Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:59

Direktor: 'Səbail ilə Pirallahıda məktəblərin səviyyəsi bir olmayacaq ki...'


Cəlilabadda kənd məktəbi
Cəlilabadda kənd məktəbi

Şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.

«Report»un məlumatına görə, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva konfransda belə deyib.

Bəs siyahıda sonuncu yerləri tutan Xəzər, Pirallahı və Qaradağ rayonlarındakı orta məktəblər özləri bu haqda nə deyirlər?

Çeyildağ qəsəbəsindən müəllimlər niyə qaçır

Başlayaq Qaradağın Çeyildağ qəsəbəsində yerləşən 224 saylı məktəbdən. Onun direktoru Aydın İsrafilov AzadlıqRadiosuna deyir ki, məktəb ucqarda yerləşdiyindən, qəsəbədəki yeganə nəqliyyat vasitəsi uzun fasilələrlə işlədiyindən bir çox müəllimlər burda işləməkdən imtina edirlər: «Qəsəbəmizdə ixtisaslı kadrların sayı azdır, kənardan da müəllimlərin bura gəlməsi ciddi problem olduğundan bəzi fənlər məktəbimizdə tədris edilmir. Bir neçə ildir məktəbimizdə bədən tərbiyəsi müəllimi yoxdur. Keçən ilin ikinci yarısından etibarən biologiya fənni keçirilmədi. 9 saat ingilis dili fənnindən vakansiya vermişik. Azərbaycan dili və ədəbiyyat müəllimi, təsviri incəsənət müəllimi yoxdur.

Müəllimlərin əksəriyyəti qəsəbəyə kənardan gəlirlər. Onlar bura gəlməkdən ötrü Lökbatan qəsəbəsindən avtobusa minməlidirlər. Çeyildağa gün ərzində ən yaxşı halda iki, ya üç dəfə marşrut gəlir. Səhər 7-yə 10 dəqiqə qalmış Lökbatandan bir nəqliyyat vasitəsi çıxır. Saat 9-da qəsəbəyə çatır, az qala, iki saata. Müəllimlər dərslərinin nə vaxt bitməsindən asılı olmayaraq, saat 15:30-dək gözləmək məburiyyətindədirlər. Çünki növbəti avtobus ancaq o zaman gəlir. Saat 12-də, 13-də dərsi bitən müəllim, gör, nə qədər gözləməli olur. Taksi ilə getmək olar, ancaq o da ən yaxın qəsəbəyə – Səngəçala ən azı 15 manata aparır. Müəllim də gərək onda əməkhaqqını taksi xidmətinə sərf etsin».

Direktor danışır ki, yeri-yurdu görəndən sonra iş axtaran müəllimlər «Gedib kənddə işləmək daha yaxşıdır» deyirlər və bir də onların burda izinə-tozuna rastlayan olmur: «Yol xərci də çoxdur. Lökbatandan bizim qəsəbəyə 1 manat 40 qəpiyə gəlirlər. Düzdür, xahiş etmişdik müəllimlərə güzəşt etmişdilər, 1 manata aparıb-gətirirdilər, amma bu ildən sürücülər «Bizə göstəriş veriblər, müəllimlərə güzəşt olunmasın» deyirlər. Keçən il üç müəllim gəlmişdi, valideynlərindən xahiş etdim ki, qəsəbədə bunlara kirayə tutaq qalsınlar. Birtəhər onların valideynlərindən razılıq aldım, amma bu il həmin müəllimlərdən ikisi başqa məktəbə keçib. Onların yeri hələ də boşdur».

Kəlfərəc kəndinin dağılmış məktəbi
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Bakı ərazisi sayılan qəsəbədə müəllimə güzəşt yoxdur

Təhsil Nazirliyi uzun zamandır ucqar bölgələrdə işləyən müəllimlərə güzəşt edilməsindən, onların kirayə haqqının, yol xərcinin ödənilməsindən danışır. Bəs bu, Çeyildağa aiddirmi? Məktəb direktoru deyir ki, bu, bölgələrə aiddir, Çeyildağ Bakı ərazisi hesab olunur deyə, onlara şamil olunmur: «Maaş da standart olaraq Bakı şəhərindəki təhsil müəssisələrində necədirsə, bizdə də elədir. Mən kirayədə qalan müəllimlərin kirayə haqqının Təhsil İdarəsinin ödəməsi üçün rəsmi müraciət etmişdim. Cavab olaraq bildirilib ki, buna pul ayrılması nəzərdə tutulmayıb».

«Səbail rayonu ilə Pirallahı rayonu bir olmayacaq ki...»

«Pirallahı, Xəzər, Qaradağ kənar rayonlardır. Burda o qədər istixanalar var, rayonlardan bura işləməyə gələn də çoxdur. Bu tərəflər həmişə belə olub. Hər halda, şəhərin mərkəzi ilə burdakı valideynlər eyni deyil», – Pirallahı rayonunun eyniadlı qəsəbəsindəki 168 saylı məktəbin direktoru Mehparə Manısova rəsmi nəticədən danışarkən söyləyir.

«Amma bizim məktəbdə təhsil həmişə yüksək səviyyədə olub, qızıl medal alanımız olub. Bu il qızıl medal alan yoxdur, ancaq 686, 687 bal toplayan şagirdlərimiz var, 10 uşaq 500-600 arası bal yığıb. Bu il 60 məzunumuz olub, 53 nəfər sənəd verib, 45 nəfər ali məktəbə girib. Bundan artıq nə nəticə?.. Ümumi kənar kəndlərdə, qəsəbələrdə vəziyyət aşağıdır. Bakı kəndləri var, məsələn, Türkanda valideynlər övladlarını oxutmaq, məktəbə göndərmək istəmirlər. Bunun nəticələridir rayon üzrə ortaya çıxır, bir də kənar yerdir, əhali kasıbdır. Mərkəzdəki məktəblərdə hamı uşaqlarını birinci sinifdən hazırlığa qoyur. Burda elə imkansız valideynlər var, vallah, paltar-ayaqqabı ala bilmir, özümüz alıb veririk. Demək istəyirəm, bütün yaxşı məktəblər, liseylər, gimnaziyalar şəhərdə cəmləşib. Bizim tərəfdə belə şey yoxdur. Ona görə də əlbəttə, Səbail rayonu ilə Pirallahı rayonunda məktəblərin səviyyəsi bir olmayacaq ki...», – direktor vurğulayır.

«Zəif uşaqlar olan il var, güclü uşaqlar olan il var»

Bəzi məktəblərin direktorları isə səbəbi izah etməkdə çətinlik çəkirlər, bəzən də günahı şagirdlərdə, valideynlərdə görürlər. Məsələn, Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 139 saylı məktəbin direktoru İntizar İsmayılova günahı şagirdlərdə, onların qavramasında görür: «Sadəcə, uşaqlar eyni cür qavrama qabiliyyətinə malik deyillər. Bəlkə qavramada zəiflik var, bəlkə başqa rayonda təhsil çox yüksək səviyyədə keçir?.. Bizim məktəb də yüksək təhsil səviyyəsinə malikdir, həmişə rayon üzrə 5-6-cı yerdə oluruq. Yerimiz stabildir, daha yaxşı göstəricilər üçün çalışırıq. Hər bir halda bu göstəricilər də onunla bağlıdır ki, zəif uşaqlar olan il var, güclü uşaqlar olan il var. Necə ki, qizlar çox doğulan, ya oğlan çox doğulan il olduğu kimi, bilikli, savadlı uşaqlar doğulan il də olur, geridə qalan uşaqlar doğulan il də olur. Bu ola bilər».

Orta məktəb dərsliklərinin səviyyəsi sizi nə dərəcədə qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Lökbatanda Neftçi Qurban adına 288 saylı məktəbin direktoru Saleh Quliyevsə problemi «kontingent»lə bağlayır: «Bu ərazidə yaşayanlar kirayədə qalanlardır, müvəqqəti gələnlərdir. Valideynlərin savadsızlığı, təhsillərinin az olması ilə əlaqədardır. Müxtəlif səbəblər ola bilər. Qaradağ rayonunda müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə əksər rayonlardakından yüksəkdir. Biz indi hamımız, müavinlər, psixoloq, idarə rəhbəri toplanmışıq, müzakirə edirik ki, nazirliyin qarşımızda qoyduğu prioritet məsələlər həllini tapsın və növbəti ildə Qaradağ rayonu ən güclülər sırasında olsun».

«Görünür, göstəricilər zəifdir ki, siyahıda son üçlükdə yer tutmuşuq». – Xəzər rayonu Buzovna qəsəbəsindəki 33 saylı məktəbin direktoru Rafiq Əliyev belə deyir. Burda, əsasən, məcburi köçkünlər təhsil alır.

«Mənim üç şagirdim instituta girib, amma pulluya düşüblər deyə, oxumurlar»

«Xəzər rayonunda elə məktəblər var ki, onların dedikləri məktəblərdən də yuxarı nəticə göstərir. Amma ümumi hesablayırlar, yəqin buna görə zəifdir. Bizdə qəbul faizi 60, 80, 90 faiz olub, amma bu il zəifdir, haradasa qırx neçə faizdir. Həmin müəllimlərdir, heç nə dəyişməyib. İndi olur da... Şagirdin yaxşı oxuyanı da olur, pis oxuyanı da... 50 faiz pis deyil ki? Stajlı direktor kimi deyirəm, 50 faiz yaxşı göstəricidir, qəbul faizi 20-30 faiz olar mənim aləmimdə. Biz burda şəxsiyyət yetişdiririk, onları formalaşdırırıq. Orta məktəbdə uşaqları vətənpərvər yetişdiririk, vətəni, dövləti, prezidenti, valideyni, müəllimi sevməyi öyrədirik. Burda təkcə savad vermirik. Həmişə çalışırıq yüksək nəticə göstərək. Amma belə də olur. Mənim üç şagirdim instituta girib, amma oxumurlar, pulluya düşüb, pulu yoxdur. 301 balla kollecdə oxuyur uşaqlarımız, halbuki 200 balla institutda oxuyanlar var. Bunu tək məktəbin üstünə yıxmaqla deyil. Valideynlərin də sosial vəziyyətini nəzərə almaq lazımdır. Bunlara görə də bəzi rayonlarda statistika aşağı olur», – R.Əliyev söyləyir.

Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin direktoru Elvin Səlimov isə hesab edir ki, rayon üzrə təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının səbəbini bu sahəni araşdıran qurumlar izah etməlidir: «Təhsillə bağlı vəziyyət haqda bu hesabatı hazırlayan qurum özü danışmalıdır».

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyeva konfransda deyib ki, buraxılış imtahanlarının nəticələrinə görə, son 4 ildə məktəblərin geriləməsinin və ya inkişaf etməsini təhlil ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG