələn, belə bir avtomobili Sacha Baron Cohen-in məşhur «Diktator» filmində görmək olar.

Ingberg TV2 kanalına deyib ki, oğurlanmış şüşə 1908-1912-ci illərdə Riqada istehsal edilmiş «Russo-Balt» avtomobillərindən birinin ön hissəsi formasında dizayn olunubmuş.

«Dartz» 2008-ci ildə belə şüşələrdən birini 1.3 milyon dollara satışa çıxarıbmış.

Eyni ildə şirkət yanğınsöndürən balon formasında hazırlanmış başqa bir araq şüşəsini 650 min dollara satışa çıxarıb. Həmin şüşələrdən birinin «Kartdan ev» (House Of Cards) populyar televiziya serialında görüntüləndiyi deyilir.

Hər iki şüşə dizaynı 2008-ci ildə «Russo-Balt» avtomobil şirkətinin Riqa zavodunun yaradılmasının 100 illiyi münasibətilə hazırlanıb. Zavod tikiləndə Riqa hələ Rusiya imperiyasının tərkibində idi.

«Dartz» şirkəti bildirir ki, ümumilikdə 625 «Russo-Baltique» araq şüşəsi hazırlanıb. Bu, 1908 - 1912-ci illər arasında Riqa zavodunun hazırladığı avtomobillərin sayı ilə eynidir. Sonradan şirkət avtomobil istehsalını başqa yerlərə köçürüb.

İncəsənət əsəri olan araq

«Cafe 33»dən oğurlanan araq şüşəsinin II Nikolayın «çervonets» (Azərbaycanda xalq arasında «çervon qızılı» kimi tanınır - tərc.) qızıl sikkələrinin əridilməsi ilə əldə edilən 3 kiloqram təmiz qızıldan və 3 kiloqram təmiz gümüşdən hazırlandığı, həmin sikkələrin də 1908 - 1912-ci illər arasında buraxıldığı deyilir.

Şüşənin ağ və sarı qızıldan hazırlanmış qapağını brilyantlarla bəzədilmiş rus imperial qartalı tamamlayır.

Yüzillik yubiley layihəsi Regina Abdurazakova tərəfindən maliyyələşdirilib. «Dartz»ın reklam materiallarında o, «Qazaxıstandan olan neft maqnatının atasının pulunu dəyərləndirmək qərarına gələn ekstravaqant qızı» kimi təqdim olunur.

«Biz araqların hazırlanması zamanı istifadə olunan xüsusi almaz filtrlər, yaxud balina sperması kimi ekzotik məhsullardan danışa bilərik, ancaq bütün bunlar... çox səthidir.

...Bu araq markası içmək üçün deyil, çünki o, miras qoyulmaq üçün markadır. Bu, ailənin incəsənət kolleksiyasının bir hissəsi olmalı araqdır. İncəsənət əsəri olan arağı niyə içməlisiniz ki?», – «Dartz»ın reklam materiallarında deyilir.

Danimarka polisi itmiş araq şüşəsinin yanvarın 5-də Kopenhagen yaxınlığında təmirdə olan bir malikanənin içərisində tapıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG